Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2873/2024 17.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Zabil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Zabil oğluna qarşı vurulmuş ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Zabil oğlundan ona vurduğu 2000 manat ziyanın və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, torpaq islahatı zamanı ona ailə üzvləri ilə birlikdə 1.27 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətlərində olması barədə JN 865 Kod 80500038 saylı Dövlət Aktı da vardır. Onlara verilən torpaq sahəsində “Yonca” bitkisi əkib becərir və hər il həmin yonca sahəsini biçib, otu satıb qazanc əldə edir və bununla ailəsinin dolanışığına fayda vermiş olur. Hər il həmin sahədə əkdiyi yonca bitkisindən yaxşı pul əldə edir. Həmçinin həmin yonca otunun yaxşı bitməsi məsuldar olmasından ötrü hər il torpaq sahəsinə azot gübrəsi səpir. Həmin azot gübrəsinədə müəyyən məbləğdə pul ödəyir. Cavabdeh həmkəndlisidir. Cavabdehin şəxsi təsərrüfatlarında mal-qaraları vardır. Cavabdeh həmin mal-qaranı otarmağa sahəyə buraxır. Cavabdehin mal-qara saxlamasına etiraz etmir. Lakin, cavabdehin saxladığı mal-qaranı otarması nəticəsində onun şəxsi təsərrüfatında olan 1.27 hektar torpaq sahəsində əkdiyi yonca otunu otlayıb və yonca sahəsini yararsız hala salaraq əkilmiş yonca otunun məhv olmasına səbəb olmuşdur. Cavabdehin bu səhlənkar hərəkətləri nəticəsində ona 2000 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyanın tam dəqiq hesablanması ilə bağlı DAİM-ə müraciət etmişdir. Lakin, həmin təşkilatdan X7 publik hüquqi şəxsə və Nazirlik sistemindəki elmi-tədqiqat institutlarına müraciət etməyi tövsiyə olunmuşdur. Hesab edir ki, iş üzrə ekspertiza təyin olunsa daha məqsədə müvafiq olacaqdır. Cavabdehə məxsus mal-qaranın otlaması nəticəsində ona vurulmuş ziyanın qaytarılması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətlərinə məhəl qoymayaraq ona dəymiş ziyanı qaytarmır. Həmçinin bununla bağlı polis şöbəsinə də müraciət etmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Zabil oğlu iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək etirazında göstərmişdir ki, İddiaçı tərəfindən məhkəmədə ona qarşı qaldırılmış “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəs ilə tanış olmuşdur. İddia tələbi ilə razı deyil, iddianı qəbul etmir. Belə ki, iddiaçı ərizəsində ona məxsus mal-qaranın, iddiaçıya məxsus 1.27 ha torpaq sahəsində əkilmiş bitkisini otlayıb, həmin sahəni yarasız hala salmasını göstərərək, bitki örtüyünün məhv olmasını və ona ümumilikdə 2000 manat ziyan vurulmasını göstərərək, həmin məbləğin və iddia tələbi üzrə onun tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun ondan alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının göstərdiyi kimi ona məxsus ot sahəsini onun mal-qarası məhv etməmişdir. Doğrudur ki, onun təsərrüfatında mal-heyvan vardır. Lakin, onlar nəzarət altında saxlanılır və kimsəyə zərər vurmalarına imkan verilmir. Hazırkı halda tələbkarın iddia etdiyi kimi ona vurulan ziyan onun təsərrüfatda olan heyvanlar tərəfindən deyil, onun tərəfindən 3-4 ay əvvəl Neftçala rayonu, Qarabucaq kəndi, Qazax Bərəsi sakini Cəfər adlı şəxsə satdığı heyvanlar tərəfindən vurulmuşdur. Tələbkar özü də bunu bilir. Cəfər ona satdığı heyvanları rayonunun Hacıtəpə kəndində yaşayan bacısının təsərrüfatında saxlayır. Hadisədən bir neçə gün əvvəl Cəfər ona zəng edərək heyvanların harasa yox olduqlarını bildirdikdə, ona narahat olmamasını, heyvanları onların ərazisində axtarmasını tövsiyə etmişdir. Çünki satılan mal-qara başsız və nəzarətsiz qaldıqda əksər hallarda əvvəlki məskəninə dönür. Heyvanlar Məhəmmədin təsərrüfatına ziyan vuran zaman ona bu məsələ ilə əlaqədar bildirdikdə həmin heyvanların ona məxsus olmadığını və tərəfindən Neftçala rayonu, Qarabucaq kəndi, Qazax Bərəsi sakini Cəfər adlı şəxsə satıldığını bildirmişdir. Hesab edir ki, tələbkar ona qarşı iddia irəli sürməklə iddianı iddiaya cavab verməli olmayan şəxsə qarşı vermişdir. Qeyd etdiyi səbəbdən və Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsini tələbinə uyğun olaraq mübahisə üzrə əsl olmayan tərəfin əvəz edilməsi barədə məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabadehin ferması vardır. Onun heyvanları ona məxsus yonca sahəsini məhv etmişdir. İki ay həmin sahədən məhsul götürə bilməmişdir. Təkcə onun deyil, bir çox kənd sakinlərinin sahələrini cavabdehin mal-qarası məhv etmişdir. Bələdiyyə akt tərtib edərkən cavabdeh özü də orada olmuş, həmin heyvanlar cavabdehə təhvil verilmiş, lakin bələdiyyə sədri ilə qohum olduğundan, ona akta imza etdirməmişdir. Həmçinin video və fotolarda 4 ədəd heyvan görünsə də, bir neçəsi onlardan qabaq sahəni tərk etdiyindən onları çəkə bilməmişdir. Təxminən 11 baş heyvan onlar sahəyə gələndə oradan getmişdir. Cavabdehin heyvanların ona məxsus olmamasını bildirməsi tamamilə yalandır. Cavabdehin dediyi Cəfər adlı şəxslə danışmış, Cəfər ona heyvanların onun olmamasını demişdir. Bundan başqa həmin heyvanlar sahələrin arasında olan kanalları da məhv etmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Zabil oğlu iddianı qəbul etməyərək, etiraz ərizəsinin məzmunana uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, onun ferması vardır. İddiaçının torpaq sahəsi onun fermasında 1.5 kilometr aralıda yerləşir. Bələdiyyə sədri onu sahəyə çağırdığı vaxt ora getmiş və satdığı malların sahədə olmasını görmüşdür. Həmin heyvanları satdığı şəxslə dostluq münasibətləri olduğundan heyvanları özü təhvil alaraq özü ilə aparmışdır ki, sonradan heyvanları həmin şəxsə qaytarsın. Səhəri gün gəlib heyvanlarını aparmışlar. Sonda F.Z.Qurbanov iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qızılağac kənd Bələdiyyəsinin sədri işləyir. İddiaçı xx.xx.2024-cü il tarixdə səhər saatlarında onu sahəyə çağıraraq Cavabdeh heyvanlarının onun sahəsinə girməsi və yonca bitkisinin məhv etməsini bildirmişdir. Bu zaman o, Firuzu da həmin yerə çağırmışdır. Firuz heyvanları başqa bir tanışına satdığını, onları özü ilə aparıb yiyəsinə qaytaracağını bildirmişdir. Həmin zaman sahəyə gedərkən orada 4 ədəd heyvan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala rayonunda yaşayır. Cavabdeh Zabil oğlunu tanıyır. Ondan heyvan almışdır. Heyvanları aldıqdan sonra Hacıtəpə kəndində yaşayan bacısıgildə saxlamışdır ki, bir müddət ondan istifadə etsinlər. Həmin heyvanları yaz aylarında, təxminən aprel, may ayı aralığında almışdır. Aldıqdan bir müddət sonra heyvanlar itmişdir. Sonra Firuza zəng etmişdir. Firuz ona demişdir ki, heyvanları tapmış və ona gəlib aparmasını demişdir. Həmçinin heyvanların bir nəfər şəxsin yerinə girməsini və heyvanları onlardan aldığını bildirmişdir. Heyvanları birlikdə birini 1500 manatdan olmaqla, ümumilkdə 6000 manata almışdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Torpağa mülkiyyət hüququna” dair JN-865 Kod 80500038 saylı Dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarı ilə İddiaçı, X3, X2, X4 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.27 hektar torpaq sahəsi verilmişdir. DAİM-nin 08 avqust 2024-cü il tarixli, məktubundan görünür ki, İddiaçı dəymiş ziyanın hesablanması ilə bağlı DAİM-ə müraciət etmişdir. Lakin həmin təşkilatdan X7 publik hüquqi şəxsə və Nazirlik sistemindəki elmi-tədqiqat institutlarına müraciət etməsi tövsiyə olunmuşdur. Masallı RPŞ-nin xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, İddiaçı xx.xx.2024cü il tarixlərdə DİN 102 zəng mərkəzi sisteminə ünvanladığı müraciətlərə baxılmışdır. Qaldırılan məsələnin həlli mülki xarakterli olduğundan Masallı rayon Qızılağac kənd sakini Cavabdeh Zabil oğluna qarşı mülki qaydada məhkəməyə müraciət etməsi hüququnun olması izah edilmişdir. Masallı rayon Qızılağac bələdiyyəsinin sədri Şahid1 və Masallı rayon Qızılağac kənd sakini İddiaçı birgə tərtib etdikləri və imzaları ilə təsdiq etdikləri xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qızılağac kənd sakini Cavabdeh 4 baş iri buynuzlu inək heyvanı İddiaçı mülkiyyətində olan 1.75 ha paybəlli torpaq sahəsində əkdiyi yonca sahəsində otladığını görmüşlər. X7 PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3-22-21/2-99/2024 saylı məktubundan görünür ki, yonca bitkisi ilə bağlı ünvanlanmış müraciətə Kənd Təsərrüfatı Nazirliyi tabeliyində X5 aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq, Kənd Təsərrüfatı Nazirliyinin X10 İnstitutunun və X13 İnkişaf Mərkəzinin mütəxəssislərindən əldə edilmiş məlumatlara əsasən yonca bitkisi əkin ilindən {yaşından}, suvarma sayından, mövsümün iqlim şərtlərindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində may ayından oktyabr ayınadək 4-5 dəfə biçilə bilir. 2024-cü il ərzində yonca bitkisinin 1 presinin sahədən satış orta qiyməti 3.00-3.60 manat olub. Eyni zamanda yığım mövsümündən sonrakı dövrlərdə orta satış qiyməti 5.0-7.0 manat/pres arasında dəyişir. Həçminin sahə mütəxəssislərindən alınmış məlumata görə yonca sahəsindən məhsul yığımı 1-ci biçində 250-300 pres/ha, 2-ci biçində 200-250 pres/ha, 3-cü biçində 150-200 pres/ha, 4-cü biçində 100-150 pres/ha-ya qədər dəyişə bilir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmişdir. CD diskdəki foto və videogörüntülərdə 1 ədəd sarı-ağ qarışıq rəngli, 2 ədəd qızrmızı rəngli və 1 ədəd qara rəngli iribuynuzlu heyvanın (inək) yonca əkilmiş sahədə otlaması öz əksini tapmışdır. Mülki işə baxılarkən işin faktiki halları ilə müəyyən edilmişdir ki, 4 ədəd iribuynuzlu heyvan iddiaçının yonca əkdiyi sahəyə girərək, 1.27 hektar torpaq sahəsində əkilmiş yonca bitkisini otlamaqla yararsız hala salmışdır. Qeyd edilən hal işin mübahisə edilməyən halıdır. İşin mübahisəli halı isə cavabdeh həmin heyvanların ona məxsus olmadığını, 4 ay bundan əvvəl həmin heyvanları dostu Şahid2 satdığını bildirmiş və nəticədə ziyanı onun vurmadığını qeyd etmişdir. Məhkəmə qeyd edilən mübahisənin həlli ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəlləyə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir (maddə 16.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir (maddə 1110). Məhkəmə qeyd edir ki, sadalanan hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcudluğu, bunun təqsirli və qanunsuz hərəkət nəticəsində vurulması, zərərlə belə hərəkət arasında səbəbli əlaqənin olması. Mülki qanunvericiliyin göstərilən müddəalarını işin müəyyən olunmuş faktiki hallarına tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əkdiyi yonca sahəsinin 1.27 ha sahəsinin cabadehin heyvanları tərəfindən yararsız hala salınması nəticəsində iddiaçıya zərər vurulduğundan cavabdehin bununla bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də iddiaçıya dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə cavabdehin izahatında həmin heyvanları dostuna satdığını və iddia tələbinə cavab verməli olan şəxs olmadığını qeyd etməsi ilə bağlı bildirir ki, Cavabdeh həmin heyvanların ona məxsus olmamasını göstərməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Çünki yonca sahəsində həmin heyvanlar aşkar edildikdən sonra Cavabdeh həmin sahəyə gələrək həmin heyvanları özü şəxsən təhvil almış, heyvanları təhvil aldığı zaman heyvanların ona məxsus olmadığını bildirməmiş, bu barədə tərtib edilmiş aktda bu barədə qeydlər aparmamışdır. Halbuki həmin aktın məzmununda heyvanların Cavabdeh məxsus olması ilə bağlı qeydlər aparılmışdır. Eyni zamanda məhkəmə iclasda şahid qismində izahatı alınmış Şahid2 ifadəsinə qiymət verərək qeyd edir ki, Şahid2 Cavabdeh izahatına uyğun izahat versə də, verilmiş suallara cavablarından onun həmin heyvanları Cavabdeh alması ilə bağlı əsaslı şübhələr yaranmışdır. Belə ki, Şahid2 aldığı heyvanların ikisini balası ilə birlikdə, digər ikisini isə tək halda aldığını bildirmiş, həmin heyvanları Cavabdeh hansı qiymətə aldığı ilə bağlı suala birbaşa cavab verə bilməmiş, bir az düşündükdən sonra hər birini 1500 manata aldığını qeyd etmişdir. Balası ilə birlikdə alınan heyvanın qiymətinin digər tək heyvana münasibətdə baha qiymətə olması açıq-aşkar hamıya bəlli olan hal olmasına baxmayaraq, onun vəziyyətdən çıxmaq üçün hər birini eyni qiymətə almasını bildirməsi onun yalan danışdığını təsdiq edir. Bir şəxsin pul qarşılığında aldığı 4 heyvan üçün hər birinə görə nə qədər pul ödəməsini bilməməsi özü-özlüyündə şübhəli vəziyyət yaratmaqla məhkəmədə onun dediklərinin həqiqətə uyğun olmaması qənaətini formalaşdırır. Məhkəmə həmçinin qeyd edir ki, Şahid2 heyvanları saxladığını bildirdiyi məkdandan iddiaçıya məxsus torpaq sahəsinə uzun məsafənin olması alınmış izahatlar zamanı məlum olmuşdur. Bu baxımdan da həmin heyvanların 10-15 km qət edərək iddiaçıya məxsus torpaq sahəsinə gəlməsi inandırıcı görünmür. Bu səbəbdən də məhkəmə həm Cavabdeh heyvanların ona məxsus olmaması ilə bağlı izahatında qeyd etdiklərini, həm də Şahid2 həmin heyvanları Cavabdeh aldığını bildirməsi ilə bağlı izahatında göstərdiklərini həqiqətə uyğun məlumatlar kimi qəbul etmir. Məhkəmə zərərin məbləğinə münasibətdə bildirir ki, iddiaçı vurulmuş ziyanın əvəzi kimi yüksək məbləğdə pul tələb etmişdir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin X10 İnstitutunun və X13 İnkişaf Mərkəzinin mütəxəssislərindən əldə edilmiş məlumatlara əsasən yonca bitkisi əkin ilindən {yaşından}, suvarma sayından, mövsümün iqlim şərtlərindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində may ayından oktyabr ayınadək 4-5 dəfə biçilə bilir. 2024-cü il ərzində yonca bitkisinin 1 presinin sahədən satış orta qiyməti 3.00-3.60 manat olub. Eyni zamanda yığım mövsümündən sonrakı dövrlərdə orta satış qiyməti 5.0-7.0 manat/pres arasında dəyişir. Həçminin sahə mütəxəssislərindən alınmış məlumata görə yonca sahəsindən məhsul yığımı 1-ci biçində 250-300 pres/ha, 2-ci biçində 200-250 pres/ha, 3-cü biçində 150-200 pres/ha, 4-cü biçində 100-150 pres/ha-ya qədər dəyişə bilir. İşin faktiki halları ilə müəyyən edilir ki, heyvanlar yonca sahəsinə 26 iyul 2024-cü il tarixdə ziyan vurmuşlar. Qeyd edilən vaxt daha çox yonca biçiminin təxminən 3-cü biçiminə uyğun gəlir. Mütəxəssis rəyinə əsasən 3-cü biçimdə150-200 presin ola bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə heyvanlar tərəfindən 1 ha torpaq sahəsindən artıq, yəni 1,27 ha torpaq sahəsində olan yoncanı otlamasını nəzərə alaraq, 3-cü biçin ərəfəsində yoncanın yararsız hala salınması nəticəsində həmin biçində əldə edilməsi nəzərdə tutulan maksimum saya, yəni 200 presin dəyəri həcmində iddiaçıya ziyan dəydiyini məqsədəmüvafiq hesab edir. Həmin preslərin hər birinin qiyməti 3 manatdan (200x3 manat) hesabladıqda ümumilikdə 600 manat ziyan dəydiyi müəyyən edilir. İddiaçı yonca sahəsinin otlanması nəticəsində ona 2000 manat məbləğində ziyan vurulduğunu əsaslandıra bilməmiş, izahat verdiyi zaman həmin məbləğə həm də torpaq sahəsinin sərhədində qazdırdığı kanallardan heyvanların keçməsi nəticəsində kanalların dolaraq yararsız hala salınması ilə vurulmuş ziyanı da daxil etdiyini qeyd etmişdir. Halbuki iddia ərizəsində kanalların yararsız vəziyyətə düşməsi ilə bağlı hər hans tələb irəli sürməmiş, sonradan məhkəmə iclasında iştirak etdiyi zaman bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40 manat ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehə, 10 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Zabil oğlundan 600 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində Cavabdeh Zabil oğlundan 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2873/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2873/2024
17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver