Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2776/2025 02.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borca görə 6600 manat və dəymiş ziyana görə 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, məcburi köçkündür və hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh onun iş yoldaşıdır, 4 ildir ki, onu tanıyır. Aralarında yaranan iş yoldaşı münasibətinə görə ondan borc pul istəmiş, xx.xx.2024-cü il tarixdə ilk dəfə cavabdehə 3500 manat borc pul vermiş, sonradan isə hissə-hissə olmaqla 2700 manat, ümumilikdə isə 6200 manat cavabdehə borc pul vermişdir. Həmçinin, “Unibank”dan 1000 manat kredit götürdüyü üçün əlavə olaraq da 400 manat faiz ödəyir, həmin pul da cavabdehdən alınaraq ona verilməlidir. Cavabdeh həmin borcu ona hər ay 500 manat olmaqla vaxtaşırı ödəməyi öhdəsinə götürmüş, lakin hazırkı vaxta kimi borcunu qaytarmamışdır. Nəticədə onun borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Onun uşağı əlildir, pensiya alır, özü işləyir və illərlə yığdığı pulu cavabdehə inanaraq ona borc vermişdir. Cavabdehlə danışdıqları zaman onun səs yazılarını mobil telefon vasitəsi ilə qeydə almış, səs yazılarında özü ondan 6600 manat pul almasını etiraf etmişdir. Cavabdeh onun hesabına əsassız olaraq varlanmışdır. Onların arasında yazılı borc müqaviləsi yoxdur, lakin cavabdeh səs yazılarında ona 6600 manat borcu olmasını etiraf etmişdir. Bundan başqa, o, Bakı şəhərində yaşayır, cavabdeh borcu qaytarmadığı üçün borca görə dəfələrlə Masallı rayonuna gəlmiş, oteldə qalmış, yol xərci çəkmiş və əlavə olaraq ona 500 manat maddi ziyan dəymişdir. Cavabdehin hərəkəti nəticəsində ona ziyan dəydiyi üçün həmin pul da cavabdehdən alınaraq ona verilməlidir. Cavabdehə borcun qaytarılması barədə dəfələrlə xəbərdarlıq etmiş, lakin cavabdeh borcu qaytarmamışdır. Odur ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Əvvəkli məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin mövqeyi: Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, bildirdi ki, İddiaçı ayrıayrı vaxtlarda 6600 manat borca pul almışdır. Borcunu maddi imkanının olmaması səbəbindən tam olaraq ödəyə bilmir. Lakin imkanı çatan qədər borcundan hissə-hissə ödəyəcəkdir. İddia tələbinin mənəvi ziyanla hissəsini isə qəbul etmir. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Məhkəmə iclasında iddiaçı tərəfindən CD diskə baxış keçirilmiş, CD diskdə olan İddiaçı ilə Cavabdeh arasında olan telefon danışıqlarından məlum olur ki, Cavabdeh İddiaçı 6600 manat borc aldığını etiraf edərək, maddi vəziyyətinin yaxşı olmadığını bildirərək, ona olan borcunu hissə-hissə ödəyəcəyinə dair vədlər vermişdir. Əsalandırıcı hissə: Məhkəmədə işə baxılarkən işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ayrıayrı vaxtlarda müxtəlif məbləğlərdə şifahi qaydada razılaşaraq cavabdehə borca pul vermiş, tərəflərin arasında yazılı qaydada müqavilə bağlanmamışdır. Cavabdeh borcu qaytara bilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçıya 6600 manat borcunun olduğunu etiraf edir, lakin mənəvi zərərlə bağlı iddia tələbini qəbul etmir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan borca pul almaqla zahirən tərəflərin arasında borc münasibətlərinin yarandığı görünsə də, müqavilənin bağlanma formasına riayət edilmədiyindən qeyd edilən mübahisə ilə bağlı “borc müaviləsinə” dair normalar tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, borc müqaviləsi adlandırılır. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi, heç bir müqavilə olmadığı halda, cavabdeh iddiaçının pulunu ələ keçirməklə, əsas olmadan varlanmışdır. İşin hallarından göründüyü kimi, 3000 manatdan artıq məbləğ borc məqsədi ilə cavabdehə verilsə də, tərəflərin arasında yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. Ona görə də qeyd edilən mübahisənin hüquqi əsası kimi Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı normaları deyil, əsassız varlanma ilə bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə Cavabdeh X1 heç bir əsas olmadan 6600 manat pulu alması cavabdeh tərəfindən təqdim edilmiş telefon danışıqlarına dair səs yazıları, eyni zamanda cavabdehin verdiyi izahatı və digər sübutlarla təsdiq edilmişdir. Odur ki, məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, 6600 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə 500 manat mənəvi ziyan tələbinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı plenum qərarında əks edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı mənəvi ziyan tələbi ilə müraciət etsə də, mənəvi zərərin ona vurulmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən səbəblərdən iddiaçının iddia ərizəsində göstərdiyi mənəvi ziyanla bağlı tələbi təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, ödənilməli olan 86 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6600 (altı min altı yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilməli olan 86 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2776/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2776/2025
02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver