Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3129/2024 19.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000 manat borc pulun və 60 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbə sakinləri X2 və oğulluğu Cavabdeh1 baş etibarnamə ilə 2024-cü ilin fevral ayında “Mercedes Benz 200” minik **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili 4000 (dörd min) manata almışdır. Cavabdeh maşının mühərriki benzin olduğundan dizel adı ilə onları aldadıb. Onu aldatdığına görə öz iradını bildirmiş və maşını sənədləşdirib adına keçirə bilmədiyini bildirmişdir. O, isə bildirmişdir ki, şikayət etməsin, özü məsələni həll edəcəkdir. xx.xx.2024cü il tarixdə ona verilmiş etibarnaməni ləğv etdirmişlər və Masallı RPŞ-yə, 102 zəng mərkəzinə zəng etdirib maşını Masallı RPŞ-yə gətirməyini bildirmişlər. Ona bildirmişlər ki, həmin etibarnamə ləğv edilib, maşın sahibinə verilməlidir. Cavabdehlər tərəfindən aldadıldığını bilib Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Çünki o, pul verib maşın almışdır. Cavabdehlər isə onu aldadaraq sonradan maşını onun əlindən alıblar. Hazırda cavabdehlərdən pulunu tələb edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edərək göstərmişlər ki, 2024-cü ilin fevral ayında idarə etdiyi “Mercedes Benz 200” minik **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili şifahi razılaşma ilə baş etibarnamə əsasında İddiaçı 5500 (beş min beş yüz) manata satmışdır. İddiaçı həmin pulun 2300 manatını ona nağd ödəmiş, qalan 3200 manatını isə 3 ay müddətində ödəyəcəyinə söz vermişdir. Lakin, İddiaçı müxtəlif bəhanələrlə 3200 manat pulu verməmişdir. Ona şər-böhtan ataraq pulu vermək istəmədiyi üçün, ona verdiyi etibarnaməni ləğv etdirmiş və avtomaşını Masallı rayon Polis Şöbəsinin duracağında saxlatdırmışdır. Avtomaşının qalan 3200 manat pulunu ödədikdən sonra gəlib avtomaşını apara bilər. O, yalan danışır, ona şər atır, pulu verməməkdən ötrü əsassız bəhanələr irəli sürür. İddiaçı Astara rayonu İcra və Probasiya şöbəsinin müdiri vəzifəsində işləyən Rauf Məmmədova və vəkil Nicat Hüseynova arxayınlaşaraq, ona qarşı şər böhtan atır. Onlara qarşı pul tələbi barədə iddia ərizəsinə qəti olaraq etiraz edir və həmin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Etiraz ərizəsi cavabdehlər tərəfindən imzalanmadan poçt vasitəsi ilə məhkəməyə təqdim edilmiş, məhkəmə iclası zamanı cavabdehlər etiraz ərizəsinin onlara məxsus olduğunu təsdiq edərək, imzalamağı unutduqlarını bildirmişdilər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək, əlavə olaraq bildirmişdir ki, maşını Cəsarət 5000 manata satmaq istəsə də, ona 4000 manat pulu olduğunu və bu qiymətə razı olacağı halda ondan maşını alacağını bildirmişdir. Cəsarət də onunla razılaşmış və maşını ondan 4000 manata almışdır. Maşını alarkən onun yanında əmisi oğlu Feyruz da onların yanında olmuşdur. Razılaşmadan sonra Cəsarət maşının anasının adına olduğunu bildirmiş və onun anası ilə birlikdə gedib Asan xidmətdə ona etibarnamə vermişdir. Sonradan maşını adına rəsmiləşdirmək istəyərkən avtomobilin mühərrikinin dəyişilməsi səbəbindən adına rəsmiləşdirə bilməmişdir. Sonra Cəsarətə bu məsələni həll etməsini bildirdikdə, əvvəlcə məsələni həll edəcəyini bildirsə də, sonranda Cəsarət anasının adından verilmiş etibarnaməni ləğv etdirmiş və maşını ondan almışlar. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, maşını 5500 manata satmağa razılaşmışdır. İddiaçının pulu olmadığından ona 2300 manat vermiş, qalan 3200 manatı isə 3 aya verəcəyini bildirmişdir. Onu iddiaçıya əmisi oğlu Feyruzla tanış olması səbəbindən nisyə satmışdır. Maşının mühərrikində problem olduğundan mühərrik dəyişilmiş və onun sənədləri uyğun olmadığından sənədləşmə aparmaq mümkün olmamışdır. O, bu barədə iddiaçıya əvvəlcədən məlumat verdiyini qeyd etmişdir. İddiaçı ona olan borcunu vermədiyindən ona zəng etmiş, iddiaçı onu söymüşdür. Buna görə də gedib etibarnaməni ləğv etdirmişdir. Hazırda iddiaçıya 2300 manat verdiyi pulu qaytarmağa razıdır və ya iddiaçı ona olan borcunu qaytardığı təqdirdə maşını ona verəcəkdir. İddiaçı hələ məhkəməyə müraciət etməzdən əvvəl də ona hər ay 250 manat verməsini də təklif etmiş, lakin sonuncu buna razı olmamışdır. İddiaçı ilə ortaq tanışları olduğundan avtomobili pul tam ödənilməsə də belə baş etibarnəmə ilə vermişdir. Sonda Cavabdeh1 göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 izahatında bildirmişdir ki, sözügedən avtomobil onun adına qeydiyyata alınmışdır. Maşın satılarkən gedib etibarnamə vermişdir. İddiaçı borcundan 2300 manat oğlu Cəsarətə vermiş, qalan 3200 manat pulu isə qaytarmamışdır. Onların arasında haqq-hesabdan o qədər də məlumatlı deyil, sadəcə maşın onun adına olmuşdur. Maşının alqı-satqısı işlərini Cəsarət özü etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı onun əmisi oğlu, Cavabdeh1 isə onun həmkəndlisidir. Ariz maşın almaq istəmişdir. Cəsarətin isə Qasımlı kəndindən olan bir şəxsdən inək aldığını və pulunu vermədiyinə görə 1500 manat borcu olmuşdur. Həmin şəxs Cəsarətdən pulunu qaytarmamasına görə şikayət etmiş və pulunu tələb etmişdir. Cəsarətə pul lazım olduğundan maşını satmaq istəmişdir. Maşın satılarkən o, Cəsarət, Ariz və Cəsarətin anası ilə birlikdə olmuşlar. Akif maşını almaq üçün Cəsarətə 4000 manat pulu onun yanında vermişdir. Sonra birlikdə Asan xidmətə gedib Akifə Cavabdeh2 etibarnamə vermişdir. Bundan başqa Cəsarət dəfələrlə belə hərəkətlər etmiş və bir neçə səxsi aldatmışdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BD324293 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz 200 minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatına alınmışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində 7E-2756 reyestr nömrəli, 26 fevral 2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh2 “Mercedes Benz 200 minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Cavabdeh1 müraciəti əsasında Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş 24 sentyabr 2024-cü il tarixli rəydən görünür ki, Mercedes Benz 200 minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərriki ilə bağlı araşdırma aparılmış, avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz olması barədə qeyd aparılması məqsədəmüvafiq hesab edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin halları ondan ibarətdir ki, Cavabdeh1 analığı olan Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz 200” minik **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə şifahi qaydada razılaşaraq xx.xx.2024-cü il tarixdə İddiaçı etibarnamə əsasında sahibliyinə vermiş, lakin tərəflərin arasında nəzərdə tutulmuş formada avtomobilin alqı-satqı müqaviləsi bağlanmamışdır. Sonradan Cavabdeh1 digər Cavabdeh2 adından verilmiş etibarnaməni ləğv etdirmiş və avtomobili geri almışdır. Göstərilənlər işin mübahisə edilməyən hallarıdır. İşin mübahisəli halları isə odur ki, iddiaçı izahatında bildirmişdir ki, cavabdehlə avtomobilin alınması məqsədi ilə 4000 manat məbləğində razılaşaraq baş etibarnamə ilə nəqliyyat vasitəsini əldə etmiş, avtomobili alarkən avtomobilin mühərrikinin dəyişdirilməsi ilə bağlı ona məlumat verilməmiş, sonradan avtomobili öz adına rəsmiləşdirmək istəyərkən ona avtomobilin mühərrikinin dəyişdirilərək, benzin mühərrikin dizel mühərriklə əvəz edildiyi bildirilmiş, bu səbəbdən də avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Cavabdeh isə həmin nəqliyyat vasitəsini 5000 manat məbləğə satdığını, həmin puldan 2300 manatın ona verildiyini, 3200 manatı isə sonradan ona verilməsi şərti ilə avtomobili satdığını, avtomobili satdığı zaman avtomobilin benzin mühərrikinin dizel mühərriki ilə əvəz edilməsi ilə bağlı iddiaçıya lazimi məlumatı verdiyini qeyd edərək, sonradan ona olan borcu verilmədiyi üçün anasının vasitəsi ilə etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Məhkəmə qeyd edilən mübahisə ilə əlaqədar əvvəlcə Mülki Məcəllənin avtomobilin alqı-satqı müqaviləsinə nəzərdə tutulmuş normalarını qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsinin bağlanmadığı müəyyən olunmuşdur. Belə ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM-nin 389.1. 389.2. 390.1. 390.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Qeyd edilən Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Göründüyü kimi, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin bağlanması üçün şifahi alqı-satqı müqaviləsi deyil, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə əməl edilməklə bağlanmalı idi. Bu səbəbdən də qeyd edilən tələblərə riayət edilmədən tərəflərin nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı şifahi razılaşması qarşılıqlı öhdəlikləri yaratmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən mübahisəli avtomobilə dair iddiaçıya verilmiş etibarnamənin ləğv edilməsi bir daha təsdiq edir ki, cavabdehlər şifahi qaydada razılaşaraq satdıqları avtomobilə dair pul vəsaitini alsalar da, sonradan hüquqlarından istifadə edərək etibarnaməni ləğv etmişlər. Məhkəmə qeyd edir ki, cavabdehin həmin etibarnaməni ləğv etməyə hüququ olmuş və bu hüququndan istifadə etməklə avtomobilə dair iddiaçının hüquqlardan məhrum etmiş və aldığı pulları heç bir hüquqi əsas olmadan əldə etməklə əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh2 mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, İddiaçı verdiyi etibarnaməni ləğv etdiyindən iddiaçının avtomobil üzərində hər hansı hüququ qalmamışdır. Lakin, tərəflər arasında müqavilə münasibətləri yaranmadığından, iddiaçının qeyd edilən avtomobilin alqı-satqısı məqsədi ilə 4000 manatı ödəməsi işin faktiki halları ilə tam təsdiq edildiyindən onun tərəfindən heç bir hüquqi əsas olmadan cavabdehə verdiyi pul sonuncunun əsassız varlanmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Cavabdeh qeyd edilən avtomobili satmaq niyyəti ilə qarşı tərəfin sahibliyinə verdiyini təsdiq etsə də, avtomobili 5000 manata satdığını, həmin məbləğdən 2300 manatın ona ödənildiyini, qalan 3200 manat pulun isə ödənilmədiyini əsas götürərək etibarnaməni ləğv etdiyini bildirmişdir. Məhkəmə qeyd edilən halla bağlı bildirir ki, cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin fevral ayında avtomobilə dair sərəncam vermək hüququ ilə bağlı etibarnamə verilməsi onu göstərir ki, iddiaçı avtomobilin dəyərini tam şəkildə ona ödəmişdir. Çünki cavabdehin verdiyi etibarnamə ilə iddiaçının həmin avtomobili istənilən halda özgəninkiləşdirmək səlahiyyəti olmuşdur. Yaranmış görüntü açıq-aşkar göstərir ki, iddiaçı pulu tam şəkildə ona ödəmişdir ki, qarşı tərəf də ona avtomobili idarə edərək özgəninkiləşdirmək üçün səlahiyyətləndirmişdir. Əks halda, maşının sahibi ona sərəncam vermək səlahiyyətini verən etibarnaməni deyil, yalnız avtomobilin yalnız idarə edilməsi üçün etibarnamə verərdi. Düzdü, cavabdeh avtomobilin mühərrikinin dəyişilməsi ilə əlaqədar avtomobilin başqa ada keçirilməsinin qeyri-mümkün olduğunu əvvəlcədən bilmiş, lakin bu barədə iddiaçıya heç bir məlumat vermədən onu inandırıb razılaşdıqları pulun hamısını ondan almaq üçün anası tərəfindən baş etibarnamə verilməsinə nail olmuşdur. Əgər cavabdeh avtomobilin mühərrikinin dəyişdirilməsi ilə bağlı iddiaçıya bu barədə əvvəlcədən məlumat vermiş olsa idi, cavabdehin həqiqəti danışması ilə bağlı fikir irəli sürmək olardı. Bundan əlavə avtomobilin alqı-satqı qiymətinin 4000 manat müəyyən olunması və həmin pulun hamısını cavabdehlərin alması şahid izahatı ilə də təsdiqini tapmışdır. Belə ki, nəqliyyat vasitəsinin alqı-satqısında iştirak etmiş X1 izahatında göstərmişdir ki, qarşılıqlı razılıq əsasında nəqliyyat vasitəsinin qiyməti 4000 manat məbləğində qiymətləndirilmiş və iddiaçı şəxsən onun yanında Cavabdeh1 pulun hamısını ödəmiş, bundan sonra onun analığı Sevda Əşkərova “Asan Xidmət” mərkəzində nəqliyyat vasitəsinə dair baş etibarnaməni İddiaçı vermişdir. Həmçinin, məhkəmə araşdırma zamanı Cavabdeh1 məhkəməyə qeyd edilən avtomobillə bağlı aparılmış araşdırma ilə bağlı sənədləri təqdim etmiş, həmin sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə ərizə ilə müraciət edərək qeyd edilən avtomobilin mühərrik nömrəsinin silinməsi-nömrəsiz olması faktına dair araşdırma aparılmasını xahiş etmişdir. 24 sentyabr 2024-cü il tarixdə avtomobilin mühərrik nömrəsinin silinməsi-nömrəsiz hesab edilməsi məqsədəmüvafiq hesab edilməsinə dair rəy verilmişdir. İşin halları ilə tam sübuta yetirilmişdir ki, iddiaçı avtomobili aldığı zaman avtomobilin mühərrikinin dəyişdirilməsindən məlumatı olmamış, ona bu barədə lazimi məlumat verilməmişdir. Cavabdeh bu barədə bilsə də, bu barədə iddiaçıya məlumat verməməsi onu göstərir ki, o özü də avtomobilin başqa şəxsin adına keçirilməsinin qeyri-mümkün olduğunu əvvəlcədən bilmiş, razılaşdıqları pulun alınması və avtomobili doğurdan da satmaq niyyəti ilə qarşı tərəfə verdiyi görüntüsünü yaratmaq üçün avtomobilin üzərində sərəncam verilməsi hüququnu nəzərdə tutulan etibarnaməni anasının adından iddiaçıya verilməsinə nail olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddiaçının avtomobili 4000 manata aldığını və avtomobilin dəyərinin qarşı tərəfə tam şəkildə ödənilməsini sübut edir. Bu halda etiraz edən cavabdehlərin pulun ona tam şəkildə ödənilmədiyini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmək vəzifəsi yaranmışdır ki, o qeyd edilən sübutları təqdim edə bilməmişdir. Əksinə işin faktiki halları cavabdehin dediyi məlumatların həqiqətə uyğun olmadığını göstərmişdir. Belə olan halda cavabdehlər heç bir hüquqi əsas olmadan əsassız varlanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütə- nasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq ona verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı “Mercedes Benz 200” minik **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 4000 (dörd min) manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilsin. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 60 manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3129/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3129/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver