Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2713/2024 03.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı "xxxx" MMC cavabdeh X3 qarşı zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 5000 manat məbləğində dəymiş zərərin, onun yerinə ödənilmiş 100 manat cərimənin və ödənilmiş 72 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. İddiaçının dəlilləri İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC olaraq Cavabdeh ilə 14 fevral 2024-cü ildə nəqliyyat vasitəsinin 1418 nömrəli icarə müqaviləsi imzalanmışdır. İcarəyə verən olaraq müqaviləyə əsasən **-XY-*** (buraxılış ili 2013-ci il sedan rəngi: gümüş metallik) qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomobili icarəyə verilmişdir. İcarəçi isə həmin avtomobili qəbul etmiş və müqavilədə qeyd edilən şərtlərlə imza ataraq razılaşmışdır. Müqavilənin ikinci maddəsinə əsasən avtomobilin icarəsi hər təqvim günü 65 (altmış beş) manat məbləği təşkil etdir. Həmin müqavilənin üçüncü maddəsinə əsasən avtonəqliyyat vasitəsi 14 fevral 2024-cü ilin saat 11:47-dən götürülmüş sayılır və 16 fevral 2024-cü ilin saat 11:47-dək təhvil verilməli idi. Lakin cavabdeh 15 fevral 2024-cü il tarixdə 17:20 radələrində Sumqayıt şəhəri ərazisində avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən dayandırılmış və dayandırılaraq aşkar olunmuşdur ki, avtomobili icarəyə götürmüş şəxs yoc, X12 idarə etmişdir. X7 isə sürücülük hüququ verilməmişdir. Həmin yol nəqliyyat hadisəsinə aid Cavabdeh qarşı Qubadlı rayonu polis mayoru X1 Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Həmin an sükan arxasında olan X5 isə İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Nəqliyyat vasitəsinin icarə müqaviləsinin şərtləri və vəzifələrinin 2.10-cu maddəsinə əsasən icarəçi mübahisəsiz qaydada razılaşır ki, icarəyə götürülmüş olduğu avtomobili idarə edilməsi üçün digər şəxsə versə, icarəyə verənə 5000 (beş min) manat məbləğində cərimə ödəməlidir. Maşına yazılan 100 (yüz) manat cərimə də Cavabdeh tərəfindən şirkətə ödənilməmişdir. Dəfələrlə bununla bağlı cavabdehə şifahi və yazılı olaraq bildirilsə də, cavabdeh onlarla əlaqə saxlamamış və cərimə ödəməkdən imtina etmişdir. Odur ki, müqavilənin şərtlərinə uyqun olaraq dəyən zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, "xxxx" MMC-nin təsisçisi və direktorudur. xx.xx.2024-cü il tarixdə cavabdeh Elcan Abbasov, dostu Riyadla birlikdə MMC-yə yaxınlaşaraq avtomobil icarəyə götürmək istəmişdir. Qaydalara uyğun olaraq Elcanın sənədlərinə baxış keçirilmiş və ona icarə müqaviləsi əsasında avtomobil icarəyə verilmişdir. Müqavilənin şərtləri barədə həmçinin şifahi olaraq da məlumat verilmişdir. Bundan əlavə cavabdehə avtomobili başqa şəxslərə verdiyi təqdirdə cərimə olunacağı barədə ən azı 3-4 dəfə bildirilmişdir. Cavabdeh də onlarla razılaşmış və avtomobili özü üçün istədiyini, özü idarə edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə MMC-nin işçisi olan Nuru adlı əməkdaş çatdırılma üçün Sumqayıt şəhərinə gedərkən, onlara məxsus avtomobilin YPX əməkdaşları tərəfindən saxlanılmasını görmüş, özü də ora yaxınlaşmış və orada avtomobili Elcan Abbasovun deyil, başqa şəxsin idarə etməsini görmüşdür. Bu barədə ona məlumat vermişdir. Bundan başqa icarə müqaviləsində icarəyə götürən şəxsin müqavilənin şərtləri və qaydaları ilə tanış olması barədə bənddə də qeyd vardır ki, icarəyə götürən həmin bəndlərlə tanış olduğunu imzası ilə təsdiq etmişdir. Sonda Nümayəndə1 iddianın təmin edilməsini xahiş etdi. Etirazın dəlilləri Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, iddianı qəbul etmir, iddiaçının heç bir sübutu yoxdur və rədd olunmalıdır. Belə ki, o, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “Hyundai Elantra” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili 2 günlük icarəyə götürmüşdür. Lakin sonradan dostu X11 onun xəbəri olmadan avtomobili götürmüş və idarə edərkən polis tərəfindən saxlanılmışdır. Onun barəsində xx.xx.2024-cü il tarixli qərarla 100 manat cərimə edilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli qərarla özü də 60 manat cərimə edilmişdir. Hazırda iddiaçı ona qarşı 5000 manat maddi ziyan tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Halbuki, ona heç bir maddi ziyan vurmamışdır. İddiaçı tələbinin əsası kimi icarə müqaviləsinə əlavə olunan müqavilə şərtləri və istifadə qaydalarına istinad edir, lakin həmin qaydalara baxdıqda görünür ki, onun imzası və adı həmin şərtlərin əks olunduğu hissədə yoxdur, iddiaçının tələbinin əsası olan həmin qaydaları imzalamamışdır və başqa qaydada qəbul etməmişdir, ümumiyyətlə tərəf qismində belə adı yazılmamışdır. Buna görə də həmin qaydalar üzrə öhdəlik daşıya bilməz. Müqavilə münasibətlərində tərəflər müqaviləni imzalamalı və təsdiq etməlidirlər, o, imzalamadığı və xəbəri belə olmadığı müqavilə üzrə məsuliyyət daşımır. Həmin sənəd ümumiyyətlə avtomobili götürərkən ona verilməmişdir, əgər verilmiş olsaydı onu oxuyardı, həmin şərtlə razı olmazdı. Lakin, hazırda imzası və adı olmadan bir sənəd məhkəməyə təqdim edərək ondan pul tutulması qanunsuzluqdur, buna görə də iddia əsassızdır. Həmçinin, onu müəyyən psixoloji problemləri vardır, əslində iddiaçı onun sağlamlıq vəziyyətini yoxlayaraq ona avtomobil verməlidir. Lakin, iddiaçı qanunsuz olaraq hazırda ondan pul tələb edir. İddiaçı təşkilatın avtomobilini götürdüyü vəziyyətdə ona qaytarmış və avtomobilə hansısa ziyan vurmamışdır, buna görə də hazırkı iddia tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək iddia ərizəsinə etirazda qeyd edilən xüsusatlara uyğun izahat vermişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, cavabdeh onun oğludur. X17 nevroz xəstəliyindən əziyyət çəkir. Bu hadisədən sonra o, çox narahatçılıq keçirmiş, səhhətində problemlər yaranmışdır. Onun oğlunun dostu olan Riyad Şirvanov ondan xəbərsiz avtomobili qaçırmışdır. Bundan başqa, iddiaçının tələb etdiyi 5000 manat cərimə, Elcanın imza etdiyi müqavilədə deyil, əlavə imzasız olan tərəflərin hüquq və vəzifələrində qeyd edilmişdir. Həmin sənəddə isə ümumiyyətlə imzalar yoxdur. Odur ki, iddianın rədd edilməsi xahiş olunur. Əvvəlki məhkəmə iclasında cavabdeh X8 iddianı qəbul etməyərək iddia ərizəsinə etirazda qeyd edilən xüsusatlara uyğun izahat vermişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu Riyadla birlikdə "xxxx" MMC-yə gedib icarəyə avtomobil götürmüşdür. Müqaviləyə imza etmiş, lakin hazırda iddiaçının tələb etdiyi 5000 manat cərimə barədə olan hissə barədə məlumatı olmamış və belə bir sənədə imza etməmişdir. Bundan başqa Riyad maşını ondan icazəsiz götürüb idarə edərkən, Sumqayıt şəhərində YPX əmədaşları tərəfindən saxlanılmışdır. Bu zaman "xxxx" MMC-nin işçisi olan Nuru adlı şəxs də elə həmin an onların yanına yaxınlaşmışdır. Hesab edir ki, ola bilər "xxxx" MMC-nin işçisi qəsdən özləri onları izləmiş, bəlkə də polisə elə özləri bu barədə xəbər etmişlər. Bundan başqa hadisədən sonra ondan 300 manat pul müqabilində, bu məsələlərin həll ediləcəyi də MMC tərəfindən ona bildirilmişdir. Lakin o, bu təklifdən imtina etmişdir. Hesab etmişdir ki, avtomobili saz vəziyyətdə onlara qaytarmışdırsa, niyə onlara əlavə pul verməlidir? Həmçinin özü və dostunun törətdiyi inzibati xətaya görə qanun çərçivəsində cərimə edilmişlər. Odur ki, iddinın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq, belə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə olunmuş 14 fevral 2024-cü il tarixli, 1418 nömrəli “Nəqliyyat vasitəsinin icarə müqaviləsi”-ndən görünür ki, "xxxx" MMC X3 **-XY-*** (buraxılış ili 2013ci il sedan rəngi: gümüş metallik) qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomobili icarəyə vermiş, icarəçi isə həmin avtomobili qəbul etmiş və müqavilədə qeyd edilən şərtlərlə imza ataraq razılaşmışdır. Müqavilənin ikinci maddəsinə əsasən avtomobilin icarəsi hər təqvim günü 65 (altmış beş) manat məbləği təşkil edir. Həmin müqavilənin üçüncü maddəsinə əsasən avtonəqliyyat vasitəsi 14 fevral 2024-cü ilin saat 11:47-dən götürülmüş sayılır və 16 fevral 2024-cü ilin saat 11:47-dək təhvil verilməlidir. xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İXM-in 332.1, 332.2 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-in 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. 01 mart 2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC 5000 manat cərimənin ödənilməsi barədə X3 xəbərdarlıq etmişdir. Üç gün ərzində borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi berədə xəbərdarlıq edilmişdir. Əsaslandırma hissəsi Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilənin hüquq və vəzifələrin əks olunduğu hissəsi ilə cavabdeh lazimi qaydada tanış edilmədiyindən iddiaçının ondan vurulmuş maddi ziyanın tələb etməsi hüququ yaranmamışdır. İşin faktiki halları ilə müəyyən olunur ki, "xxxx" MMC (bundan sonra Cəmiyyət) ilə cavabdeh X8 arasında avtomobilin iki günlük icarəyə verilməsinə dair 14 fevral 2024-cü il tarixdə icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən “Hyundai Elentra” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti istifadəsinə verilmiş, növbəti gün avtomobil başqa şəxslər tərəfindən istifadə edildiyindən polis əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra avtomobil alındığı kimi saz vəziyyətdə icarəyə verənə qaytarılmışdır. Qeyd edilən hal işin mübahisə edilməyən halları kimi müəyyən edilmişdir. Tərəflər arasında mübahisə hallar isə avtomobilin icarəyə verilməsinə dair bağlanmış müqavilənin şərtləri ilə bağlı olmuşdur. Belə ki, şirkət iddia edərək bildirmişdir ki, avtomobilin icarəsi müqaviləsininin 2.10-cu bəndində icarəçi “icarəyə götürdüyü avtomobili idarə edilməsi üçün digər şəxsə verərsə, icarəyəverənə 5000 (beş min) manat cərimə ödəməli olması ilə” bağlı öhdəlik götürmüş, lakin üzərinə götürdüyü bu öhdəliyi pozaraq avtomobili başqa şəxsə vermişdir. İddiaçı müqavilə tərəflərinin hüquq və vəzifələrinin əks olunduğu şərtlərinin cavabdeh tərəfindən imzalanmadığına münasibətdə isə qeyd etmişdir ki, müqavilənin qeyd edilən şərtlərinin göstərildiyi vərəqləri imzalamadığını təsdiq etmiş, lakin həmin şərtlərin müqavilənin əsas vərəqinin üzərində həkk edilmiş QR Kodda (Quick Response code - mənası "tez cavab" və ya "çevik cavab" deməkdir, ikiölçülü ştrix-kod növüdür") göstərildiyini, cavabdehin həmin QR koda daxil olaraq müqavilənin şərtlərlə tanış olduğunu və ad, soyadını yazıb müqavilənin əsas səhifəsini imzaladığını bildirmişdir. Cavabdeh isə ümumiyyətlə müqavilənin üzərində həkk edilmiş QR koda daxil olmadığını, müqavilənin yalnız əsas səhifəsini imzaladığını, ona QR koda daxil olub müqavilə şərtləri ilə tanış olması üçün heç nə deyilmədiyini bildirmişdir. Məhkəmə qeyd edilən hüquq mübahisənin həlli üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də icarə müqaviləsidir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir (Mülki Məcəllənin 417.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında, həmçinin göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Göründüyü kimi, iddiaçı nəqliyyat vasitəsini icarəyə verilməsinə dair müqavilənin şərtləri ilə cavabdehi ətraflı şəkildə başa düşülən qaydada tanış etməmiş, sadəcə olaraq müqavilənin birinci səhifəsini imzalatmaqla səhifənin üzərində QR kodunu yerləşdirməklə kifayətlənmişdir. Halbuki, iddiaçının müqavilənin qeyd edilən şərtlərini əyani formada cavabdehə təqdim etmək, eləcə də QR koduna daxil olaraq icarəçini tanış etmək üçün imkanları olmuşdur. Məhkəmə hesab edir ki, müqavilənin 2.10-cu bəndində “avtomobilin başqa şəxsin istifadəsinə verildiyi halda, 5000 manatın ödənilməli olması ilə bağlı” nəzərdə tutulmuş şərti içarəçinin vəziyyətini əhəmiyyətli dərəcədə çətin vəziyyətə saldığından etibarsız hesab edilməlidir. Həm də ki, icarəçi müqavilənin qeyd edilən şərti ilə lazimi qaydada tanış edilməmişdir. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.(Mülki Məcəllə 420) Müqavilə üzrə zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb) da etibarsızdır (MM 420.3.5) Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin İcarə müqaviləsinə dair normalarında qarşı tərəfə verilmiş əşyanın istifadə qaydalarının pozulmasına və yaxud başqa şəxsə verilməsinə görə heç bir zərər vurulmadığı halda, icarəyə verən şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb hüququnun yarandığı nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 700.3-cü maddəsində qeyd edilmişdir ki, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. (MM 683.1) Əşya istifadə üçün hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. (MM 683.3) Göründüyü kimi, kirayə verənin iradəsi ziddinə əmlak başqa şəxsə verildikdə kirayə verənin müqaviləni ləğv etmək hüququnun yarandığı göstərilmiş, üçüncü şəxslərə verildikdə isə əmlaka hər hansı formada zərər vurularsa o halda məsuliyyətinin yarandığı göstərilmişdir. Buna baxmayaraq, iddiaçı müqavilə sərbəstliyindən istifadə edərək cavabdehi lazimi qaydada aydın formada tanış etmədən onun hüquqlarını əhəmiyyətli şəkildə pozan müqavilə şərtinə istinad etməklə, avtomobilə hər hansı formada ziyan dəymədiyi halda, hüquqdan sui-istifadə edərək əsassız tələblə məhkəməyə müraciət etmişdir. Həm də qeyd edilməlidir ki, QR kodda göstərilmiş məlumatlarla tanış olmaq üçün elektron vasitələrdən istifadə edilməsi zəruridir, belə olan halda Konstitusiya Məkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən mövqeyə əsasən elektron qaydada müqavilə şərtləri ilə tanış olma ilə bağlı elektron imzalardan istifadə edilməli idi. Lakin, göründüyü kimi qeyd edilən vasitələrdən istifadə edilməmiş, yalnız müqavilənin birinci səhifəsi icarəçi tərəfindən sadə əlyazma yolu ilə imzalanmışdır. Məhkəmə iddiaçının ərizədə qeyd etdiyi X6 əvəzinə ödədiyi 100 manat cərimənin cavabdehdən tutularaq ona verilməsi tələbi ilə bağlı bildirir ki, iddiaçının, eyni zamanda cavabdehin Riyad Şirinovun barəsində tərtib edilmiş protokol üzrə cəriməni ödəmək öhdəliyi yaranmamışdır. Belə ki, şəxsə yazılmış cəriməni özü ödəməli idi, lakin iddiaçı öz istəyi ilə həmin cəriməni ödəmişdir. Belə olan halda, iddiaçının inzibati protokol üzrə ödədiyi 100 manat pulu X4 tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2713/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2713/2024
03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver