Məhkəmə qərarları › İş №2(050)-2801/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2801/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2801/2024 29.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Əskərəlı oğluna qarşı yük daşıma ilə əlaqədar qalan pulun alınması tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasına, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əskərəlı oğluna qarşı yük daşınması ilə əlaqədar ödənilməmiş qalan cəmi 3114 manat pul və ödənilmiş 52 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayonu Tüləgüvan kəndində yaşayır. Evlidir, 3 nəfər azyaşlı uşaqları vardır. Ailəsinin maddi ehtiyacını təmin etmək məqsədi ilə sürücü işləyir. Belə ki, Cavabdeh Əskərəli oğlu qayınatasına məxsus olan MAN markalı **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükləri xarici dövlətlərə daşıyıb, əvəzində ona zəhmət haqqı ödənilmişdir. Aralarında olan razılaşmağa görə maşınla yük daşımaya görə 700 ABŞ dolları, xarici dövlətdə qaldıqları hər günə, yəni İran İslam Respublikasında qaldığı hər günə görə 20 manat, Rusiyada qaldığı hər günə görə 27 manat və Belarusiya qaldığı hər günə görə 27 manat pul ödəməli idi. Belə ki, İran İslam Respublikasına yük daşıdığına görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi İranda cəmi 24 gün qalmışdır. Bundan əlavə Ruisyaya yük daşıyıb orada xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi cəmi 62 gün Rusiyada qalmışdır. Belarusiyada cəmi 22 gün qalmışdır. Beləliklə, Cavabdeh İranda qaldığı hər günə 20 manat verməli olduğu halda 10 manat vermiş, Rusiyada qaldığı 62 günün hər gününə 27 manat verməli olduğu halda 18 manat vermiş, Belarusiyada 170 manat maaş verməli olduğu halda borcu qalmışdır. Ümumiyyətlə Cavabdeh ona borcu 3114 manat ödənilməmiş qalmışdır. Cavabdeh qeyd edilən borcun ödəməkdən yayındığı üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Bütün şirkətlərdə sürücülərə getdikləri xarici ölkədə qaldığı günlərə görə verilən əmək haqqından əlavə ödənişlər olunur. Cavabdeh isə onun qardaşına qaldığı günlər üçün pul ödəməmişdir. Aralarında olan müqavilədə göstərilən günlərə görə pulun ödənilməsi haqqında öhdəliklər qeyd edilmir. Tələb olunan ödənişlər tərəflər arasında şifahi razılığa əsasən həyata keçirilir. Bu bütün daşıma şirkətlərində eyni formadadır. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsinin izahatını, mülahizə və dəlillərini dinləyib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan İddiaçı məxsus xarici pasportun surətindən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında ölkəni tərk etmiş və geri qayıtmışdır. 24797 nömrəli Avtonəqliyyat vasitəsinin Beynəlxalq daşımalara buraxılış kartından görünür ki, MAN markalı, **-CF-*** dövlət qeydiyyat yük maşınına xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək beynəlxalq yükdaşımasına icazə verilmişdir. AZ№10423 nömrəli, 13 aprel 2023-cü il tarixli Avtomobil nəqliyyatı ilə Beynəlxalq daşımalara buraxılış vəsiqəsindən görünür ki, fiziki şəxs X2 13 aprel 2026-cı il tarixədək beynəlxalq yükdaşımasına icazə verilmişdir. 19 iyul 2023-cü il tarixli müqavilədən görünür ki, “Xəlilov.V.Q” firmasının direktoru X3, yük avtomobilinin sahibi Cavabdeh və yük avtomobilinin sürücüsü İddiaçı arasında MAN TG 18.410 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı (KRONE markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı qoşqu) avtomobillə yüklərin daşınması barədə müqavilə bağlayaraq, öz üzərlərinə qarşılıqlı olaraq öhdəliklər götürmüşlər. İddiaçı tərəfindən əl yazısı ilə aparılmış qeydlərdən görünür ki, iddia ərizəsində qeyd edilmiş onun yük daşıdığı günlər və ödəniləcək pul məbləğləri ilə bağlı hesabatlar aparılmış və son nəticə olaraq cavabdehin ona 3114 manat qalıq borcu olduğu qeyd edilmişdir. İşin faktiki hallarına və tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, tərəflərin arasında ümumi qaydada yükün daşınması ilə bağlı müqavilə bağlanmış, müqavilənin məzmununda konkret olaraq hər hansı marşurut üzrə yük daşınması ilə bağlı hüquq və vəzifələr göstərilməmiş, ümumi şərtlər nəzərdə tutulmaqla, yük daşınması ilə əlaqədar xərclər barədə tərəflərin arasında qarşılıqlı razılıq yolu ilə həll edilməsi imkanı göstərilmişdir. Sürücü Ağayev X1 Elmin Əsgərəli oğluna məxsus yük avtomobili ilə yük daşımışdır. Müqavilədə xərclərin ödənilməsi barədə heç bir qeyd aparılmamışdır. Bunu iddiaçının özü də etiraf edir. Həmçinin iddiaçı onun yük daşıdığı dövrlərdə xərcləri barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı normalarına əsasən: 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 777.1. və 777.2.-ci maddələrə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1.-778.3-cü maddələrə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. 782.1. və 782.2.-ci maddələrə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Məhkəmə iddiaçının iddia tələbində göstərdiklərini əsaslandıra bilməməsi ilə yanaşı, tələbin əsası kimi istinad etdiyi hallarla bağlı verdiyi izahatının ziddiyyətli olduğunu qeyd edərək göstərir ki, iddiaçı ona cavabdehin İran İslam Respublikasında qaldığı hər günə görə 20 manat, Rusiyada qaldığı hər günə görə 27 manat və Belarusiya qaldığı günlərə görə 170 manat pul ödəməli olması ilə bağlı bildirmiş, İranda 24 gün qalmış, hər gün üçün ona 10 manat, Rusiyada 27 gün qalmış, hər gün üçün 18 manat, Belarusiyada qaldığı müddət ərzində 170 manat verilməli olduğu halda, ona pulun tam verilmədiyini göstərmiş, iddiaçının qeyd etdiklərinə əsasən qeyd edilən məbləğin 968 manat olduğu müəyyən edilmişdir. Lakin, iddiaçı səbəbini izah etməməklə ümumilikdə 3114 manat borcunun yarandığını qeyd etmişdir. Qeyd edilənlərlə yanaşı, iddiaçı təbinin əsası kimi ona qeyd edilən pulların ödənilmədiyini göstərsə də, cavabdehlə qeyd edilən ölkələrdə qaldığı müddət ərzində konkret olaraq hansısa məbləğə razılaşdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, cavabdehin iddiaçı ilə yükün daşınması üçün hansı məbləğlə bağlı razılaşdığını, pulu iddiaçıya əskik verib-vermədiyini müəyyən etmək mümkün deyildir. Bütün bunlar göstərir ki, İddiaçı iddia tələbini əsaslandıra bilməmiş, iddia tələbinin dəlillərinə uyğun olaraq sübutları məhkəməyə təqdim etməmiş, ziddiyyətli izahatlar verərək özünə haqq qazandırmağa çalışmışdır. Belə ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, iddia üzrə tələbin əsaslarını təsdiq edən mötəbər və təkzibolunmaz dəlillər təqdim olunmamış və iddia üzrə tələb sübuta yetmir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar