Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3344/2025 04.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 12311 manat pulun və ödənilmiş 130 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə birlikdə “Toyota Aqua” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomaşını Dubaydan sifariş vermişlər. Avtomobilin dəyəri üçün 22000 manat pul ödəmişlər. Həmin məbləğin 8000 manatını o, qalan 13930 manatını isə cavabdeh ödəmişdir. Avtomobili Azərbaycana gətirildikdən sonra sata bilmədikləri üçün razılığa gəlmişlər ki, avtomobili Cavabdeh özü götürsün və onun qoyduğu 8000 manat pulu iki il ərzində hər ay 512 manat olmaqla ümumillikdə 12311 manat ona ödəsin. Lakin cavabdeh razılığa əməl etməmişdir. Onlar sənədləşməni xx.xx.2025-ci il tarixdə aparmasına baxmayaraq, cavabdeh avtomobili xx.xx.2025-ci il tarixdən istifadəsinə götürmüşdür. Avtomobilə verdiyi pulun gəliri əlindən çıxmışdır. Cavabdeh taksi fəaliyyəti göstərərək həmin maşından ayda 2500 manat pul qazanır, o, isə gəlirsiz qalmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən də, İddiaçı ilə birlikdə “Toyota Aqua” markalı avtomaşını Dubaydan sifariş edərək gətirmişlər. Avtomobilin dəyəri üçün iddiaçı 8000 manat pul ödəmişdir. Avtomobil gəldikdən sonra sata bilmədikləri üçün həmin avtomobili özü götürmüşdür. İddiaçının verdiyi 8000 manat pula görə isə iki il ərzində hər ay 512 manat olmaqla ümumillikdə 12311 manat iddiaçıya ödəməyi barədə aralarında razılığa gəlmişlər. Lakin, sonradan maddi imkanı olmadığı üçün pulu ödəyə bilməmişdir. Qeyd olunan məbləği hissə-hissə iddiaçıya ödəməyə razıdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. İş materillarında olan 02 fevral 2025-ci il tarixli qəbzdə göstərilir: “Mən Cavabdeh mənə məxsus “Toyota Aqua” markalı **-SY-*** nömrəli avtomobilə olan borcumu 24 ay müddətində ayda 512 manat olmaqla ödəyəcəyəm. Ümumi məbləğ 12311 manat ödəyəcəyəm. Əgər vaxtından tez ödəsəm qalan pulları çıxacağığ. Öz imzamla təsdiq edirəm. Cavabdeh İmza var. xx.xx.2025”. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehin ona 24 ay müddətində hər ay 512 manat olmaqla, ümumilikdə 12311 manat pulu ödəməyi öhdəsinə götürməsini və hal-hazıradək heç bir ödəniş etmədiyini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən sübütlar məhkəməyə təqdim edilmişdir. Belə ki, məhkəmə iclası zamanı Cavabdeh izahatında və məhkəməyə təqdim edilmiş qəbzdə İddiaçıla aralarında olan razılaşmaya əsasən sonuncuya 24 ay müddətində hər ay 512 manat olmaqla, ümumilikdə 12311 manat pulu ödəməyi öhdəsinə götürməsini, lakin hal-hazıradək heç bir ödəniş etmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ümumilikdə 12311 manat borcu qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdeh tərəfindən etiraf etməsinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanuna zidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbədən cavabdehin iddianı etiraf etməsini qəbul edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh borca görə 12311 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 127 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh borca görə 12311 manat və ödənilmiş dövlət rüsumuna görə 127 manat, cəmi 12438 (on iki min dörd yüz otuz səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-3344/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3344/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver