Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2890/2024 10.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Cavabdeh X4 ondan 1400 manat borca pul almış, həmin borcdan müəyyən hissəni ödəmiş, hazırda 370 manat məbləğində borcu qalmışdır. Dəfələrlə ondan pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: Cavabdeh X1 370 manat borc pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2021-ci ilin yanvar ayında mülkiyyətində olan avtomobili idarə edərkən qəza törətmiş, yol kənarında olan çayxananı idarə etdiyi avtomobillə vurmuşdur. Bu zaman cavabdeh B.Malıyev ona sığorta şirkətində işlədiyini və ona sığorta məsələsində köməklik göstərəcəyini bildirmişdir. Həmçinin B.Malıyev ona bildirmişdir ki, sığorta çayxananın sahibi Əyyub Tahirovun adına yazılacaq, lakin pulu o özü alacaq, həmin pula həm çayxanaya, həm də maşınına dəymiş ziyanı ödəyə biləcəkdir. Çayxananın təmirinə 480 manat xərci çıxmış, 300 manat isə B.Malıyevə vermişdir. Daha sonra cavabdeh 2021-ci ilin mart ayında ona zəng vurmuş və sığortanın yazılması üçün əlavə 700 manat da verməli olduğunu bildirmişdir. Ümumilikdə 1480 manat xərc çəkmişdir. Lakin sonradan B.Malıyevin onu aldatdığını, ona heç bir sığorta yazılmadığını öyrənmiş və pulunu geri tələb etmişdir. Cavabdeh ayrı-ayrı vaxtlarda ona 330 manat, 450 manat və 250 manat olmaqla, ümumilikdə 1030 manat pul qaytarmışdır. Sonda məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Lakin cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbi əsassızdır. O həqiqətən iddiaçıdan borca pul almamışdır. Həmçinin iddiaçı xəbər vermədən gizli şəkildə onun səsini yazmışdır. Əslində isə o, İddiaçı sakitləşdirmək üçün onunla borcla bağlı mübahisə etməmişdir. İddiaçı ondan polisə də şikayət etmişdir. Masallı Rayon Polis şöbəsində araşdırma aparıldıqdan sonra şikayətin böhtan xarakterli olması səbəbilə şikayətə baxılmamışdır. Odur ki, iddia tələbinin əsassız olmasını nəzərə alaraq, həmçinin iddia müddətini tətbiq edərək, İddiaçı ona qarşı olan pul tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Masallı rayon Polis şöbəsində X2 verdiyi izahatdan görünür: “barəmdə daxil olan məlumatla tanış oldum. Bildirirəm ki, mən ondan pulu borca almışdım. Aramızda heç bir formada vəd olmamışdır. Mən həmin pulu təxminən 1 il qabaq bundan öncə ona ödəmişəm. Onun mənim barəmdə dedikləri şər böhtan xarakterlidir, heç bir əsası yoxdur”. Diskdə olan səs yazılardan görünür ki, tərəflər arasında pul münasibətləri olmuş, cavabdeh B.Malıyev borcunu qaytaracağını bildirmişdir. İşə əlavə edilmiş foto şəkillərdə çayxanaya və avtomobilə ziyan dəyməsi müəyyən edilir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1 və 21.2-ci maddələrinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən müəyyən olunur ki, İddiaçı cavabdeh B.Malıyevə 1400 manat məbləğində borca pul verdiyini və cavabdehin həmin puldan 370 manat borcunun qaldığını göstərmişdir. Lakin məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn münasibətlər olmamış, iddiaçı iddia etdiyi pul məbləğinin bir qismini cavabdehə ona sığorta pulunun alınmasında köməklik göstərilməsi üçün vermişdir. Lakin iddiaçıya hər hansı sığorta ödənişi edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda tərəflər arasında yaranmış münasibətlərə borc müqaviləsi üzrə qanunvericilik normaları əvəzinə yuxarıda sadalanan maddi zərərin vurulması ilə bağlı qanunvericilik normaları tətbiq edilməlidir. Bundan əlavə iddiaçı məhkəmə iclasında izahatında borc kimi cavabdehə verdiyini iddia etdiyi 1480 manatdan 480 manatı qəza nəticəsində çayxanaya vurduğu zərəri qarşılamaq üçün xərclədiyini, qalan 300 və 700 manat pulun cavabdeh B.Malıyevə verildiyini bildirmiş, əlavə olaraq cavabdehin ona 330 manat, 450 manat və sonuncu dəfə 2024-cü ilin yanvarında 250 manat, ümumilikdə 1030 manat pul qaytardığını etiraf etmişdir. Bu halda İddiaçı izahatına əsasən B.Malıyevə 1480 manat deyil, 1000 manat pulun verilmiş olması və cavabdehin İddiaçı 1030 manat geri qaytarması sübuta yetir. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilməsi cavabdeh B.Malıyevin hüquqlarının pozulması ilə yanaşı, İddiaçı əsassız varlanmasına səbəb olardı. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2890/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2890/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver