Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3329/2024 31.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 sentyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 235 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında ailə həyatı qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə 05 sentyabr 2008-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur. Münasibətləri pozulduğundan ayrılmışlar. Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə uşağın atalığı müəyyən edilmiş və uşağın saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 70 manat aliment tutulmuşdur. Daha sonra Masallı Rayon Məhkəməsinin 2(050)-2054/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 100 manat müəyyən edilmişdir. Tutulan aliment uşağın maddi ehtiyaclarını qarşılamır. Cavabdeh uşağın təhsili və tərbiyəsi ilə maraqlanmır və uşağın saxlanmasına əlavə heç bir maddi yardım göstərmir. Odur ki, yenidən məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında bildirdi ki, uşaq məktəblidir, o, böyüdükcə xərcləri də artır. Özü işləmir. Cavabdeh alimenti ödəsə də, borcu vardır. Alimentin miqdarı az olduğundan uşağın xərclərinə kifayət etmir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, ikinci dəfə ailə qurmuşdur. İkinci ailəsindən də iki uşağı vardır. Heç bir yerdə işləmir. Əlavə aliment ödəmək iqtidarında deyil. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli, 2(050)-2054/2019 saylı qətnaməsindən görünür ki, 05 sentyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Masallı Rayon Məhkəməsinin 29 aprel 2013-cü il tarixli 2(050)-467/2013 nömrəli qətnaməsi əsasında tutulan hər ay 70 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh boşandıqdan sonra X1 ilə 28 noyabr 2009-cu il tarixdə Masallı RİHB-nın Kalinovka ərazi nümayəndəliyində 57 saylı qeydlə nikahını rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvada) Kərimov (a) soyadı verilmişdir. Şəxsiyyət vəsiqəslərinin surətlərindən görünür ki, cavabdehin ikinci dəfə evliliyi müddətdə xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuş, atası Cavabdeh, anası Yemən Məmmədovadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli, 2(050)-2054/2019 saylı qətnaməsinin qəbulundan 5 ildən artıq bir müddətin keçməsini və bu müddət ərzində uşağın böyüdükcə artan tələbatlarını, dünyada baş verən hadisələrlə bağlı ölkədə də baş vermiş müəyyən qiymət artımını, diqqətəlayiq digər halları, eləcə də uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, yaşayış minimumu ilə müəyyən edilmiş məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini nəzərə alaraq ödənilməli olan alimentin miqdarının 150 manat sabit pul məbləğində müəyyən olunmasını uşağın hüquq və mənafelərinə uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 235 manat manat aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən maddənin tələbinə əsasən alimentin artırılmış məbləğinə nisbətdə dövlət rüsumu hesablanaraq cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli, 2(050)-2054/2019 saylı qətnaməsi ilə 05 sentyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh dövlət rüsumu kimi ödənilməli olan 30 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3329/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3329/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver