Məhkəmə qərarları › İş №2(050)-2900/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2900/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2900/2023 27.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 4700 manat məbləğində pul və ödənilmiş 67 manat dövlət rüsumunun, ümumilikdə 4767 manat pulun tutularaq ona verilməsini tələb etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü il tarixində əkin sahəsində sarımsaq əkərək, onun satışı ilə məşğul olmuşdur. Həmin il Masallı rayonunun Təzə Alvadı kəndindən olan Cavabdeh ondan 2 ton sarımsaq alınması ilə bağlı fikrini bildirmişdir. Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı ona 1 kq-ı 2,50 manat olmaq şərti ilə 2 ton sarımsaq satacağını, o da bunun qarşılığında 2 ton sarımsaq üçün 5000 manat pul ödəyəcəyini öhdəsinə götürmüşdür. 2013-cü ildə Cavabdeh 2 ton sarımsağı özünə məxsus göy rəngli “QAZ-2410” markalı avtomobilinə yükləyərək aparmışdır. Sarımsağı yükləyib apararkən narahat olmamağı, 2 ton sarımsağa görə ödəniləsi pulu yaxın günlərdə ödəyəcəyini bildirmişdir. Hətta sarımsaq əkildikdən bir müddət sonra əkin sahəsinə gedib baxılmışdır. Bu xüsusatları hətta qonşuları X4 və X1 da təsdiqləyə bilərlər. Bundan sonra, Cavabdeh ondan aldığı sarımsağa görə müxtəlif vaxtlarda 100 manat və 200 manat olmaq şərti ilə, ümumilikdə 300 manat pul ödəmişdir. Hətta yerdə qalan məbləğin ödənilməsi ilə bağlı evinə gələrək möhlət istəmişdir. Pulu tez bir zamanda qaytaracağını bildirmişdir. Lakin, qeyd olunan tarixdən bu günədək onun tərəfindən yerdə qalan 4700 manat pul ilə bağlı heç bir ödəniş edilməmişdir. Cavabdeh onun etibarından sui-istifadə etmişdir. Sözügedən məsələ ilə bağlı dəfələrlə Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən Cavabdeh məxsus evə gedərək özünə bildirsə də, bugünə qədər heç bir nəticəsi olmamışdır. Hər səfərində yaxın günlərdə ödəyəcəyini bildirərək onu aldatmışdır. Qeyd olunan məsələ ilə bağlı 2015-2016-cı illərdə Masallı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin, müraciətinə rəsmi qaydada cavab verilməmişdir. Sonuncu dəfə bu məsələ ilə bağlı xx.xx.2023-cü il tarixində təkrarən Masallı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin Masallı Rayon Polis Şöbəsinin xx.xx.2023cü il tarixli, 3-13-97/2-21389/2023 saylı cavab məktubuna əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu tövsiyə olunmuşdur. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilən əsaslara uyğun izahat verərək bildirdu ki, atası İddiaçı cavabdeh Oruc Kərəmalıyevə 1 kq-ı 2,50 manat olmaq şərti ilə nisyə 2 ton sarımsaq satmışdır. Buna sübut olaraq bu halın şahidləri, həmçinin Cavabdeh sözügedən məsələ ilə bağlı səs yazısı vardır. Artıq 10 ildir ki, cavabdeh borcunu ödəmir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəfin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarında olan şikayət ərizəsindən görünür ki, İddiaçı mübahisə ilə bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Masallı RPŞ-nin 20 may 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh barəsində pulun qaytarılması barədə şikayətinə cavab olaraq, işin mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bildirişdən görünür ki, İddiaçı Cavabdeh borcunu qaytarmayacağı təqdirdə, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 67 manat dövlət rüsumu ödəmişdir. Tqədim edilmiş səs yazısı sübut kimi məhkəmə tərəfindən tədqiq edilmişdir. Həmin səs yazısı İddiaçı oğlu və nümayəndəsi Nümayəndə ilə cavabdeh Oruc Kərəmalıyev arasında olan telefon danışığından ibarətdir. Diloqda cavabdeh Oruc Kərəməliyev 2 ton sarımsaq məhsulunu əkmək üçün kiloqramı 2 manat almasını, borcdan 300 manat ödənilməsini, qalan məbləği məhsul götürmədiyi üçün ödəmədiyini bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə tərəflər arasında olan dialoqdan ibarət telefon danışıqları barədə diski sübut kimi tədqiq etmiş və iddiaçının həmin sübutu Qanunun tələblərini pozmamaqla əldə etməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın” şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 21 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə səs yazısının əldə olunmasında cavabdehin şəxsi toxunulmazlıq hüququnun pozulmadığı, onun şəxsiyyəti ilə bağlı dəyərlərə ziyan dəymədiyi qənaətinə gələrək, eləcə də məhkəmənin həqiqətə nail olmaq vəzifəsini və Konstitusya Məhkəməsinin mövqeyini əsas götürərək hesab etmişdir ki, səs yazısı olan disk sübut növü kimi Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından qanundir. Göstərilən maddi hüquq normalarına və tədqiq olunmuş sübutlara əsasən, yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi formada nisyə alğı-satqı müqaviləsi olmuşdur. Həmin şifahi razılaşmanın bütövlükdə şərtləri və mənasının müqayisəsi, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərinin müzakirəsi məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, tərəflər sarımsağın nisyə alğı-satqısı barədə şifahi müqavilə bağlamışlar. Cavabdeh razılaşmanın şərtlərini icra etməmiş, iddiaçıya sarımsağın dəyərini sonradan ödəməmişdir. Cavabdeh sarımsağın 1 kiloqramını 2 manat olmaq şərti ilə aldığını etiraf etmiş, hazırki borcundan isə 300 manat ödəmişdir. Odur ki, 3700 manat həcminsə əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 930, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3700 manat alöı-satqı müqaviləsi üzrə borc və ödənilmiş dövlət rüsumuna görə 57 manat, cəmi 3757 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar