Məhkəmə qərarları › İş №2(050)-2962/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2962/2024

17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2962/2024 17.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Cari ilin iyun ayının 22-də Masallı rayonu ərazisində yerləşən mal bazarında cavabdehdən hər biri 585 manat olmaqla, cəmi 1170 manata 2 ədəd dana almışdır. Evə gedən kimi danalardan birinin xəstə olduğunu görüb baytar həkimi çağırmışdır. Baytar dananın xəstə olmasını görüb onu müalicə etmiş, müalicə ilə bağlı 50 manat pul xərcləmişdir. Lakin dana səhəri günü ölmüşdür. Bu barədə cavabdehə məlumat verərək, ona xəstə heyvan satmasına dair iradını bidirmiş, həmin heyvana görə aldığı pulu qaytarmasını tələb etsə də, nəticəsi olmadığından DİN-nin 102 xidmətinə zəng etmiş və Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı cavabdeh həqiqətən də ona 2 baş dana satmasını və danalardan birinin xəstə olmaqla ölməsini qeyd etmiş və ona vurulmuş ziyanı iyul ayının 6dək ödəyəcəyinə söz vermişdir. Lakin sözünə əməl etmədiyindən məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etməli olmuşdur. Buna görə isə 30 manat məhkəmə rüsumu və iddia ərizəsinin hazırlanması ilə bağlı vəkilin xidmətinə görə 30 manat ödəməli olmuşdur. Qanunvericiliyin tələbinə əsasən o, cavabdehə saxlamaq üçün keyfiyyətli heyvan verilməsini bildirdiyinə görə cavabdeh ona bu məqsəd üçün yararlı olan, sağlam heyvan verməli idi. Lakin onun verdiyi heyvanın keyfıyyətsizliyi, xəstə olması nəticəsində heyvan ölmüş cavabdeh ondan aldığı pula münasib mal verməmişdir. Onun verdiyi danalardan biri xəstə olmaqla, səhəri günü ölmüşdür. Nəticədə isə ona həmin heyvana görə verdiyi 585 manat və heyvanın müalicəsinə sərf etdiyi 50 manat olmaqla, cəmi 635 manat ziyan dəymişdir. İddiaçının tələbi: Cavabdeh ona xəstə heyvan satması nəticəsində real zərər kimi vurduğu 635 manat, dövlət rüsumuna görə ödədiyi 30 manat, iddia ərizəsinin tərtibinə görə vəkilə ödədiyi 30 manat, cəmi 695 manat pulun alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında izahat verərək, bildirmişdir ki, bazarda cavabdehdən 1170 manata 2 ədəd dana almış, evə gəldikdən sonra danalardan birində nasazlıq hiss etdiyi üçün baytara müraciət etmişdir. Məlum olmuşdur ki, dananın 41 C0 hərarəti var. Baytar tərəfindən qızdırmanın salınması üçün iynə vurulmuş, lakin səhəri gün dana ölmüşdür. Dananın birini 585 manata almış, bundan əlavə 50 manat baytara müalicə ilə bağlı ödəniş etmişdir. Nəticədə cavabdeh tərəfindən ona maddi zərər vurulmuşdur. Cavabdeh əvvəlki məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, danaları başqa şəxsdən alıb 5-10 gün müddətində satır. O heyvanı satanda onda hər hansı nasazlıq olmamışdır. Əgər olsa idi, iddiaçı özü də həmin heyvanı almaq istəməzdi. İddiaçı barəsində polisə də şikayət etmişdir. Dananın ölməsindən bir həftədən çox vaxt keçdikdən sonra iddiaçı tərəfindən ona məlumat verilib. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Masallı rayonunun “Mal bazarının” direktorunun arayışından görünür ki, Masallı rayon Bədəlan kənd sakini İddiaçı şifahi sorğusuna əsasən onun öhdəsində və ona məxsus yaşı 7- 8 aylıq olan bir baş diri çəkisi 45-50 kq-lıq cins dana heyvanı bazarda alıcılar və satıcılar arasında 520-580 manat aralığında dəyərləndirilmişdir. xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, özəl baytar həkim X1 Bədəlan kənd sakini İddiaçı xx.xx.2024-cü il tarixdə telefonla məlumat verərək bildirmişdir ki, bir baş buzovu xəstədir. O da vətəndaşın təsərrüfatında olmuş, ona göstərdiyi 7-8 aylıq dişi dana rəngi qonur olmaqla yemdən imtina etmiş, bədən tempuraturunu ölçdükdə 410 C olduğu müəyyən olunmuşdur. Heyvana ilkin yardım edilmişdir. 23 iyun axşam radələrində vətəndaş İddiaçı dananın öldüyünü görüb ona məlumat vermişdir. Baytar həkim xx.xx.2024-cü il tarixdə cəsədə baxış keçirmişdir. Cəsəd iyləndiyi üçün pataloji material götürmək mümkün olmamışdır. Cəsəd zərərsizləşdirilib basdırılmışdır. Masallı Rayon Polis Şöbəsində Cavabdeh Səmidxan oğlunun xx.xx.2024-cü il tarixdə verdiyi izahatda qeyd edilib: “xx.xx.2024-cü il tarixdə barəmdə Masallı Rayon Polis Şöbəsinə verilən şikayətlə tanış oldum. Bildirirəm ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu Kosakül kəndi ərazisində yerləşən heyvan bazarında Bədəlan kənd sakini İddiaçı iki baş iri buynuzlu heyvanı 1970 manata satmışam. xx.xx.2024-cü il tarixdə heyvan bazarından çıxarkən Yunus mənə yaxınlaşaraq, heyvanın birinin öldüyünü bildirdi. Yunusa dedim ki, mən də həmin heyvanı Yeddioymaq kənd sakini Cəlal adlı şəxsdən almışam. Mən Yunusa bildirdim ki, heyvan ölübsə, köməkləşib yoluna qoyarıq. Bu həftənin 6-cı gününə Yunusa dəymiş ziyanı ödəyəcəm”. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsininin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 581.1-ci maddəsinə əsasən Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.2-ci maddəsinə əsasən Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ilkin olaraq alqısatqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış, iddiaçı 22 iyun 2024-cü il tarixdə 1170 manat ümumi dəyəri olan 2 ədəd dananı Cavabdeh almışdır. İşdə olan baytar həkim məlumatı ilə müəyyən edilir ki, 22 iyun 2024-cü il tarixdə İddiaçı məlumatı əsasında onun bir baş buzovuna baxış keçirmiş, buzovun 410 C qızdırmasının olması və heyvanın xəstə olması müəyyən edilmişdir. Heyvan 23 iyun 2024-cü il tarixdə ölmüşdür. Göründüyü kimi, alqı-satqı müqaviləsinin predmeti olan dana satın alındığı gün lazım olan keyfiyyədə olmamış, nəticədə alıcı İddiaçı maddi zərər dəymişdir. İddiaçı iddia tələbində 585 manat ölmüş danaya görə maddi zərər, 50 manat isə çəkdiyi müayinə xərcini tələb etmişdir. Məhkəmə 585 manata münasibətdə iddia tələbini əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlir. 50 manat həkim və müalicə xərclərinə, həmçinin vəkilə ödədiyi 30 manat dair isə məhkəməyə hər hansı sübut təqdim edilmədiyinə görə məhkəmə iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 585 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar