Məhkəmə qərarları › İş №2(050)-274/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-274/2025

21.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-274/2025 21.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı «atalığa dair mübahisənin açılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə doğulmuş X3 dair doğum qeydinin və həmin qeyd əsasında Masallı rayon Qeydiyyat şöbəsində açılmış atalığın müəyyən edilməsi barədə xx.xx.2023-ci il tarixli akt qeydinin və həmin qeyd əsasında verilmiş doğum haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 06 mart 2023-cü il tarixdə doğulmuş X1 bioloji atası olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü ildə Masallı rayonunda anadan olmuşdur. Masallı Rayon Qeydiyyat Şöbəsində xx.xx.2023-cü ildə açılmış 457134 saylı atalığın müəyyən edilməsi akt qeydinə əsasən Cavabdeh doğulmuş xx.xx.2023-cü il təvəllüdlü Əli adlı oğlan uşağının atası kimi o göstərilmiş, ata qrafasında onun adı qeyd olunmuşdur və həmin uşağa onun soyadı verilmişdir. Halbuki o, Cavabdeh ilə nə faktiki, nədəki rəsmi evli olmamışdır. Cavabdeh ilə hər hansı bir münasibəti olmamışdır. xx.xx.2023-cü ildə Cavabdeh doğulmuş Əli adlı oğlan uşağının atası o deyil. Onun başqa qadınla rəsmi nikahı var və həmin qadındanda bir övladı doğulmuşdur. Onda olan məlumata görə Cavabdeh əvvəllər bir neçə dəfə evli olmuşdur. Əvvəlki evliliklərindən uşağı vardır. Onunla bir neçə dəfə yemək və çay süfrəsində söhbətləşmişdir. Onunla heç vaxt cinsi münasibəti olmamışdır. Həmçinin iki ilə yaxındr ki, onunla ümumiyyətlə görüşmür. Ona hamilə olduğunu və bətnində olan uşağın atası olmağını bildirdi. Bu adam ona hədə-qorxu gələrək, o münasibətini valideyinlərinə və həyat yoldaşına bildirəcəyindən ehtiyat edib, məcburiyyət qarşısında qalaraq uşağa atalıq vermişdir. Halbuki, uşağın atası o deyil. Hesab edir ki, məhkəmə tərəfindən obyektiv araşdırma aparılarsa həqiqət ortaya çıxacaqdır. Uşaq onun olmaya-olmaya nəyə görə o, onun atası kimi qeyd olunmalıdır, uşağın əsl atası kimdirsə oda uşağın atası kimi qeyd olunmalı və bir valideyn kimi öhdəsinə düşən öhdəliklərini yerinə yetirməlidir. Cavabdeh ondan yaşca çox böyükdür. Onun belə bir işdə adının hallanmasını istəmir. Bununla bağlı Qeydiyyat şöbəsinə müraciət etmiş lakin şöbədən imtina edilərək məhkəməyə müraciət etməyi barədə hüquqları izah olunmuşdur. Ona görə də, atalığa dair mübahisənin açılması və akt qeydinin ləğv edilməsi barədə iddia ərizə ilə mücariət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi 06 mart 2023-cü il tarixdə doğulmuş X1 bioloji atası olmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. iş materiallarında olan: atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, 06 mart 2023-cü ildə Lənkəran şəhərində andan olmuş Cavabdeh doğulmuş X2 atası İddiaçı hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 xx.xx.2025-ci il tarixli, 37/2025-TBŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, uşağın mənşəyinin təyin olunmasına görə qan, ağız suyunun tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: ana Cavabdeh qrup göstəriciləri: A/İİ/,N, Rh: D/+/,C/+/, c/-/,E/-/, e/+/, Kell/-/. Ağız suyunun tədqiqinə görə "ifraz edənlər" kateqoriyasına aiddir. Güman olunan ata İddiaçı qrup göstəriciləri: B /İİİ/, MN, Rh: D/-/ C/-/, c/+/, E/-/,e/+/ Kell/-/. Ağız suyunun tədqiqinə görə "ifraz edənlər" kateqoriyasına aiddir. Uşaq - X1 qrup göstəriciləri: B (İİİ), N, Rh: D/+/, C/+/, c/+/, E/-/, e/+/, Kell/-/. Ağız suyunun tədqiqinə görə "ifraz edənlər" kateqoriyasına aiddir. Yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən İddiaçı ekspertizaya təqdim olunmuş X4 adlı uşaq barəsində atalıq faktı inkar olunmadı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.1-ci maddəsinə əsasən bu məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2-ci maddəsinə əsasən bu məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. 163.1-ci maddəyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. 97.4-1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Mülki işin halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə doğulmuş X1 bioloji atası olmadığına dair məhkəmədə iddia qaldırmış, sübut kimi cavabdehin başqa şəxslərlə olan evliliklərini göstərmişdir. Məhkəmə araşdırılması zamanı qeyd edilən halın dəqiqləşdirilməsi üçün bioloji ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyi ilə İddiaçı ekspertizaya təqdim olunmuş X4 adlı uşağın bioloji atası olması faktı təsdiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «atalığa dair mübahisənin açılması» barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, müvafiq ekspert rəyi ilə müəyyən olunur ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2023-cü il təvəllüdlü X1 atası İddiaçı olması inkar olunmadığından, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «atalığa dair mübahisənin açılması» barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar