Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2800/2024 08.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh borc aldığı 4950 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun, cəmi 5020 (beş min iyirmi) məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh ona dəymiş ziyana görə 1270 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 1340 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, aralarında olan razılaşmaya əsasən özünə məxsus “Prius” markalı avtomobili hər ay 330 manat ödəməklə 5940 manata Cavabdeh satmış və bununla bağlı Bakı şəhəri 8 saylı notariat ofisində 26 mart 2024-cü il tarixdə kredit müqaviləsi bağlamışlar. Cavabdeh 3 ay ona pul ödədikdən sonra ödənişləri dayandırmışdır. Bu barədə cavabdehlə danışdıqda sonuncu pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də məcbur olub Masallı rayonuna gəlmiş və avtomobilini yararsız halda görmüşdür. Bundan sonra avtomobili evakuatorla Bakı şəhərinə aparmış və orada müayinə zamanı avtomobilə 1270 manat zərər vurulduğu müəyyən olunmuşdur. Həmçinin İddiaçı məhkəməyə ərizə təqdim edərək Bakı şəhərində yaşamasını və yolunun uzaq omasını nəzərə alaraq məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirib iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 26 mart 2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 5940 manat məbləğində pulu borc verməyi, cavabdeh isə aldığı borc məbləğini 26 sentyabr 2024-cü il tarixədək ayda 330 manat olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər. - Cavabdeh məhkəmə hazırlıq iclası zamanı təqdim etdiyi ərizəsindən görünür ki, vurduğu maddi ziyana görə 1270 manat və dövlət rüsumuna görə 70 manatın ondan alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdeh tərəfindən etiraf etməsinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanuna zidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbədən cavabdehin iddianı etiraf etməsini qəbul edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli, hüquqa zidd əməli (qanunsuz hərəktləri) nəticəsində İddiaçı maddi zərər dəymişdir. Məhz bu səbəbdən də cavabdehdən vurulmuş zərərə görə 1270 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 70 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 1270 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 1340 (bir min üç yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-2800/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2800/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver