Məhkəmə qərarları › İş №2(050)-330/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-330/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-330/2023 12.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı "xxxx" MMC-nin (bundan sonra-iddiaçı) cavabdehlər X4, Zamin1 və Zamin2 (bundan sonra-cavabdehlər) qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC X4, Zamin1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən kredit müqaviləsinə görə pay haqqı 500 manat çıxılmaqla, əsas borc üzrə 1195 manat, faiz borcu üzrə 373 manat, cərimə borcu üzrə 340 manat, cəmi 1908 manat və 39 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X5, Zamin1 və Zamin2 arasında 08 may 2019-cu il tarixli, 3190/3190 saylı kredit müqaviləsi bağlanılmış və bu müqavilənin 2.1-ci madddəsinə əsasən 18 ay müddətinə 500 manat pay haqqı daxil olmaqla 1900 manat məbləğində kredit verib. X1, Zamin1 və Zamin2 götürdüyü kredit borcunu tam və ya düzgün ödəmədiyindən pay haqqı 500 manat çıxmaq şərti ilə əsas borc üzrə 1195 manat, faiz borcu üzrə 373 manat, cərimə borcu üzrə 340 manat, cəmi 1908 manat borc yaranmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 445.2.1, 465.2, 501-ci maddələrinə və müqavilə müddəalarına istinad etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. Cavabdeh X5 ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, öhdəliyin icrasının qurtardığı müddətdən 1 il tamam olubsa, zaminlik müddəti bitmiş sayılır. Ona görə də iddiaçı tərəfindən zaminlərin cavabdeh kimi göstərilməsi qanunsuzdur. İddia ərizəsində göstərilən faiz və cərimələr həddindən artıq şişirdilmiş, müddətdən artıq göstərilmişdir. Belə ki, onun tərəfindən uzun müddət tam həcmdə ödəniş edilmişdir. Lakin həmin ödənişlərin hara sərf olunması, hansı cəriməyə və faizə əsaslanması naməlumdur. Sonradan tərəfindən araşdırma nəticəsində və 1 saylı “ASAN xidmət” dən əldə etdiyi sənəddən də məlum olmuşdur ki, onun iddiaçı təşkilatdan götürdüyü kredit məbləği və ya faizi, cəriməsi Vahid Reyestr Xidmətində qeydiyyatda yoxdur. Belə ki, "xxxx" MMC əməlini qanunsuz davam etdirir və onun verdiyi kredit qanunaziddir. İddiaçıya ödədiyi məbləğ barədə heç bir məlumat və ya ödəniş sənədi əldə edə bilmir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan 08 may 2019-cu il tarixli, 3190/3190 saylı kredit müqaviləsindən, məxaric orderindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, "xxxx" MMC X4 18 ay müddətinə, illik 32 faiz dərəcəsi ilə, 500 manat pay haqqı daxil olmaqla, cəmi 1900 manat kredit verməyi, borclu isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və əsas borcu, o cümlədən hesablanan faizləri və digər ödənişləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən pul borcalana verilmiş, müqavilə üzrə son ödəniş müddəti xx.xx.2020ci il tarix müəyyən edilmişdir. İş materiallarında olan 08 may 2019-cu il tarixli, 3190/3190 saylı saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Zamin1 və Zamin2 arasında kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış, müqavilənin 5-ci bəndinə əsasən zaminlik müqaviləsinin müddəti kredit müqaviləsinin müddəti ilə şərtləndirilmişdir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (462.1). Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdeh X3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-ci maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəm borcun zaminlərdən də tələb edilməsinə münasibətdə bildirir ki, zaminlərin öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə çatmış, lakin kreditor icra edilməmiş öhdəlik üzrə zaminlər Zamin1 və Zamin2 qarşı xx.xx.2022-ci il tarixədək iddia irəli sürməmişdir. Belə olan halda Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə kreditor zaminə qarşı bir il ərzində iddia irəli sürmədiyi üçün (kəsici müddət) zaminlik müqaviləsinə xitam verildiyindən iddia cavabdehlər Zamin1 və Zamin2 qarşı olan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsas və faiz borc hissəsində əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 34 manat saxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə cavabdeh X2 08 may 2019-cu il tarixli, 3190/3190 saylı kredit müqaviləsinə əsasən pay haqqı 500 manat çıxılmaqla 1195 manat əsas, 373 manat faiz, 34 manat cərimə, cəmi 1602 manat məbləğində borc tutalaraq "xxxx" MMC-yə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumunun 32,74 manatı cavabdehdən tutulmalı, 6,25 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X2 08 may 2019-cu il tarixli, 3190/3190 saylı kredit müqaviləsinə əsasən pay haqqı 500 manat çıxılmaqla 1195 manat əsas, 373 manat faiz, 34 manat cərimə, cəmi 1602 manat məbləğində borc tutalaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumunun 32,74 manatı X2 tutalaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar