Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-281/2023 21.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc pul tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək cavabdehlərdən borclu olduqları 4000 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cari ilin iyun ayında nəvəsi Nazilə Bağırovanın qaynanası Cavabdeh3 ona müraciət edərək oğlu Cavabdeh1 nəvəsi Nazilə ilə birlikdə İran İslam Respublikasına getməsi üçün pul lazım olduğunu demiş və 10000 manat borc pul istəmişdir. O, əvvəlcə onlara borc pul verməsə də, sonradan Ülkərlə yanaşı əri Arzuman oğlu Hüseynə də müraciət edib borc pul istəmişdir. Oğlu Hüseyn də ona zəng edərək bankdan kredit götürüb onlara borc verməyini tapşırmışdır. O, da "xxxx" ASC-dən 4500 manat kredit götürüb, onun 4000 manatını Məhəmmədə vermişdir. Qeyd olunan pulu Məhəmmədə borc olaraq onun valideynlərinin xahişinə görə vermişdir. Məhəmmədin valideynləri pulu istədiklərindən və qaytaracaqlarını vəd etdiklərindən, nəvəsi də Məhəmmədin həyat yoldaşı olduğundan ailənin dağılmaması üçün o, qeyd olunan pulu Bankdan götürüb cavabdehlərə vermişdir. Lakin onlar həmin pulu qaytarmamışlar. Sonradan isə məlum olmuşdur ki, X15 Respublikasına tək getmiş, Naziləni aparmamışdır. Hətta Nazilənin bir sıra əşyalarını da satmışdır. O, verdiyi pulu istədikdə cavabdehlər həmin pulu ona qaytarmamışlar. Məcburiyyət qarşısında qalaraq Masallı RPŞ-yə müraciət etmişdir. Orada araşdırma zamanı da ondan cavabdehlərin qeyd olunan məbləği borc almaları təsdiq olunsa da, mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. Cavabdehlərə borca verdiyi 4000 manat pul ilə bağlı yazılı əqd olmasa da, onlar Masallı RPŞ-də verdikləri izahatlarında bunu etiraf etmişlər. O, cavabdehlərə borc verməklə onlar isə həmin borc pulu ona qaytarmağı öhdəsinə götürməklə onların aralarında borc müqaviləsi bağlanmışdır. Lakin o, öhdəliyini yerinə yetirsə də, cavabdehlər öhdəliyini yerinə yetirməmişdir. Cavabdehlərə verdiyi pul vəsaitindən məhrum olmağı nəticəsində ona ziyan dəymişdir. Cavabdeh ondan borc aldığı pulu hazırkı vaxta kimi qaytarmamışdır, nəticədə pulundan məhrum olmuşdur. Bu ona vurulmuş zərər hesab edilir və həmin zərərin əvəzi tam şəkildə ona ödənilməlidir. Həmçinin, cavabdehlərin öhdəliyi könüllü yerinə yetirmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və bundan ötrü dövlət rüsumuna görə 60 manat pul ödəmişdir. İddiaçı tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 21, 442 və 448-ci maddələrinə istinad etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, tələb edilən 4000 manat pul onun olmuş, həmin pulu oğlu kişi olduğu üçün ona vermişdir ki, Məhəmmədə o, versin. Məhəmməd də bilirdi ki, pul onundur. Nəvəsi və Məhəmməd onlarda olan zaman oğlu Hüseyn ailə üzvlərinin yanında 4000 manat pulu Məhəmmədə vermişdir. Həmin vaxt orda Arzuman və Ülkər olmamışdır. 4000 manat pulu həm borc, həm də nəvəsi ailənin gəlini olduğu üçün X11 Respublikasında ev alması üçün vermişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. 24 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, nəvəsi Nazilə ilə Məhəmməd ailə həyatı qurmuşdur. Nazilənin gəlin köçdüyü 7 gün olardı qaynanası Ülkər onlara gəlib bildirmişdir ki, oğlu X15 Respublikasında təhsil alır, orada ev almaq istəyir, pulu yoxdur, 7-8 min manat pul ver. Birinci dəfə pul verməmişdir. Nəvəsini qoymamışlar onlar ilə danışsın. Nəvəsi demişdir ki, pul verilmədiyinə görə onu incidirlər. Nəvəsi zəng edərək, ailəsinin dağılmamasını istəyirsə bunlara pul verilməsini xahiş etmişdir. "xxxx" ASC-dən 4500 manat kredit götürüb oğlu Hüseynə 4000 manat vermişdir ki, Məhəmmədə pulu versin. Məhəmmədi və Nazilə evə qonaq çağırılmış, həmin vaxt oğlu Hüseyn Məhəmmədə 4000 manat pulu vermişdir. Məhəmməd pulu götürüb İran İslam Respublikasına getmişdir. Gedərkən nəvəsi Naziləni aparmamışdır. Nəvəsi Nazilə də Məhəmməd ilə İran İslam Respublikasına getdiyi və ya onlar mehriban yaşadıqları təqdirdə pulu tələb etməyəcəkdi. Məhkəmədə Nazilə ilə Məhəmmədin nikahın pozulması barədə iş var. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı onun həyat yoldaşı Nazilənin nənəsidir. Onunla Nazilə xx.xx.2022-ci il tarixdə ailə həyatı qurmuşdur. O, Nazilənin dayısı Hüseynə bildirmişdir ki, İran İslam Respublikasında ev almaq istəyir, pul lazımdır. Qarşı tərəf bildirmişdir ki, düzələr. Toylarından sonra ilk dəfə qız evinə arvadı ilə qonaq getmişdir. Həmin vaxt Hüseyn ona 4000 manat pul vermişdir. Hüseyn pulu verəndə bildirmişdir ki, işlərini gör, pulu qaytarmağa etiyac yoxdur. Pul ona borca verilməmişdir. O, da pulu götürmüşdür. Sonradan pulu da götürüb İran İslam Respublikasına getmiş, orada pulun bir hissəsinə məişət əşyaları almış, bir hissəsini isə kirayə evə görə vermiş, sonradan aldığı əşyaları da satmışdır. Beləliklə pul xərclənmişdir. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, ona pul verilməyib. Pulun verilməsində nə iştirak edib, nədə ki, ona həmin puldan verilib. Sonda Cavabdeh2 iddianın ona aid hissədə rədd edilməsini xahiş etdi. Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxslərə pul verilməyib. Onlar pulun verilməsində nə iştirak ediblər, nədə ki, onlara həmin puldan verilib. Sonda Vəkil iddianın hüquqlarını müdafiə etdiyi şəxslərə münasibətdə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 oğlu ifadəsində göstərdi ki, İddiaçı anası, Cavabdeh1 bacısı qızı Nazilənin həyat yoldaşı, digər cavabdehlər isə bacısı qıznın qaynanası və qaynatasıdır. Məhəmməd ona bildirmişdir ki, İran İslam Respublikasına getmək istəyir, 5000 manat pul lazımdır. O, da Məhəmmədə qaytarmaq şərti ilə evlərində təşkil olunmuş qonaqlıq zamanı şəxsən 4000 manat pul vermişdir. Pul anası Mərgam xanıma məxsus olmuşdur. Sadəcə olaraq kişi olduğu üçün anası pulu ona vermişdir ki, Məhəmmədə o, versin. Anası pulu "xxxx" ASC-dən kreditə götürmüşdür. Pulu Məhəmmədə verəndə demişdir ki, pul anasınındır və borca verilir. Məhəmməd ailənin kürəkəni olduğundan o, da əvvəlcədən bilirdi ki, pul anasınındır, kredit götürülüb və qonaqlıq zamanı pul veriləcək. Məhəmməd 4000 manat pulu qəbul edərək, qaytacağını bildirmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında arayışdan görünür ki, Bağırov X4 Nazilə Elçin qızı arasında Masallı Rayon Qeydiyyat şöbəsində 18 avqust 2022-ci il tarixdə bağlanmış nikah, 75 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Bağırov(a) soyadı verilmişdir. Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, 4000 manat Hüseyndən almışam və həmin pul ona İrana getmək üçün hədiyyə olaraq verilib. İddia ərizəsinin üzərindəki qeyddən görünür ki, X2 Məhəmməd Arzuman oğluna qarşı nikah qeydinin pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisə edilməyən tərəfi ondan ibarətdir ki, X1 Mərgam Allahverdi qızının nəvəsidir, X8 ilə Cavabdeh1 arasında nikah bağlanmış, qohumluq münasibətlərinə görə Cavabdeh1 4000 manat pul verilmişdir. Pulun verilməsi ilə bağlı yazılı müqavilə bağlanmamışdır. İcraatda iddiaçı X5 Cavabdeh1 qarşı nikah qeydinin pozulması tələbi barədə mülki iş var. İddiaçı iddia edir ki, 4000 manat pul borca verilmiş, tərəflər arasında borc münasibətləri yaranmış, tələbinin hüquqi əsası kimi iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh isə iddia edir ki, verilmiş 4000 manat pul borc yox, hədiyyə olaraq verilmişdir. Məhkəmə qeyd edir ki, verilmiş 4000 manat pulun borc olaraq verilməsi sübuta yetirilməmişdir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740). Tərəflərin arasında münasibətlərin borc münasibətləri olmadığını iddiaçının 24 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında vermiş olduğu izahatı da təsdiq edir. Belə ki, qeyd edilən tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, “...Məhəmməd pulu götürüb İran İslam Respublikasına getmişdir. Gedərkən nəvəsi Naziləni aparmamışdır. Nəvəsi Nazilə də Məhəmməd ilə İran İslam Respublikasına getdiyi və ya onlar mehriban yaşadıqları təqdirdə pulu tələb etməyəcəkdi.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında göstərilir ki, “...Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. İşin araşdırılması zamanı təsdiqlənmişdir ki, pul verilərkən niyyət bağışlamaq olmuşdur. Bunu iddiaçının verdiyi izahatı da təsdiq edir. Həmçinin, pulun tələb edilməməsi sonradan X5 Cavabdeh1 qarşı nikah qeydinin pozulması tələbi barədə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçının xx.xx.2022-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət etməsi də nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, verilmiş 4000 manat pul hədiyyə olaraq verilmişdir. Pulun verilməsinə səbəb qohumluq münasibətlərinə görə gənc ailənin həyat şəraiti ilə bağlı olmuşdur. Mülki Məcəlləyə müvafiq olaraq bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (666.1). Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər (666.2). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında göstərilir ki, “...MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur.” Cavabdeh bildirmişdir ki, hədiyyə olaraq verilmiş 4000 manat pulu götürüb İran İslam Respublikasına getmiş, orada pulun bir hissəsinə məişət əşyaları almış, bir hissəsini isə kirayə evə görə vermiş, sonradan aldığı əşyaları da satmış, beləliklə pul xərclənmişdir. Məhkəmə pulun Cavabdeh2 və Cavabdeh3 tələb edilməsinə münasibətdə bildirir ki, onların iddiaçı qarşısında nə qanun, nə də müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən borclu olduqları 4000 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-281/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-281/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver