Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3026/2025 27.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyan” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyan” tələbinə dair kiçik iddia qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit borcuna görə ödədiyi 642,50 (altı yüz qırx iki manat əlli qəpik) manat məbləğində pulun, mənəvi ziyana görə 300 (üç yüz) manat pulun və dövlət rüsumuna görə 30 (otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Masallı Rayon Məhkəməsinin 2(050)-3026/2025 nömrəli, 08 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 mart 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-dən götürdüyü 7000 (yeddi min) manat məbləğində kredit üzrə zamin durmuşdur. Lakin cavabdeh öz öhdəliklərini vaxtında icra etməmiş və nəticədə bank həmin məbləği onun əmək haqqından aylıq hissələrlə tutmuşdur. Artıq onun əmək haqqından 642,50 (altı yüz qırx iki manat əlli qəpik) manat məbləğində pul Cavabdeh borcuna görə çıxılmışdır. Dəfələrlə cavabdehə həmin pulun geri qaytarılması barədə müraciət etsə də, nəticə əldə olunmamış və cavabdeh pulu qaytarmamışdır. Bu məsələ ilə bağlı dəfələrlə cavabdehlə yazışmalar aparmış, lakin heç bir nəticə əldə olunmamışdır. İddia tələbi 5000 (beş min) manatdan aşağıdır və tələbin əsası olan sənədlər - zaminlik müqaviləsi və hesabdan çıxarış iddia ərizəsinə əlavə edilmişdir. Hesab edir ki, pulun tələb edildiyi müddətlərdə o, mənəvi iztirab və sarsıntılar keçirmişdir. Bu səbəbdən cavabdeh tərəfindən 300 (üç yüz) manat məbləğində mənəvi ziyanın ödənilməsi tələb olunur. Cavabdeh onu dəfələrlə aldatmış, yalan vədlər vermiş, saatlarla görüş yerində gözlətmiş, lakin özü gəlməmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində o, dərin sarsıntı keçirmiş, bir neçə dəfə aylıq müalicə almışdır. Həmin hadisələrdən sonra onda şəkər xəstəliyi yaranmışdır. Cavabdeh öz öhdəliyini icra etmədiyindən və onun yerinə özü həmin pulu ödədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları:
4. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehin ona vurduğu mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdehin hərəkətləri nəticəsində əsəb gərginliyi və stress yaşayır, gecələri normal şəkildə yata bilmir. Ona görə də, cavabdehdən əlavə olaraq faiz tələb edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, təxminən 7000 manat məbləğində kredit götürmüşdür. Həmin məbləğin 2000 manatını İddiaçı vermiş və Nurlan öz hissəsini banka ödəmişdir. Onun ödəməsində gecikmə olmuş və Nurlanın payına məhkəmə qərarından sonra 67 manat ödəniş düşmüşdür. Nurlan da, öz payına düşən 642,50 manat pulu ödəmişdir. Onun iddiaçıya 400 manat borcu vardır, o da, avtomobilin həbsi ilə bağlıdır. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
İş materialları:
6. Masallı Rayon Məhkəməsinin 2(050)-2359/2016 nömrəli 04 may 2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, bankla Cavabdeh arasında 36 ay müddətinə 11 mart 2014-cü il tarixli, MAS-01764/14 nömrəli kredit müqaviləsi, digər borclularla isə 11 mart 2014-cü il tarixli, MAS-01764/14 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə əmrinə əsasən Cavabdeh, X1, İddiaçı və X2 müştərək qaydada əsas borca görə 4743 manat, faiz borcuna görə 1707 manat, cəriməyə görə 20 manat və ödənmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 6490 manat məbləğində pul tutularaq kreditor "xxxx" ASC-nə verilməlidir.
7. Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən Masallı rayon Mədəniyyət və Turizm şöbəsinə ünvanlanmış 11 sentyabr 2017-ci il tarixli məktubun surətindən görünür ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-2359/2016 saylı, 04 may 2016-cı il tarixli icra sənədinə əsasən Cavabdeh, X1, İddiaçı və X2 müştərək qaydada əsas borca görə 4743 manat, faiz borcuna görə 1707 manat, cəriməyə görə 20 manat və ödənmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 6490 manat məbləğində pul tutularaq kreditor "xxxx" ASC-yə verilməlidir. İcra vərəqəsinə əsasən borclu İddiaçı maaşının 50 faizinin 1622 manat 50 qəpik tutulub tam ödənilənədək "xxxx" ASC-nin hesabına köçürülməsindən, həmçinin 113 manat 57 qəpik icra ödənişinin tutularaq Masallı rayon İcra şöbəsinin depozit hesabına köçürülməsindən ötrü müvafiq sənəd göndərilmişdir. Bununla əlaqədar olaraq, borclu İddiaçı maaşından tutmanın 20 faiz həcmində aparılması üçün göstəriş verilməsi xahiş olunmuşdur.
8. X4 Mədəniyyət İdarəsi tərəfindən İddiaçı verilmiş 19 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən 11 sentyabr 2017ci il tarixli 2967-3/16 saylı məktuba əsasən Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-2390/2016 saylı 04 may 2016 cı il tarixli icra sənədinə görə 642,50 (altı yüz qırx iki) manat vəsait tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir.
9. 25 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı "xxxx" ASC ilə bağlanmış 11 mart 2014-cü il tarixli, MAS-01764/14 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə götürdüyü 7000 manat məbləğində kredit üzrə zamin olmuşdur. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyindən, kreditor "xxxx" ASC-nin tələbkar olduğu icra işi üzrə, İcra və probasiya şöbəsi tərəfindən iddiaçının əmək haqqısından 642 manat 50 qəpik pul tutulmuşdur. Hazırda iddiaçının həmin məbləği Cavabdeh tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı göstərilən məbləğin və mənəvi ziyana görə 300 (üç yüz) manat pulun cavabdehdən tutularaq ona verilməsini məhkəmədən xahiş edir. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur; 475.3-ci maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.
12. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1.2-ci bəndinə əsasən əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Yuxarıda göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Beləliklə, Cavabdeh "xxxx" ASC-nə olan borcunun əvəzi olaraq 642 manat 50 qəpik məbləğində pulun İddiaçı əmək haqqından tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə köçürülməsi işin mübahisəsiz halıdır.
22. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə 300 manat pul məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu tələbini sübut edə bilməmişdir.
23. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsi üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir.
24. İddiaçı cavabdehin hərəkətləri nəticəsində dərin sarsıntı keçirdiyini, bir neçə dəfə aylıq müalicə aldığını, həmin hadisələrdən sonra onda şəkər xəstəliyinin yarandığını bildirsə də, fiziki və mənəvi sarsıntılar keçirməsi, ona mənəvi ziyan dəyməsi ilə bağlı hər hansı halı sübuta yetirməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilə bilməz.
25. Eyni zamanda məhkəmə iclasında Cavabdeh kredit götürdüyü pulun 2000 manatını İddiaçı verdiyini, İddiaçı isə onun payına düşən 642,50 manat pulu banka ödədiyini və onun iddiaçıya bununla bağlı borcu olmadığını bildirmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, burda sübut etmək yükü iddia edənin deyil, təkzib edənin üzərinə düşdüyündən cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq cavabdeh bununla bağlı hər hansı sübutu təqdim etməmiş, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hər hansı halı sübuta yetirməmişdir.
26. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən 642,50 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
27. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
28. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 642,50 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
29. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 642,50 (altı yüz qırx iki manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov