Məhkəmə qərarları › İş №2(050)-3254/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3254/2023

17.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3254/2023 17.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Masallı Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli, 2(050)-1669/2015 saylı qətnaməsi ilə 03 may 2008-ci il təvəllüdlü X3 və 17 may 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə müəyyən olunmuş 80 manat aliment məbləğinin artırılaraq, bir uşaq üçün 220 manat müəyyən olunması və mediasiya ilə bağlı ödədiyi 55 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehla el adəti üzrə faktiki ailə həyatı qurmuşlar. Nikahlarını isə 24 iyun 2008-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 03 may 2008-ci il təvəllüdlü X6 və 17 may 2009-cu il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli 2(050)- 1669/2015 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydi pozulmuş və yuxarıda göstərilən uşaqların yetkinlik yaşına çatmasınadək saxlanılması üçün hər ay cavabdehdən hər uşağa görə 80 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin alimentin məbləği hazırda uşaqların saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə fərdi işlərlə məşğul olmasına baxmayaraq onlara lazımi köməklik etmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı uşaqların normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 03 may 2008-ci ildə, X7 17 may 2009-cu ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası Ağayeva (İsmayılova) Reyhanə Ədalət qızıdır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah 16 yanvar 2016-cı il tarixdə pozulmuşdur. Masallı Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli, 2(050)-1669/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikahın pozulması, Cavabdeh 25 iyun 2015-ci il tarixdən başlayaraq, 03 may 2008-ci il təvəllüdlü X3 və 17 may 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin alınaraq X1 ödənilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 03 may 2008-ci il təvəllüdlü X3 və 17 may 2009-cu il təvəllüdlü X4 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini təhlil edərək qeyd edir ki, 2015-ci ilə münasibətdə hal-hazırda layiqli həyat səviyyəsinin şərtləri baxımından uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilmişdir və uşağın mənafeyi ilə əlaqədar onun əvvəlki həyat səviyyəsinin saxlanılması üçün həmin həddə maddi təminatla təmin olunması hüququ vardır. Ona görə də məhkəmə göstərilən əsasları iddiaçının maddi vəziyyətinin dəyişməsi kimi qiymətləndirir və hər uşaq üçün müəyyən olunmuş 80 manat alimentin artırılması qənaətinə gəlir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, cavabdehin ailə və maddi vəziyyətini, diqqətəlayiq digər halları, eləcə də iddiaçının da müəyyən qədər uşaqların saxlanılmasına görə maddi dəstək göstərməsini nəzərə alaraq, ödənilməli olan aliment miqdarının hər uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən olunmasını uşaqların hüquq və mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-200, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 03 may 2008-ci ildə anadan olmuş X3 və 17 may 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Masallı rayon məhkəməsinin 2(050)-1669/2015 saylı, 02 noyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün 80 manat aliment miqdarı artırılaraq, hər ay bir uşaq üçün 160 manat, cəmi 320 manat müəyyən olunsun və Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar