Məhkəmə qərarları › İş №2(050)-2959/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2959/2024

22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2959/2024 22.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 iyun 2014-cü il təvəllüdlü X6 və 06 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin tutularaq ona ödənilməsi və mediasiya xərcinə görə 60 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə olan faktiki nikah münasibətlərindən 22 iyun 2014-cü il tarixində X6, 06 noyabr 2016-cı il tarixində X7 anadan olmuşdur. Faktiki nikahdan anadan olmuş həmin uşağın atası kimi cavabdehin özü tərəfindən könüllü qaydada tanınmış və doğum haqqında şəhadətnamədə alınmışdır. Sonradan faktiki nikah münasibətləri 16 may 2016-cı il tarixində rəsmiləşdirilmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pisləşmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-887/2021 saylı 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, uşaqlar onun yanında və himayəsində saxlanılmış uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə hər ay üçün 240 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Bu illər ərzində cavabdeh uşaqların taleyi ilə maraqlanmamış, onların saxlanılması üçün könüllü olaraq addımlar atmamış, qayğı göstərməmişdir. Sonradan məhkəməyə müraciət olunaraq alimentin artırılmasını məhkəmədən xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2744/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat təyin edilmişdir. Azyaşlı uşaqlar onun himayəsində olmaqla doğulduğu gündən onunla yaşayır. Onun himayəsində olmaqla böyüyür və tərbiyə olunurlar. Belə ki uşaqlar xəstələndikdə onların bütün tibbi xərcləri onun üzərində olur, uşaqların hazırlıq kurslarının ödənişi onun tərəfindən icra olunur. Azyaşlı uşaqların cəmiyyətə layiq bir övlad yetişdirmək üçün bir ana kimi gecə-gündüz çalışır. Cavabdeh Bakı şəhərində Sədərək ticarət mərkəzində çalışır. Bakı şəhərində yaşayır, cavabdehin maddi vəziyyəti yüksək olduğu halda uşaqların saxlaılması üçün könüllü qaydada alimentin artırılması ilə razı olmur. Bakı şəhərində azyaşlı uşaqları ilə birgə yaşayır, azyaşlı uşaqları Bakı şəhəri Xətai rayonu İlham Məmmədov adına 261 nömrəli məktəb- liseyndə təhsil alırlar. Qətnamə ilə müyyən edilmiş alimentin miqdarı uşağın təhsilinə, inkişafına, tərbiyəsi üçün yetərli deyildir. Uşağın saxlanması üçün cavabdehdən hər ay 235 manat məbləğində aliment tutularaq ona ödəməyə borcludur, bunu uşağın mənafeyi tələb edir. İddiaçı məhkəmə iclasında bildirdi ki, uşaqlar məktəblidir, onlar böyüdükcə xərcləri də artır. Özü mağazada satıcı işləyir. Onun öz qazancı özünə kifayət etsə də, uşaqların saxlanılması üçün kifayət etmir. Təkcə uşağın hazırlığına ayda 200 manat ödəniş edir. Cavabdeh alimenti qərəzli olaraq hissə-hissə ödəyir. Cavabdeh işləməklə yaxşı qazanc əldə edir. Bakı şəhərində və Masallı rayonu Tüklə kəndində evləri və avtomobili vardır. Uşaqları ilə maraqlanmır. Alimentin miqdarı az olduğundan uşaqların xərclərinə kifayət etmir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh mediasiya prosesi zamanı ona aliment ödəməyəcəyini bildirmişdir. O, qərəzli olaraq alimenti poçt vasitəsilə ödəyir. İddiaçı da pulu poçt vasitəsilə aldıqda hər dəfə 100 manat pul üçün 4 manat xidmət haqqı ödəyir. Cavabdeh bunu bilərəkdən edir ki, iddiaçıdan əlavə pul tutulsun. Ona icra məmuru da dəfələrlə pulu kart vasitəsilə ödəməsini bildirsə də, o, qəsdən iddiaçıdan pul tutulması üçün poçtla ödəyir. Bundan başqa cavabdehin təqdim etdiyi xəstəliklə bağı sənədlər köhnə tarixə olan sənədlərdir. Sonuncu dəfə alimentin artırılması 2022-ci ilin oktyabr ayında olmuşdur. Lakin, məhkəmə aliment miqdarının artırarkən də həmin sənədlər cavabdeh tərəfindən təqdim edilmişdir. Odur ki, sənədlər köhnə tarixə olan sənədlər olduğundan alimentin miqdarı artırılarkən onların nəzərə alınmamasını, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin teleqramla müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, qətnamə çıxarılarkən onun aztəminatlı olmasının nəzərə alınmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, hər ay alimenti ödəyir. Valideynləri ilə birlikdə yaşayır. Özü mağazada satıcı işləyir 300 manat əmək haqqı alır. Uşaqların əlavə xərclərinə də onun valideynləri tərəfindən köməklik olunur. İddiaçı isə Nərimanov rayonunda qardaşının mağazasını işlədir, yaxşı gəlir əldə edir. Bundan başqa iddiaçının atasından ona miras qalmış H.Aslanovda mənzili vardır, həmin mənzili də icarəyə vermişdir. Bundan başqa iddiaçı ünvanlı sosial yardım da alır. İddiaçının maddi vəziyyəti ondan yaxşıdır. Həmçinin onda hormonal kişi xəstəliyi vardır. İddiaçı bu səbəbə görə ondan ayrılmışdır. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamələrdən görünür ki, 22 iyun 2014-cü il təvəllüdlü X3 və 06 noyabr 2016-cı il təvəllüdlü X4 atası Cavabdeh, anası X1r. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Tahirova soyadı verilmişdir. Masallı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(050)-2744/2022 saylı qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 887/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 22 iyun 2014cü il təvəllüdlü X3 və 06 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İ.Məmmədov adına 261 saylı məktəb liseyin 201 saylı arayışından görünür ki, X7 məktəbin 2-ci sinifini bitirmişdir. İ.Məmmədov adına 261 saylı məktəb liseyin 202 saylı arayışından görünür ki, X6 məktəbin 4-cü sinifini bitirmişdir. Elektron əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən mağazada satıcı işləməklə 300 manat əmək haqqı alır. Tibbi müayinə, ultarsəs müayinəsi və analizlər barədə məlumat sənədlərindən görünür ki, Cavabdeh hormonol xəstəliklə bağlı tibbi prosedurlar keçmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı İlkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat pul ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(050)-2744/2022 saylı qətnaməsinin qəbulundan 2 ilə yaxın bir müddətin keçməsini və bu müddət ərzində uşaqların böyüdükcə artan tələbatlarını, diqqətəlayiq digər halları, eləcə də uşaqların cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, yaşayış minimumu ilə müəyyən edilmiş məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini nəzərə alaraq ödənilməli olan alimentin miqdarının bir uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən olunmasını uşaqların hüquq və mənafelərinə uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 235 manat manat aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən maddənin tələbinə əsasən alimentin artırılmış məbləğinə nisbətdə dövlət rüsumu hesablanaraq cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(050)-2744/2022 saylı qətnaməsi ilə 22 iyun 2014-cü il təvəllüdlü X3 və 06 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat olmaqla iki uşaq üçün 360 (üç yüz altımış) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərci qismində ödənilmiş 60 manat pul İddiaçı, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 30 manat pul isə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar