Məhkəmə qərarları › İş №2(050)-2768/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2768/2025

09.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2768/2025 09.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 3721.46 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub 11 saylı X3 Mərkəzinin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 11 saylı X3 Mərkəzinin Yeyənkənd meşəbəyliyinin 9 saylı meşə dolayının gözətçisi X1 verdiyi yazılı məlumatı əsasında Mərkəzin əməkdaşları tərəfindən 17 yanvar 2025-ci il tarixdə Mərkəzin Yeyənkənd meşəbəyliyinin 9 saylı meşə dolayında araşdırma aparılan zaman Masallı rayonu Qəriblər kəndində yaşayan Cavabdeh qanunsuz ağac kəsərək X5 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 3941.46 manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Qanunvericiliyə edilmiş son dəyişikliklərdən sonra qanunsuz ağackəsmə əməlinin Cinayət Məcəlləsinin təsir dairəsinə düşməsi üçün dövlətə 5000 manat zərər dəyməlidir. Masallı rayon Polis Şöbəsində aparılan araşdırma zamanı toplanmış materialda cinayət tərkibi olmadığından Masallı rayonu Qəriblər kəndində yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilməsi və onun əməlində Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək Masallı RPŞnin İTB-yə göndərilmişdir. Eyni zamanda Masallı RPŞ-nin İTB-də Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə, 97/2-10663/25 saylı məktubla 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2025-ci il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. xx.xx.2025-ci il tarixlərdə Cavabdeh vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin Cavabdeh vurduğu zərərdən 220 manat ödəsə də, 3721.46 manat ödənilməmiş qalmışdır. İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin mövqeyi: Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ərazidə istirahət mərkəzi işlədən Elvin Şükürov adlı şəxsin ərazini onu təmizləmək üçün dəvəti əsasında getmişdir. Həmin ərazidə Elvinin göstərdiyi bir ədəd ağacın budaqlarını budamışdır. Orada ondan əvvəl kəsilmiş digər ağaclar olmuşdur. Həmin ağacları o, kəsməmişdir. Polis şöbəsində verdiyi izahatında da ağacları kəsmədiyini bildirmişdir. Hesab edir ki, onun heç bir təqsiri olmamış, məsuliyyəti istirahət mərkəzini idarə edən şəxs daşımalı idi. Lakin, Elvin Şükürov hazırda vəfat etmişdir. Buna baxmayaraq, dəymiş ziyandan 220 manat ödəniş etmişdir. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tətqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir: Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli 004526 saylı aktın surətindən görünür ki, Mərkəzin Qəriblər meşəbəyliyinin 9 saylı meşə dolayında araşdırma aparılan zaman Masallı rayonu Qəriblər kəndində yaşayan Cavabdeh Qəriblər meşəbəyliyinin 9 saylı meşə dolayında yerləşən “Turan” istirahət mərkəzinin ərazisində motorlu mişarla ağac kəsməsi faktı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli 004526 saylı aka əsasən dəymiş ziyanın hesablanması haqqında cədəldən görünür ki, 7 ədəd palıd cinsindən olan ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın cəmi 3941.46 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 11 saylı RMTM tərəfindən “Turan” istirahət mərkəzində xx.xx.2025-ci il tarixdə 7 ədəd palıd cinsli ağacın kəsilməsinə görə Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN1787153 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında nümayəndə tərəfindən təqdim edilmiş poçt xəbərnamələrindən görünür ki, müvafiq sənədlər şəxsən Cavabdeh çatdırılmışdır. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Meşə Fonduna dəymiş 3721.46 manat ziyanın ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Masallı rayonu Qəriblər kəndində yaşayan Əliyev X2 meşəbəyliyinin 9 saylı meşə dolayında yerləşən “Turan” istirahət mərkəzinin ərazisində motorlu mişarla 7 ədəd ağacı kökündən kəsərək təbiətə 3941.46 manat məbləğində maddi zərər vurmuşdur. Bununla bağlı araşdırma aparılaraq barəsində inzibati tənbeh tətbiq edilərək inzibati məsuliyyətə cəlb edilmiş, o, həmin qərardan şikayət etməmiş, hazırda həmin qərar qanuni qüvvəyə minmişdir. Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, bir ədəd ağacın yalnız budaqlarını kəsmiş, digər ağacları kəsməmişdir. Cavabdeh hesablanmış maddi ziyandan hal-hazıradək 220 manatı ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən normada inzibati məsuliyyətlə bağlı qəbul edilən qərarla bağlı qeyd olmasa da, şəxsin yol verdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilməsi onun qeyd edilən əməli törətməkdə təqsirli olmasını göstərir. Cavabdeh iddianı qismən qəbul edərək yalnız bir ədəd ağacın budaqlarını kəsdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh 7 ədəd ağacın qanunsuz kəsilməsi ilə bağlı Masallı Rayon Polis şöbəsində qəbul edilmiş cinayət işininin rədd edilməsi haqqında qərardan və həmin qərar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət etməmiş, həmçinin vurulmuş ziyana görə hesablanmış pulun 220 manatanı məhkəmə araşdırmasınadək ödəmişdir. Bu onu göstərir ki, cavabdeh həmin qərarları mübahisələndirməyərək, eyni zamanda hesablanmış borcdan 220 manatı ödəməklə həmin qərarlarla razılaşmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən qanunazidd hərəkəti ilə vurulmuş maddi ziyan arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçının tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin olunduğuna görə iddianın qiyməti olan 3721.46 manat üçün ödənilməli olan 57.21 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə vurulmuş ziyana görə 3721.46 manat pul alınaraq iddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin hesabına ödənilsin. Ödənilməli olan 57.21 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar