Məhkəmə qərarları › İş №2(050)-3326/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3326/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3326/2024 24.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: O, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır. Cavabdeh uzun müddətdir ki, tanıyır. Əvvələr Cavabdeh ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Cəlilabad rayon Maşlıq kəndində özünə məxsus torpaq sahəsində kartof məhsulu əkib-becərir və kartof məhsulunun satışı ilə məşğul olur. Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən cavabdeh ona 20 ton kartof verməli idi. Həmin razılaşmaya əsasən ilkin olaraq cavabdeh ona kart göndərmiş, xx.xx.2023-cü il tarixdə isə o, 1000+800 cəmi 1800 manat cavabdehin istifadəsində olan bank kartına pul göndərmişdir. Pulu göndərdiyi günün səhərisi gün yəni xx.xx.2023-cü il tarixdə cavabdeh ona 20 ton kartof göndərməli idi. Cavabdehdən dəfələrlə kartofu göndərməsini tələb etməsinə baxmayaraq bu günə kimi göndərməmişdir. Cavabdehin yanına əmisi Elman, həmkəndlisi Bilal ilə dəfələrlə getmiş, hər dəfə müxtəlif bəhanələr edərək ona kartofu göndərməkdən yayınmışdır. Cavabdehin ona kartofu verməyəcəyini başa düşdüyündən 1800 manat pulu ondan tələb etmişdir. Həmin puldan 300 manatını cavabdeh ona məxsus bank kartına göndərmiş, qalan pulu isə dəfələrlə tələb etməyinə baxmayaraq bu günə kimi verməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 1500 manat pulun alınıb, ona verilməsinə və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi: Cavabdeh 1500 manat borc pulun və dövlət rüsumuna görə ödənilmiş 35 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehə 20 ton kartofun göndərilməsinə görə 1800 manat kart hesabı vasitəsilə pul köçürmüşdür. Lakin daha sonra iş alınmamış və cavabdeh ona həmin puldan 300 manat geri qaytarmışdır. Qalan 1500 manat pulun da cavabdehdən tutulmasını tələb edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçı tərəfindən 20 ton kartofun alqı-satqısına görə ona 1800 manat məbləğində pul ödənilmişdir. Lakin kartofun göndərilməsi mümkün olmamışdır. 300 manat pul geri qaytarmış, hazırda iddiaçıya 1500 manat borcu qalmışdır. Borcunu etiraf edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12:33-də 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 19:38-də 800 manat pul köçürməsi edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada şifahi alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, malın dəyərini cavabdehə qabaqcadan ödəmiş, cavabdeh isə müqavilə üzrə razılaşdıqları malı iddiaçıya göndərməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1500 (bir min beş yüz) manat alınaraq, İddiaçı ödənilməlidir. Həmçinin iddia tələbi cavabdeh tərəfindən məhkəmə iclasında verdiyi izahatla da etiraf edilmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar