Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2794/2024 03.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, tərəflər qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, sonradan nikahlarını rəsmiləşdirmişlər. Rəsmi nikahlarından iki övladları olmuşdur. Övladları xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5r. Münasibətləri pozulduğundan Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaqları onun himayəsində saxlanılmış, cavabdehdən bir uşağa görə 120 manat, cəmi 240 manat alimentin tutulması qət edilmişdir. Müəyyən edilmiş alimentlə uşaqlarının tələbatını ödəyə bilmir. Həmçinin uşaqlarından Səkinə Təhməzova yetkinlik yaşına çatdığından onun alimenti dayandırılmışdır. Cavabdehin övladı Aynur Təhməzovaya görə ödədiyi 120 manat aliment isə onun heç bir tələbatını qarşılamır. Özü xəstəliyi ilə əlaqədar işləyə bilmir. Maddi vəziyyətləri olduqca aşağıdır. O və uşaqlarının təminatını qardaş və bacıları təmin edir. Cavabdeh Rusiya Federasiyasında yaşayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, maddi vəziyyəti olduqca yüksəkdir, lakin bilərəkdən aliment pulunu ödəmir. Onun barəsində Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən beynəlxalq axtarış da verilmişdir. Cavabdehdən alimentin artırılmasını məhkəmədən kənar xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh övladları xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 120 manat alimentin miqdarının artırılaraq, bir uşaq üçün 1000 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehin aliment borcu da vardır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Şəxsiyyət vəsiqəsindən görünür ki, atası X7 14 dekabr 2008-ci ildə doğulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1989/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00468 saylı arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər ailə qurmuş, birgə yaşadıqları dövrdə xx.xx.2006cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(050)-1989/2021 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Masallı Rayon Məhkəməsinin 21 noyabr 2014-cüci il tarixli, 2(050)-2439/2014 saylı qətnaməsi əsasında tutulan 85 manat aliment məbləğinin artırılaraq hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Səkinə Təhməzova yetkinlik yaşına çatmışdır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, xx.xx.2008-ci il təvəllüdlü X7 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Uşaqların saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(050)-1989/2021 saylı qətnaməsi ilə hər ay 120 manat sabit pul məbləğində aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşağın yaşı ilə bərabər, onların sosial və maddi təlabatları da artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(050)-1989/2021 qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2794/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən hesablanmaqla hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(050)-1989/2021 saylı qətnaməsi ilə 14 dekabr 2008-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində müəyyən olunmaqla Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2794/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2794/2024
03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver