Məhkəmə qərarları › İş №2(050)-2762/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2762/2023

03.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2762/2023 03.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 1460 manat və ödənilmiş dövlət rüsumuna görə 34.60 manat, cəmi 1494.60 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, istifadəsində olan “VAZ 21074” markalı nəqliyyat vasitəsi ilə Masallı rayonu, Mahmudavar kəndi ərazisində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “VAZ 21144” markalı nəqliyyat vasitəsi ilə onun yoluna çıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinmiş və Masallı Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilmişdir. Hadisə nəticəsində onun avtomobili tamamilə yararsız vəziyyətə düşmüş və tam olaraq istismara yararsız olması müəyyən olunmuşdur. Bununla bağlı “Avtoservis” T.X.S Masallı tərəfindən 27 mart 2023-cü il tarixli arayış verilmiş və avtomobilin dəyəri 6000 manat, metallom qiyməti 1000 manat və avtomobilə dəymiş ziyanın ümumi məbləği 5000 manat müəyyən edilmişdir. Hadisəyə görə sığorta şirkəti maşına dəyən ziyana görə 3540 manat pul ödəmiş, qalan 1460 manat ziyan ödənilməmişdir. Hesab edir ki, qalan 1460 manat ziyan ona cavabdeh tərəfindən ödənilməlidir. Lakin cavabdeh tərəfindən dəymiş ziyan ödənilməmişdir İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1096.1, 1097.1 və 1108.1-ci maddələrinə istinad etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. Avtomobilinə dəymiş ziyana görə ona sığorta şirkəti tərəfindən 3540 manat, sağlamlığı ilə bağlı dəymiş ziyana görə 750 manat sığorta ödənişi edilmişdir. Sığorta şirkəti tərəfindən onunla əlaqə saxlanılaraq, sığorta ödənişinin məbləği ona bildirilmiş, o, da həmin məbləğ ilə razılaşmış və bundan sonra sığorta ödənişi edilmişdir. Sığorta məbləği ilə razılaşmasına səbəb qarşı tərəfin qalan pulun tanışı Fəxrəddin adlı şəxsin vasitəsi ilə onun tərəfindən ödənilməsi ilə bağlı vədi olmuşdur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Avtomobili sığortalı olmuşdur. Avtomobili sığortalı olduğundan dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilməli idi və ödənilmişdir. Belə ki, sığorta şirkəti tərəfindən iddiaçının avtomobilinə dəymiş ziyana görə 3540 manat, sağlamlığı ilə bağlı dəymiş ziyana görə 750 manat sığorta ödənişi edilmişdir. Əgər iddiaçı sığorta ödənişinin məbləği ilə razı deyildirsə, sığorta ödənişinin məbləğini mübahisələndirərdi. Verilmiş sığorta məbləğinə görə o, məsuliyyət daşımır və cavabdehə heç bir vəd verməmişdir ki, ona əlavə ödəniş ediləcəkdir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin teleqramla müraciət edərək, işi ilə əlaqədar Bakı şəhərində olduğunu, Fərahimə sığorta ödənişi ala bilmədiyi təqdirdə avtomobilinin təmir ediləcəyini bildiriməsini və sonuncunun sığorta ödənişi aldığını göstərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın nəticə hissəsində göstərilir ki, “...toplanmış materialda Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd ediməli, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “VAZ 21144 minik” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin maddə ilə barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin DYPB-yə göndərilməli, qərarın surəti tərəflərə göndərilməklə qəbul edilmiş qərardan narazı olduqları halda prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüquqlarının olması onlara izah edilməli, qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Masallı rayon prokurorluğuna təqdim edilməlidir.” “Avtoservis” T.X.S Masallı tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli arayışda göstərilir ki, “VAZ-21074” markalı, B 8** EO *** RUS dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 6000 manat, metallom qiyməti 1000 manat və avtomobilə dəymiş ziyanın ümumi məbləği 5000 manatdır. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 3(050)- 599/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşin araşdırılması ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş, iddiaçının avtomobilinə dəymiş zərər sığorta şirkəti tərəfindən 3540 manat məbləğində qiymətləndirilmiş, iddiaçı həmin məbləğlə razı olmuş və sığorta ödənişi olaraq həmin məbləği almışdır. İcbari sığorta qanunvericilik əsasında həyata keçirilməklə, cəmiyyətin mənafelərinin təmin edilməsi üçün hüquqi və fiziki şəxslərin sığorta maraqlarının məcburi qaydada sığorta edilməsidir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 922.1ci maddəsində qeyd edilmişdir ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.19-cu maddəsinə əsasən, sığorta hadisəsi - icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Eyni zamanda “İcbari sığortalar haqqında" Qanunun 13.1 və 13.2-ci maddələrində qeyd edilmişdir ki, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 52.1-ci maddəsinə görə, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Beləliklə, sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5 000 manat məbləğində müəyyən edilmişdir. Mülki Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. “İcbari sığortalar haqqında” Qanun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. İcbari sığorta qanunvericilyinə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə razı olmadığını iddia etsə də, ziyan məbləği sığortaçı tərəfindən müəyyən edilərkən bu hüququnu sığortaçıya bildirməmişdir. Yəni, iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə razılığını bildirərək, sığorta ödənişini almışdır. İcbari sığorta qanunvericiliyinə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni, sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqilyyat hadisəsi zamanı avtomaşınına 5000 manat ziyan vurulmasını hesab etmişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Lakin iddiaçı bu hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar