Məhkəmə qərarları › İş №2(050)-3219/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3219/2023

17.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3219/2023 17.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Masallı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(050)3010/2021 saylı qətnaməsi ilə 31 dekabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş hər ay 120 manat aliment məbləğinin artırılaraq 220 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehla ilə el adəti qaydasında toy etməklə ailə quraraq evlənmişlər. Birgə yaşadıqları müddətdə 31 dekabr 2008-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmalı olmuşlar. Uşaq onun himayəsində saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə X1 atasının Cavabdeh olması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş həmin alimentin məbləği ilə hazırda uşağın saxlanılması üçün yetərli deyildir. Odur ki, aliment məbləğinin artırılaraq 220 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, alimentin artırılmasına razı olmadığını bildirdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 31 dekabr 2008-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Atalığın məyyən edilməsi barədə şəhadətnamədən görünür ki, Cavabdeh 31 dekabr 2008-ci il təvəllüdlü X1 atası hesab edilmişdir. 13 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 02 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdehh oğlundan 31 dekabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 31 dekabr 2008-ci il təvəllüdlü X1 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini təhlil edərək qeyd edir ki, 2021-ci ilə münasibətdə hal-hazırda layiqli həyat səviyyəsinin şərtləri baxımından uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilmişdir və uşağın mənafeyi ilə əlaqədar onun əvvəlki həyat səviyyəsinin saxlanılması üçün həmin həddə maddi təminatla təmin olunması hüququ vardır. Ona görə də məhkəmə göstərilən əsasları iddiaçının maddi vəziyyətinin dəyişməsi kimi qiymətləndirir və müəyyən olunmuş 120 manat alimentin artırılması qənaətinə gəlir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, cavabdehin ailə və maddi vəziyyətini, diqqətəlayiq digər halları, eləcə də iddiaçının da müəyyən qədər uşağın saxlanılmasına görə maddi dəstək göstərməsini nəzərə alaraq, ödənilməli olan aliment miqdarının 180 manat sabit pul məbləğində müəyyən olunmasını uşağın hüquq və mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-200, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 31 dekabr 2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı rayon məhkəməsinin 2(050)-3010/2021 saylı, 31 dekabr 2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat aliment miqdarı artırılaraq, hər ay üçün 180 manat müəyyən olunsun və Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar