Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3338/2024 09.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC BOKT Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “vakala” borc müqaviləsi üzrə əsas borc üzrə 2565.08 manat, faiz borcu üzrə 298.13 manat olmaqla, cəmi 2863.21 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 48,63 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-136 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, № 245/14 saylı “vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, 20 %-lə, 2947 (iki min doqquz yüz qırx yeddi) manat məbləğində pul vəsaiti verilmişaır. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Müqaviləyə əsasən Bank borc alana “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya №-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədi ilə kredit müqaviləsi üzrə 2947 (iki min doqquz yüz qırx yeddi) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh təhvil verilmiş akta əsasən müqavilə üzrə hazırda olan əsas borc üzrə 2565.08 (iki min beş yüz altmış beş manat 08 qəpik) manat, faiz borcu üzrə 298.13 (iki yüz doxsan səkkiz manat, 13 qəpik) manat olmaqla, cəmi 2863.21 (iki min səkkiz yüz altmış üç manat, 21 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Cavabdehin qeydiyyat ünvanının dəyişib dəyişilməməsi ilə bağlı AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli **********1 saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum “X3 Edilməsi Agentliyi” MMC tərəfindən xx.xx.2024-cü il tarixli 76 saylı müraciət məktubu ilə müraciət edilmiş və İdarə tərəfindən xx.xx.2024-cü il tarixli 18/2-1555/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, “İnformasiya əldə etmək haqqında” AR Qanununun 15.3-cii maddəsinə əsasən “Fərdi məlumatlar haqqında” 13.1-ci maddəsinə əsasən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı əsasında yol verilir. Bu səbəbdən də iddiaçı olaraq cavabdeh barədə MAPS arayışını məhkəməyə təqdim edə bilmirlər. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı QSC BOKT-nın ona qarşı pul tələbi ilə bağlı mülki iş vardır. İddia tələbini qəbul etmir. Belə ki, ona qarşı İddiaçı QSC BOKT-nın adından çıxış edən törəmə müəssisəsi X2 Edilməsi Agentliyi MMC-nin qaldırdığı iddia ərizəsini tamamilə əsassız, ədalətsiz və qeyri-qanuni hesab edir. Aşağıda göstərdiyi xüsusatlara görə iddia ərizəsi baxılmadan rədd edilməlidir. 2014-cü ildə Masallı rayon Mahmudavar kəndindəki yaşayış evinə «X5» MMC-nin nümayəndəsi Vüqar Dadaşov «Kirbi» firmasının «Sentria» modelli yuyucu aparatına aylıq ödənişi hər ay gəlib hissə-hissə evindən aparmaq şərti ilə ona verilmişdir. Lakin bir müddətdən sonra aparatın yaxşı işləmədiyini, yararsız olduğunu, işləyərkən elektrik avadanlıqlarına, ev əşyalarına zərər vurduğunu görüb dəfələrlə şifahi, həm də rəsmi teleqramla şirkət rəhbərliyinə müraciət etmişdir. Nəticədə yaşadığı ünvanda şahidlərin iştirakı ilə aparatı «X5» MMC-nin nümayəndəsi Vüqar Dadaşova təhvil vermişdir. Ondan sonra üç ildən artıq vaxt keçməsinə baxmayaraq ona heç bir məlumat verilmədi. Bir gün "xxxx" QSC-nin törəmə müəssisəsi «X2 Edilməsi Agentliyi» MMC tərəfindən ona qarşı Masallı Rayon Məhkəməsinə əsas borc 2565,08 manat, faiz borcu 298,13 manat olmaqla ümumilikdə 2863,21 manat kredit borcunun və 48,3 manat dövlət rüsumunun ondan alınaraq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə iddia qaldırır. xx.xx.2019-cu ildə iddiaya Masallı Rayon Məhkəməsinin hakimi Habil Bəhmənovun sədrliyi ilə baxılaraq iddia müddəti buraxıldığına görə iddia təmin edilməmişdir (qərar əlavə olunur). Qarşı tərəf apellyasiya şikayəti verərək hakim Nüsrət Mirzəyevin sədrliyi ilə işə baxaraq 13 fevral 2020-ci il tarixli 2(103)644/2020 saylı qərardadla Masallı Rayon Məhkəməsinin qərarını ləğv edir və işi baxılmamış saxlayır. Bu qərarı nəyə əsaslanaraq çıxarması, onun qərardan şikayət vermə hüququndan məhrum etməsi hakim Nüsrət Mirzəyevin hansı maraqlarına xidmət etdiyi müəmmalıdır. O, Nüsrət Mirzəyevin bu əməlləri barədə dövlət orqanlarına müraciət etmişdir. "xxxx" QSC-nin törəmə müəssisəsi «X2 Edilməsi Agentliyi» MMC-nin Şirvan Apellyasiya Məhkəməsində işin baxılmamış saxlanılmasını bərpa etmədən uzun müddət keçdikdən sonra yenidən Masallı Rayon məhkəməsində iddia qaldırması hansı qanuna, məntiqə uyğundur? Qeyd olunanlardan tam aydın olur ki, işə baxmış olan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 375.2-ci maddəsinin tətbiq edilməsi tam qanuna uyğundur və birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını doğru tətbiq etmişdir. Bütün proseslərdən aydın olur ki, "xxxx" QSC öz əməkdaşlarının səhlənkarlığı, yarıtmaz fəaliyyəti, məsuliyyətsizliyi ucbatından təşkilatlarına dəyən ziyanı haqq-nahaq heç bir qanunsuzluğa yol verməyən onun hesabına ödətdirmək üçün belə vasitələrdən istifadə etməyə cəhd göstərir və nəyin bahasına olursa-olsun zaman qazanmağa, məsələni öz xeyirlərinə həll etmək istəyirlər. Kreditin bitmə tarixi xx.xx.2016-cı il göstərilmişdir. Kredit müqaviləsi üçün nəzərdə tutulmuş son tarixdən müəyyən müddət keçməsinə baxmayaraq təşkilat tərəfindən borcun ödənilməməsi barədə hər hansı bir tələb irəli sürülməmişdir. Təşkilat hazırki tələb üzrə 3 illik iddia müddəti keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, 3 illik iddia müddətinin axımı xx.xx.2016-cı ildən başlanmış, xx.xx.2019-cu ildə bitmişdir. İddiaçı isə borcun qaytarılması barədə ərizə ilə xx.xx.2024-cü ildə müraciət etmişdir ki, buda artıq iddiaçının iddia vermək müddətini 5 ildən artıq ötürməsi deməkdir. Ona görə də kredit öhdəlikləri ilə bağlı iddia müddəti keçdiyindən, iddia müddəti tətbiq edilməlidir. Cavabdeh məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəməyə ərizə göndərərək işlərinin çoxluğu ilə əlaqədar məhkəmə prosesinə gələ bilməyəcəklərini nəzərə alıb işə iddiaçının iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia müddəti ötürüldüyünə görə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İş materiallarında olan: 14 may 2014-cü il tarixli, 245/14 saylı “Vakala” borc müqaviləsindən və ona əlavələrdən görünür ki, Azərbaycan Beynalxalq Bankı İslam Bankçılığı Departamenti ilə Cavabdeh “Kirby” firmasının istehsalı olan “Sentria” modelli, ********** nömrəli avadanlığın alınması üçün 24 ay müddətinə, illik 20% dərəcəsi ilə, 2947 manat məbləğində kredit verilmişdir. Kreditin son ödəniş tarixi 14 may 2016-cı ildir. Borcalan borc aldığı pul vəsaiti ilə dərhal gösərilən əmlakı almağı öhdəsinə götürmüşdür. 15 may 2014-cü il taixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 2917 manat məbləğində pul vəsaiti verilmişdir. 19 sentyabr 2024-cü il tarixli, 13-7/3-1123/2024 saylı arayışdan 17 aprel 2018-ci il tarixli, S-FK-JB-136 saylı təhvil-təslim aktından görünür ki, "xxxx"ASC tərəfindən İddiaçı QSC-yə 17 aprel 2018-ci il tarixdə 14 may 2014-cü il tarixli, 245/14 saylı müqavilə üzrə borclu Cavabdeh 2863.21 manat məbləğində borcunun tələb hüququ ötürülmüşdür. Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(050)-2090/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi “X3 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh 2565.08 manat əsas, 298.13 manat faiz, ümumilikdə 2763.21 manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul tələbinə dair iddiası iddia müddəti ötürüldüyü üçün təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(106)-644/2020 saylı qərardadı ilə, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi “X3 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru X1 iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizəsinin qəbul edilməsi, Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(050)-2090/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə dair iddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Göründüyü kimi kredit müqaviləsi 14 may 2014-cü il tarixdə 24 ay müddətinə bağlanılmışdır. Həmin müqavilə üzrə icra müddəti 14 may 2016-cı il tarixdə bitmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir kredit müqaviləsi üzrə sonuncu dəfə 25 dekabr 2014-cü ildə ödəniş edilmişdir. Belə bir vəziyyətdə sonuncu ödəniş kredit müqaviləsinin bitmə müddətinə qədər olduğundan iddia müddətinin axımı kredit müqaviləsi üzrə sonuncu ödəniş günündən, yəni 14 may 2016-cı il tarixdən hesablanmalıdır. İddiaçının hazırkı tələblə bağlı iddia ərizəsi 01 oktyabr 2024-cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən keçirilməsi barədə iddia ərizəsində göstərildiyi hal borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın təsir dairəsinə düşməsi üzürlü hesab edilə bilməz. Belə ki, ilk dəfə iddiaçı məhkəməyə 23 iyul 2019-cu il tarixdə müraciət etmiş və həmin iddiası iddia müddəti keçdiyindən rədd edilmişdir. Beləliklə iddiaçının göstərdiyi hal üzrlü hesab edilməməlidir. İddiaçı məhkəməyə başqa hər hansı sübut təqdim etməmiş, həmçinin, məhkəmə iclası zamanı iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi halları müəyyən edilməmişdir. Cavabdeh isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbi barədə iddiası təmin edilməməli və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbi barədə iddiası iddia müddəti ötürüldüyü üçün təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3338/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3338/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver