Məhkəmə qərarları › İş №2(050)-2901/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2901/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2901/2023 28.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbab Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 930 manat behin iki misli olan 1860 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin noyabr ayında “Tap.az” saytı vasitəsi ilə Cavabdeh ilə tanış olmuş, oradan onun telefon nömrəsini götürərək mənzil üçün qapı sifariş vermək istədiyini bildirmişdir. Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsində sexlərinin olduğunu, qapı sifarişi və düzəldilməsi üçün ora gəlmək lazım olduğunu bildirmişdir. Qeyd edilən ünvana gedərək qapı nümunələrini seçmiş və sonra birlikdə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən mənzilə getmişlər. Cavabdeh qapıların ölçülərini götürmüş və orada ona 6 qapı üçün 1550 manatdan 930 manat beh olaraq pul vermişdir. Qarşı tərəf 930 manat behin alınmasını təsdiq edən qəbz yazıb imzalayaraq ona vermiş, həmçinin şəxsiyyət vəsiqəsinin kserosurətini də vermişdir. Cavabdeh 6 ədəd qapıları 15 gün ərzində hazırlayıb mənzilə gətirərək quraşdırmalı idi. Həmin vaxtdan sonra ona dəfələrlə zəng etməyə başlamış, lakin cavabdeh həmişə fərqli bəhanələr gətirmiş, 6 ədəd qapını nə təhvil vermiş, nə də ona verdiyi 930 manat behi qaytarmışdır. Başa düşmüşdür ki, cavabdeh onu aldadır. Bu səbəbdən də məsələ ilə bağlı 29-cu Polis Bölməsinə müraciət etmiş, ona məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 491.1, 491.3, 492.1 və 492.2-ci maddələrinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Masallı RİHB-nın Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən imzalanmış 21 noyabr 2023-cü il tarixli, 5-66-9/2-126/2023 saylı məktubda göstərilir ki, Cavabdeh ərazidə yaşamadığı üçün onunla telefon vasitəsi ilə əlaqə yaradılmış və məhkəmə bildirişi onun telefonuna göndərilmişdir. Məhkəmə iclasında cavabdehin istifadəsində olan +**********35 saylı nömrə ilə əlaqə saxlanılmış, onun iddiaya münasibəti aydınlaşdırılmış, cavabdeh iddianı qismən qəbul etdiyini, iddiaçıdan qapı düzəltmək üçün 850 manat aldığını, bunun təsdiqi ilə bağlı qarşı tərəfə yazılı qəbz verməsini, maddi imkanı olmadığı üçün həmin pulu qaytara bilmədiyini bildirmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən də ona aid olması mübahisələndirilməyən yazılı sənəddə göstərilir ki, “qapı kuxnam üçün ümumilikdə 1550 manatdan aldığım beh 930 manatdır." İmza var. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 39 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 491. Beh anlayışı 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, “Hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. MM-in “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. MM avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır” (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 2021-ci il 04 iyun tarixli 1/2021 nömrəli Qərardadının 49-51-ci bəndləri). Müqavilə tərəfləri öz aralarında razılaşa bilərlər ki, öhdəliyin icrasına görə qarşı tərəfin ödəməli olduğu haqq ya tam şəkildə öhdəlik icra olunduqdan sonra ödənilsin, yaxud da ödənişin bir hissəsi avans olaraq öhdəliyin icrasına başlananadək, qalan hissəsi isə icra prosesində və/və ya bilavasitə icranın sonunda ödənilsin. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imzalanmış yazılı sənəddə “qapı kuxnam üçün ümumilikdə 1550 manatdan aldığım beh 930 manatdır." göstərilməsi hələ ödənilən pulun birmənalı şəkildə beh olması anlamına gəlmir. Aydın məsələdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, verilmiş pulun beh və ya avans kimi qiymətləndirilməsi məsələsinə baxılarkən yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Verilmiş pulun beh və ya avans olması, onların törətdiyi hüquqi nəticələr və sair tərəflərə məlum deyil, belə vəziyyətdə verilmiş pulun beh olaraq verilməsi iradə ifadəsini əks etdirmir, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandığından, əksi sübuta yetirilmədiyinə görə verilmiş pul avans kimi ödənilmiş sayılmalıdır. Hüquq nəzəriyyəsində avans və beh bir-birindən fərqləndirilir. Həmin institutların hüquqi təbiətinə xas olan bu xüsusiyyətlər onların törətdiyi hüquqi nəticələri də bir-birindən fərqləndirir. Mülki qanunvericilikdə avansın hüquqi rejimi ilə bağlı hər hansı tənzimləmə müəyyən edilməmişdir. Dispozitivlik prinsipinin tələbləri nəzərə alınaraq qeyd olunmalıdır ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öhdəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır. Məhkəmə hesab edir ki, MM-in podrat müqaviləsinə aid maddələrində podrat müqaviləsinin ləğv olunduğu halda avansın geri qaytarılması onun mahiyyətinə və MM-in 759 və 760-cı maddələrinə uyğundur. Belə ki, baxılan işdə tərəflər arasında bağlanmış porat müqaviləsinə görə düzəldilməsi nəzərdə tutulan qapılara görə cavabadehə əvvəlcədən pul ödənilməsi, potratçının (cavabdehin) isə sifarişi yerinə yetirməməsi mübahisələndirilmir. MM-in 759 və 760-cı maddələrinin məzmunundan aydın olur ki, podrat müqaviləsi sifarişçinin və ya podratçının təşəbbüsü ilə ləğv (xitam) edildikdə, sifarişçi podratçıya yalnız yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin maddələrin məzmunundan göründüyü kimi, sifarişçi (hazırkı halda iddiaçı) yerinə yetirilməyən işə görə podratçıya (hazırkı halda cavabdehə) ödədiyi haqqı (hazırkı halda 930 manat məbləğində avansı) tələb etməyə haqlıdır. Çünki podratçı (cavabdeh) müqavilə üzrə hər hansı bir iş görməmiş və ona hər hansı zərər dəyməsi də müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 930 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən dövlət rüsumu qismində ödənilmiş 39 manat məbləğində pul vəsaitinin 30 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, 9 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 930 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qismində ödənilmiş 39 manat məbləğində pul vəsaitinin 30 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar