Məhkəmə qərarları › İş №2(050)-2967/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2967/2025

14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2967/2025 14.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Cavabdeh əvvəllər Masallı şəhərində yerləşən "xxxx" mağazasında işləmiş və tanışlıqları oradan olmuşdur. 2021-ci ilin sonlarında o, yaxşı müştəri oluğundan ona telefon hədiyyə olunmasını bildirib bir neçə kağıza imza etdirmişdir. Sonradan isə məlum olmuşdur ki, o, paltaryuyan maşın, soyuducu, televizor və telefonun nisyə alqı-satqısına dair müqavilələrə ona imza etdirmişdir. Bununla bağlı şikayəti əsasında cavabdeh Masallı RPŞdə verdiyi izahatında onun adına 3140 manat dəyərində əşya götürməsini etiraf etmiş, həmin əşyaların dəyərini özünün ödəyəcəyini vəd etmişdir. Masallı RPŞ-də araşdırma aparılmış və mübahisənin mülki xarakterli olmaqla məhkəməyə müraciət etməli olmağı bildirilmişdir. Cavabdehdən həmin pulları ödəməsini dəfələrlə tələb etsə də nəticəsi olmadığından məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hazırkı vaxta kimi isə qeyd olunan əşyalar ilə bağlı ona qarşı məhkəmədə 3 qətnamə çıxarılmışdır ki, həmin qətnamələrə görə 3419,06 manat ödəməlidir. İddiaçının tələbi: Cavabdeh ona vurduğu ziyana görə 3419,06 manat pulun, dövlət rüsumuna görə ödəmiş olduğu 54,19 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehdən 3000 manat maddi zərərin və 54,19 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: "xxxx" MMC-də işlədiyi illərdə İddiaçı adına məhsullar almışdır. Borcu etiraf edir. Daha əvvəl polisdə verdiyi izahatında da borcu etiraf etmişdir. Alğı-satqı müqavilələrini iddiaçının adına rəsmiləşdirməklə TV, soyuducu və paltaryuyan maşın əldə etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, borcdan onun məlumatı olmayıb. Cavabdeh onun məlumatı olmadan adına "xxxx" MMC-dən məhsullar götürmüşdür. Hazırda həmin məhsulların dəyəri ödənilmədiyinə görə ondan üç məhkəmə qətnaməsi əsasında 3419 manat pulun tutulması qət edilib. Cavabdehin hərəkətlərinə görə o əsassız olaraq maddi ziyana düşmüşdür. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Masallı Rayon Məhkəməsinin e-2(050)-2920/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, cavabdeh İddiaçı 540.99 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqının tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin e-2(050)-2892/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, cavabdeh İddiaçı 1556,98 manat borc, 35,97 manat ödənilmiş dövlət rüsumu, 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqının tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin e-2(050)-2878/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, cavabdeh İddiaçı 1223,18 manat borc, 32,24 manat ödənilmiş dövlət rüsumu, 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqının tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Masallı Rayon Polis Şöbəsinə ünvanlanmış müraciətinin yoxlanılmasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Masallı rayon Viləş kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə Masallı Rayon Polis Şöbəsinə ünvanladığı müraciəti yoxlanılmışdır. Yoxlama zamanı alınmış izahatlardan və toplanmış materialdan məlum olmuşdur ki, Masallı rayon Ərkivan qəsəbə sakini Cavabdeh Masallı rayon Viləş kənd sakini İddiaçı Məhəmməd oğluna guya ona telefon hədiyyə etdiyini bildirərək ona bir neçə yerə imza etdirmiş, lakin sonradan İddiaçı zəng gəlmiş və ona 3140 manat borcu olduğu bildirilmişdir. Belə ki, İddiaçı Cavabdeh tərəfindən aldadıldığını bilərək onun barəsində şikayətçi olmuşdur. Araşdırma zamanı Cavabdeh izahatında şirkətin bağlanmsı səbəbindən gecikmə olduğunu və buna görə krediti ödəyə bilmədiyini, lakin sonradan yenidən yerinə bərpa olduğu üçün kredit gecikməsinə yol verməyəcəyini bildirmişdir. Belə ki, qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığından “Vətəndaşların müraciətləri 'haqqında” Azərbaycan Respublikası Qanunun 7.10-cu maddəsinə əsasən Masallı rayon Ərkivan qəsəbə sakini Cavabdeh qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması barədə məktubla bildirilmişdir. Odur ki, Masallı rayon Viləş kənd sakini İddiaçı Məhəmməd oğlunun xx.xx.2023-cü il tarixdə Masallı Rayon Polis Şöbəsinə ünvanladığı müraciəti mülki xarakterli olduğundan materialın işə alınması məqsədə müvafiqdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 54,19 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsininin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-dən götürdüyü əmlaklar üzrə alğı-satqı müqavilələrini İddiaçı adına sonuncunun məlumatı olmadan rəsmiləşdirmişdir. Nəticədə İddiaçı qeyd edilən alğı-satqı müqavilələri üzrə öhdəlikləri yaranmış, o, kreditor qarşısında əsassız olaraq borclu kimi çıxış etmişdir. Qeyd edilən hallar cavabdehin iş materiallarında olan Masallı RPŞ-də vermiş olduğu izahatı və məhkəmə iclasında telefon zəngi ilə iddiaya münasibəti öyrənilərkən etiraf edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, məhkəmə qətnamələri ilə 3419 manat pulun İddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisədə İddiaçı Cavabdeh təqsirli və hüquqazidd əməlllərinə görə əsassız olaraq maddi ziyan dəymiş, Cavabdeh isə əldə etdiyi əmlaklar əsasında əsassız olaraq varlanmışdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərə görə 3000 manat pul alınaraq, İddiaçı verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi təmin edildiyindən ödənilmiş 54,19 manat dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 3000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 54,19 manat alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar