Məhkəmə qərarları › İş №2(050)-3109/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3109/2023

05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3109/2023 05.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları 26 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2009-cü ildə el adəti üzrə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahlarını sonradan rəsmi qeyd etdirmişlər. Birgə yaşadığları müddət ərzində 26 dekabr 2010-cu il təvəllüdlü X2 adlı bir uşaqları doğulmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə nikah qeydləri pozulmuş və Cavabdeh yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin, alimentin məbləği hazırda uşağın saxlanması üçün yeterli deyildir. Cavabdeh isə fərdi işlərlə məşğul olmasına baxmayaraq olara lazımi köməklik etmir. Əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı uşağın normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Odur ki, məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən də iddiaçı ilə birgə nikahlarından 26 dekabr 2010-cu ildə X2 adlı uşaqları anadan olmuşdur. Daha sonra münasibətləri pisləşdiyindən ayrılmışlar. Ayrıldıqdan sonra məhkəmə qətnaməsi ilə hər ay 80 manat aliment müəyyən edilmiş və uşağın anasının yanında saxlanılması qət edilmişdir. Hazırda iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyildir. O, heç bir yerdə işləmir, anasının aldığı pensiya ilə dolanır və əlavə heç bir gəliri yoxdur. O, 100 manatdan artıq aliment ödəyə bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahlarından 26 dekabr 2010-cu ildə X2 adlı uşaqları anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(050)-210/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış 26 dekabr 2014-cü il tarixli 1640 saylı nikah qeydinin pozulması, birgə nikahlarından doğulmuş 26 dekabr 2010-cu il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılması və Cavabdeh 09 sentyabr 2016-cı il tarixdən başlayaraq 26 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha 04 aprel 2017-ci il tarixdə xitam verilmişdir. Məhkəmə tərəfləri dinləyib, mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 26 dekabr 2010-cu il təvəllüdlü X2 adlı bir nəfər uşaqları anadan olmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş və ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(050)-210/2017 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş və 26 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehin azyaşlı Səxavətin saxlanılması üçün ödəməli olduğu aliment uşağın tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, uşaqları saxlamaq, qayğısına qalmaq, onların maddi və mənəvi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Məhz bu səbəbdən də uşağın saxlanılmasında o da iştirak etməli və hazırki tələbatına uyğun aliment ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı alimentin artırılması tələbinə dair iddiasına təxminən 6 il bundan əvvəl baxılaraq 80 manat aliment müəyyən olunduğundan, həmin vaxtdan hazırki dövrədək uşağın tələbatı artdığından, Masallı Rayon Məhkəməsinin Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(050)-210/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və 26 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz oyuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(050)-210/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və 26 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Artırılmış alimentin tutulmasına Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2 (050)-3109/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar