Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3061/2023 24.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı Eyvaz oğlunun iştirakı ilə, İddiaçı Eyvaz oğlunun cavabdeh X1 qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş 60 (altımış) manat dövlət rüsumu olmaqla ümumilikdə 4060 (dörd min altımış) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 09 oktyabr 2019-cu ildə, saat 15 radələrində yaşadığı Lənkəran rayonu, Separadi kəndindəki evinə gəlib özünü heyvan alveri ilə məşğul olan şəxs kimi təqdim edərək iri buynuzlu heyvan satmaq istəməyi barədə onda məlumat olmasını bildirmişdir. O da cavabında iki baş iri buynuzlu heyvanına yaxşı pul verən olsa satacağını demişdir. Cavabdeh iri buynuzlu mal-qarasına baxış keçirərək 4000 (dörd min) manat verə biləcəyini, lakin hazırda üstündə nağd pulu olmadığından sonrakı gün, yəni xx.xx.2019-cu il tarixdə verəcəyini demişdir. İlk əvvəl Cavabdeh ilə razılaşmasa da sonuncu o qədər inadırıcı və əsaslanmış şəkildə danışmışdır ki, onu razılaşdırmışdır. Sonra Qazel markalı yük maşını ilə həytində olan iki baş iri buynuzlu heyvanını götürüb aparmışdır. Xaləddin Eyvazovun dediyi vaxta pulu gətirmədiyini görüb əlaqə nömrəsinə zəng vurmuş, ona narahat olmamağını bildirərək tezliklə pulu ona çatdıracağını demişdir. Lakin, növbəti günlərdə pulunu gətirib ona verməmişdir. Ona vermiş olduğu mobil telefonunda olan nömrəsini söndürərək əlaqə saxlamaq qeyri mümkün olmuşdur. Artıq anlamışdır ki, iki baş heyvanını aparan şəxs dələduzluq edərək iribuynuzlu mallarını ələ keçirib. Odur ki, ən sonda çıxış yolu olaraq bu barədə Lənkəran şəhər RPŞ-nə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh Lənkəran şəhər RPŞ-nin İB-nə çağrılmış, etdiyi əməli etiraf edərək dəymiş ziyanı ödəyəcəyini bildirsə də hal-hazıradək ödəməmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh həmkəndlisini də eyni minvallla aldaradaq iri buynuzlu mal-qarasını ələ keçirmişdir. Bundan əlavə digər ərazilərdə də bir neçə vətəndaşı aldadaraq onlara külli miqdarda maddi ziyan vurmuşdur. Nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikasının CM 178.2.2-ci madəsi ilə cinayət işi başlanılmış, sonra isə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 22 aprel 2021-ci il tarixli, 1(049)-23/2021 saylı hökmünə əsasən Cavabdeh 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Buna baxmayaraq Cavabdeh bu vaxta kimi dəymiş ziyan olaraq 4000 (dörd min) manat pulunu ona qaytarmamışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(049)-23/2021 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi 09 oktyabr 2019-cu ildə cavabdehə 4000 (dörd min) manata iki baş iri buynuzlu mal-qara satdığını, sonuncunun isə həmin pulu bir gün sonra ödəyəcəyinə söz verməsinə baxmayaraq hal-hazıradək pulu qaytarmadığını və nəticədə ona ziyan vurmasını sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ona ziyan vurması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli, hüquqa zidd əməli (qanunsuz hərəktləri) nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Məhz bu səbəbdən də cavabdehdən vurulmuş ziyana görə 4000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 (altımış) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat, cəmi 4060 (dörd min altımış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-3061/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3061/2023
24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver