Məhkəmə qərarları › İş №2(050)-3323/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3323/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3323/2024 17.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1300 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiçı İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 23 may 2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində bir nəfər şəxsin mebellərin satışı ilə məşğul olduğunu görmüş, sonra həmin səhifədə paylaşılan elanda qeyd edilmiş ***-***- **-** nömrəli mobil nömrəyə zəng edərək əlaqə saxlayan zaman həmin şəxs özünü Cavabdeh kimi təqdim edib, Masallı rayonu, Köhnə Alvadı kəndindən olmasını və Bakı şəhərində mebellərin satışı ilə məşğul olduğunu bildirmişdir. Bir qədər danışdıqdan sonra Hikmətə inanıb telefon vasitəsi ilə ona yataq taxtı, dolab və yataq dəsti almaq istədiyini bildirərək sifariş vermişdir. Cavabdeh ona sifariş etdiyi malların qiymətinin 1300 manat etdiyini və 4169 7388 3378 8023 nömrəli kart hesabı təqdim edərək pulu göndərməsini istəmişdir. Mebelləri isə iki saat ərzində Salyan rayonu, Qaraçala qəsəbəsinə çatacağını bildirmişdir. O da cavabdehin təqdim etdiyi kart hesabının özünə məxsus olan 4169 7388 1366 9334 saylı kart hesabından 1300 manat pulu göndərmiş, lakin bir qədər gözlədikdən sonra mebellərin gəlmədiyini görüb cavabdehlə əlaqə saxlamış, cavabdeh yaxın müddətdə malların çatacağını bildirmiş, sonra isə cavabdehlə heç cür əlaqə saxlamağı mümkün olmamışdır. Daha sonra Rəmzi adlı şəxs onunla əlaqə saxlayaraq cavabdehin qardaşı kimi özünü təqdim edərək, qardaşının ona söz verdiyi mebelləri özü göndərəcəyini bildirmiş, lakin bir neçə gündən sonra Rəmzi ilə də heç bir əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra cavabdehlə mobil telefonla əlaqə saxlayan zaman ona 05 iyun 2024-cu il tarixdə 1300 manat pulu geri qaytaracağını bildirmiş, lakin yenə də sözünə əməl etməmişdir. Bu səbəbdən o, DİN-nin 102 xidmətinə müraciət etmiş, Salyan RPŞ-nin 01 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən məcbur olub, məhkəmədə müraciət etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, xx.xx.2024-cü ildə saat 09:51-də 416973******9334 saylı kart hesabından 416973******8023 saylı kart hesabına 1,300,00 manat vəsait köçürülmüşdür. Qəbul edən Hİ******* Y******. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehin ondan mebel satışı ilə əlaqədar 1300 manat pul almasını və hal-hazıradək qaytarmamasını sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən sübütlar məhkəməyə təqdim edilmişdir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı Yunis Nuriyev 23 may 2024-cü il tarixdə cavabdeh Hikmək Yahyayevin “Tik-tok” sosial şəbəkəsində mebellərin satışı ilə məşğul olması barədə səhifədə paylaşdığı elanı görüb onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, cavabdeh özünü təqdim edib, Masallı rayonu, Köhnə Alvadı kəndindən olmasını və Bakı şəhərində mebellərin satışı ilə məşğul olduğunu bildirmiş, bir qədər danışdıqdan sonra iddiaçı cavabdehə mebel sifariş vermiş, cavabdeh sifariş edilən mebelin dəyərinin 1300 manat təşkil etdiyini və həmin pulu özünə məxsus kart hesabına köçürməsini, mebeli isə iki saat ərzində yaşadığı ünvana çatdıracağını iddiaçıya bildirmişdir. İddiaçı da cavabdehə inanıb özünə məxsus kart hesabından 1300 manat pulu cavabdehə məxsus kart hesabına göndərmiş, bir qədər gözlədikdən sonra iddiaçı mebelin gəlmədiyini görüb cavabdehlə əlaqə saxlamış, cavabdeh yaxın müddətdə mebelin çatacağını bildirmiş, sonra isə cavabdehlə heç cür əlaqə saxlamağı mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda 21 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı cavabdeh Hikmət Yahyayevlə mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən sonuncu, həqiqətən də iddiaçı Yunis Nuriyevdən mebel satışı ilə əlaqədar 1300 manat pul almasını və hal-hazıradək həmin pulu qaytarmamasını etiraf edərək, pulu ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə məhkəmə iclası təxirə salınmış, lakin buna baxmayaraq cavabdeh iddiaçıdan aldığı pulu hal-hazıradək qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə qeyd edilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdeh X1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 34 (otuz dört) manat, cəmi 1334 (bir min üç yüz otuz dört) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar