Məhkəmə qərarları › İş №2(050)-2945/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2945/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2945/2023 04.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona, yəni İddiaçı1 olan 128600 manat borcun və ödənilmiş 418 manat dövlət rüsumunun, cəmi 129000 manat pulun alınaraq ona ödənilməsi; Cavabdeh ona, yəni İddiaçı2 olan 20000 ABŞ dolları - Azərbaycan manatına münasibətdə 34000 manat borcun və ödənilmiş 195 manat dövlət rüsumunun, cəmi 34195 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin: 1.6-cı maddəsinin Qeyd hisəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görsənir ki, iddiaçılardan İddiaçı2 vergi ödəyicisi kimi xx.xx.2011-ci ildə VÖEN ********** nömrə ilə qeydiyyata alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi xx.xx.2007-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddia ərizəsinin 1-ci səhifəsində göstərilir ki, “...Mən (İddiaçı1, vergi ödəyicisi deyil), tanışım Ruslan Əzimovun uzun müddətdir ki, “məktəb və dəftər ləvazimatları” satışı ilə məşğul olduğunu, həmin işdə onun yaxşı qazanc əldə etdiyini bildiyim üçün həmin işə qoşulmaq və onunla şərik biznes qurub, qazanc əldə etmək məqsədi ilə etdiyi təkliflə razılaşdım. Bundan sonra mən, həmin vaxtdan 2020-ci ilin mart ayına kimi ayrı-ayrı vaxtlarda ümumilikdə 98000,0 manat pul düzəldib Ruslan Əzimova verdim.” İddia ərizəsinin 2-ci səhifəsində göstərilir ki, “...Bir müddət İddiaçı2lə danışıqlar apardıqdan sonra Arazla birlikdə tanışım Cavabdeh işlədiyi həmin kitab mağazasına getdik və orada Arazla Ruslanı bir-biriləri ilə tanış etdim, danışıqlar aparıldı və İddiaçı2lə onu qurduğu biznesə şərik etməsi və əldə olunmuş gəlirdən üç müştərək pay götürməkləri barədə razılıq əldə olunmuşdur.” İddia ərizəsinin 4-cü səhifəsində göstərilir ki, (İddiaçı2 qeyd edir) “...Məndə 2021-ci ilin oktyabr ayında 20000,0 ABŞ dolları pul düzəldib Masallı şəhəri, Talışxanov küçəsində yerləşən “Oyal kitab və dəftərxana evi” adlanan mağazada Nazimin yanında iş qurmaq və qazanc əldə etmək məqsədi ilə Cavabdeh verdim.” “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Məhkəmə hesab edir ki, vergi ödəyicilərinin uçotu vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə həyata keçirilir. Şəxsin vergi ödəyicisi kimi uçota alınıb-alınmaması məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar kimi çıxış edə bilməz. Mübahisə üzrə iddiaçılardan İddiaçı1 vergi ödəyicisi olmaması mülki işin kommersiya mübahisəsi kimi qiymətləndirilməsini istisna etmir. Mübahisə üzrə digər İddiaçı2 və Cavabdeh vergi ödəyiciləridir. Hüquq münasibəti yaranan zaman da vergi ödəyiciləri olmuşdular. Hüquq münasibətinin predmeti, hüquq münasibətlərinin xarakteri də işə Kommersiya məhkəməsində baxılmasını tələb edir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Odur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçılara aidiyyəti üzrə səlahiyyətli məhkəmə kimi Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüquqlarının olması, bu zaman ilkin mediasiya sessiyasında iştirakın tələb olunması izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara aidiyyəti üzrə səlahiyyətli məhkəmə kimi Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüquqlarının olması, bu zaman ilkin mediasiya sessiyasında iştirakın tələb olunması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar