Məhkəmə qərarları › İş №2(050)-320/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-320/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-320/2024 24.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edib aliment miqdarını artıraraq cavadeh Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçınma verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, 14 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2490/2020 saylı, 28 iyul 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh oglundan 20 iyun 2011-ci il təvəllüdlü X7 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay iki uşağa görə qazancın (başqa gəlirinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək, Cavabdeh 20 iyul 2011-ci il təvəllüdlü X7 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Son zamanlar ölkədə qiymətlərin artırılması onun maddi durumuna çox mənfi təsir göstərmişdir. Aldığı aliment pulu uşağın ehtiyaclarını ödəmir. Bundan əlavə Cavabdeh hazırda Masallı rayonu Lürən kənd orta məktəbində direktor vəzifəsində işləyir və onun orta aylıq əmək haqqı 1000 manat təşkil edir. Buna baxmayaraq cavabdeh uşaqların maddi ehtiyaclarını ödəməkdə heç bir köməklik göstərmir. O, bir tənha ana kimi uşaqların maddi ehtiyacların ödəməkdə çətinlik çəkir. Bu baxımdan da məhkəməyə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin, bildirdi ki, cavabdeh məktəb direktoru işləyir və 1400 manatadək əmək haqqı alır, qızı Lalə də işləyir və 350 manat aylıq əmək haqqı alır. Lakin hazırda kirayədə qaldığından aldığı əmək haqqı sadəcə evin kirayə pulunun verilməsinə kifayət edir, 170 manat aliment bir uşağın hazırki tələbatını ödəmir, ona görə də alimentin miqdarı artırılmalıdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddia ərizəsinə qarşı yazılı etiraz göndərərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; şəxsiyyət vəsiqəsindən görünür ki, X7 20 iyun 2011-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. doğum haqqında şəhadətnamədən görünür ki, X5 10 avqust 2014-cü ildə Masallı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Abşeron Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(012)-2490/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 24 dekabr 2010-cu ildə Masallı rayonu qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 584 nömrə ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 20 iyun 2011-ci il təvəllüdlü X7 və 10 avqust 2014-cu il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları, Cavabdeh 20 iyun 2011-ci il təvəllüdlü X7 və 10 avqust 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2490/2020 saylı, 28 iyul 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh 20 iyul 2011-ci il təvəllüdlü X7 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh 20 iyul 2011-ci il təvəllüdlü X7 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(012)-2547/2023 saylı qətnaməsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 20 iyul 2011-ci il təvəllüdlü X7 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1934/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Ona görə də, məhkəmə işin faktiki halları, uşaqların tələbatının artması, iddiaçının maddi durumunun aşağı olması, uşaqların saxlanılmasında şətinlik çəkməsi baxımından müəyyən edilmiş alimentin miqdarının artırılmasını qanuna uyğun hesab edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, 14 dekabr 2020-ci il tarixli qətnaməsi ilə 20 iyul 2011-ci il təvəllüdlü X4 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar