Cavabdeh: Əliyev Elmar Bəxtiyar oğlu. Ünvan: Masallı rayonu Qızılağac kəndi. Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3298/2023 18.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(050)-2513/2019 nömrəli qətnaməsi ilə 17 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləği olaraq 400 (dörd yüz) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki ailə həyatı qurmaqla evlənmişlər. Nikahlarını rəsmi qeyd etdirməmişlər, lakin uşaqların atalığı məhkəmə qaydasında müəyyən olunmuşdur. Faktiki nikahda olduqları dövrdə 11 may 2002-ci il təvəllüdlü X4, 19 mart 2004-cü il təvəlüdlü X5 və 17 oktyabr 2007-ci il təvəllüdlü X6 adlı üç uşaqları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Cavabdeh uşaqların saxlanılmasına köməklik etmədiyindən məcburiyyət qarşısında qalaraq aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2013cü il tarixli 2(050)-1676/2013 nömrəli qətnaməsi ilə cavabdehdən xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 70 (yetmiş) manat, cəmi 140 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Sonradan 140 manat uşaqların saxlanması üçün çatmadığından alimentin artırılması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış 28 sentyabr 2015-ci il tarixli, 2(050)-2390/2015 nömrəli qətnaməsi ilə cavabdehdən 19 mart 2004-cü il təvəllüdlü X5 və 17 oktyabr 2007-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Lakin uşaqların hal-hazırda saxlanılması üçün kəsilən aliment çox az olduğundan yenidən alimentin artırılması ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2513/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Masallı rayon Məhkəməsinin 2(050)-2390/2015 saylı, 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə 19 mart 2004-cü il təvəllüdlü X3 və 17 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməsi qət edilmişdir. Lakin uşaqların hal-hazırda saxlanılması üçün kəsilən aliment çox azdır. O, özü işləmir və himayəsində saxlanılan uşaqlar xəstədirlər. Qanunvericiliyin tələbindən də göründüyü kimi cavabdeh faktiki nikahdan olan uşaqlarının 18 yaşına çatmasınadək saxlanılması üçün aliment ödəməlidir. Onun cavabdehlə faktiki nikahdan olan uşaqlarının yaşı 18-dan aşağıdır. Qeyd olunan azyaşlı uşaqların bir aylıq ərzaq, geyim və digər zəruri təlabatlarının ödənilməsindən ötrü hər birinə görə 400 manatdan artıq vəsait tələb olunur. Yaşayış munimumu uşaqlar üçün aliment təyin edilən dövrdə, yəni 2019-ci ildə 160 manat, bu il isə 220 manat müəyyən edilmişdir. Göründüyü kimi uşaqların saxlanılması üçün müəyyən edilmiş minimum vəsait alimentin təyin edildiyi vaxtla müqayisədə 100 manata yaxın artmışdır. Lakin cavabdehin ödəməli olduğu alimentin məbləği dəyişməmişdir. Bu xüsusat isə bir daha cavabdehin ödəməli oluğu alimentin məbləğinin də artırılması zərurətini göstərir. Qanunvericiliyin tələbinə əsasən isə aliment tutularkən uşağın əvvəlki təminatı maksimum səviyyədə saxlanılmalıdır. Buna görə də cavabdehdən birgə nikahdan olan azyaşlı uşağın saxlanmasına görə 400 manat aliment tutulmasını uşaqların mənafeyinə uyğun hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlə faktiki nikahlarından olan qızları Aybəniz artıq yetkinlik yaşına çatmışdır. Ona görə də, bir uşaq Həmdullanın saxlanılması üçün tutulacaq aliment məbləğinə dair iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçıdan ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmuş və həmin evlilikdən üç nəfər uşağı vardır. Hazırda maddi vəziyyəti zəifdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan elektron baza məlumatlarından çıxarışdan görünür ki, X6 17 oktyabr 2007-ci idə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(050)-2513/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh Masallı rayon Məhkəməsinin 2(050)-2390/2015 saylı, 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə 19 mart 2004-cü il təvəllüdlü X3 və 17 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməsi və aliment Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulub uşağın yetkinlik yaşına çatanadək İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq bir uşağa görə hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat müəyyən edilərək İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3298/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3298/2023
18.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver