Məhkəmə qərarları › İş №2(050)-3339/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3339/2023

26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3339/2023 26.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2303/2023 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləği olaraq 200 (iki yüz) manat alimentin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2008-ci ildə Cavabdeh ailə ailə həyatı qurmuşdur. Birgə yaşadığları müddət ərzində xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Masallı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək mediasiya qurumu tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2010cu il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğinin Cavabdeh alınaraq ona verilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(050)-2303/2023 saylı qətnaməsinə əsasən iddiası təmin olunmuşdur. Lakin, cavabdehdən tutulan hər uşağa görə aylıq 125 manat, cəmi 250 manat sabit pul məbləği uşaqların ehtiyacını qarşılamır. Himayəsində olan övladlarını cavabdehdən tutulan aliment pulu ilə saxlamaqda çətinlik çəkir. Cavabdehdən tutulan aliment uşaqlarının ehtiyaclarını ödəməməklə yanaşı, təhsildəndə geri qalmalarına səbəb olur. Onların təhsil tələbatlarını ödəmək mümkünsüz hala gəlmişdir. Geyim, ərzaq və zəruri ehtiyaclarını qarşılamır. Odur ki, məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən də iddiaçı ilə birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. Daha sonra münasibətləri pisləşdiyindən ayrılmışlar. Ayrıldıqdan sonra məhkəmə qətnaməsi ilə hər ay bir uşağa görə 125 manat, cəmi 250 manat aliment müəyyən edilmişdir. Hazırda iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyildir. Belə ki, başqa ailəsindən olan bir uşaq üçün də aliment ödəyir. O, hər bir uşaq üçün 125 manatdan artıq aliment ödəyə bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 27 yanvar 2009-cu ildə X4 və 13 oktyabr 2010-cu ildə X6 adlı iki uşaqları anadan olmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan 27 yanvar 2009-cü ildə X4 və 13 oktyabr 2010-cu ildə X6 adlı uşaqları doğulmuş və həmin uşaqların atası Cavabdeh hesab edilmişdir. X1 tərəfindən təsdiqlənmiş 06 sentyabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02124 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. Masallı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(050)-2303/2023 saylı qətnaməsinin surətindən görünür ki, 01 iyun 2023-cü ildən başlayaraq Cavabdeh 27 yanvar 2009-cu il təvəllüdlü X2 və 13 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 27 yanvar 2009-cu il təvəllüdlü X4 və 13 oktyabr 2010-cu X6 adlı iki nəfər uşaqları anadan olmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş və ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(050)-2303/2023 saylı qətnaməsinə əsasən 27 yanvar 2009-cu il təvəllüdlü X2 və 13 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehin azyaşlı Zeynəbin və Turanın saxlanılması üçün ödəməli olduğu alimentin uşaqların tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, uşaqları saxlamaq, qayğısına qalmaq, onların maddi və mənəvi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Məhz bu səbəbdən də uşaqların saxlanılmasında o da iştirak etməli və hazırki tələbatına uyğun aliment ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, Masallı Rayon Məhkəməsinin Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(050)-2303/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və 27 yanvar 2009-cu il təvəllüdlü X4 və 13 oktyabr 2010-cu X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay, bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(050)-2303/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və 27 yanvar 2009-cu il təvəllüdlü X2 və 13 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay, bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Artırılmış alimentin tutulmasına Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2 (050)-3339/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar