Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3384/2025 12.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: xx.xx.2025-ci il tarixində və xx.xx.2025-ci il tarixlərində Bambaşı kəndində yaşayan tanışı X3 mesaj yazaraq bildirmişdir ki, ona iki günlüyə pul lazımdır. O da qeyd etdiyi tarixlərdə milliön və kart vasitəsi ilə ümumilikdə 4225,95 manat pulu cavabdehin hesabına göndərmişdir. Bir həftə keçdikdən sonra Cavabdeh onun verdiyi pulu qaytarmamışdır. Dəfələrlə ona zəng vurduqdan sonra Ceyhun ümumi borcdan ona 400 manat geri qaytarmışdır. Bir neçə gün sonra təkrarən Ceyhuna zəng etdikdə sonuncu onu şantaj etmişdir. Qeyd edir ki, o, bir din xadimidir, cəmiyyətdə mədəniyyətinə və getdiyi ziyarətlərə görə öz nüfuzu vardır. Cavabdehlə o və tanıdığı digər hörmətli şəxslər danışıq aparsa da, cavabdeh öz əməlindən əl çəkməmişdir. Ceyhun Qədiməliyev onun kimi bir neçə şəxsə qarşı belə əməlləri edərək onları da aldatmış, hətta haqqında inzibati tənbeh tədbiri də tətbiq edilmişdir. İddiaçının tələbi: Cavabdeh X1 3825 manat və məhkəməyə müraciət üçün ödədiyi 150 manat dövlət rüsumunun, ümumilikdə 3975 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini qəbul etmir. Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçının ona qarşı tələbi tam əsassız və qanunsuzdur. İddiaçının ərizədə göstərdiyi halların heç biri öz təsdiqini tapmır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh qardaşına təcili pula ehtiyacı olduğunu bildirərək qardaşından ümumilikdə 3800 manat borca pul istəmişdir. Qardaşı isə cavabdehə inanaraq xx.xx.2025-ci il tarixdə 1100 manat və 700 manat, xx.xx.2025-ci il tarixdə isə 2000 manat olmaqla kart hesabına köçürmə vasitəsilə borc vermişdir. Sonda məhkəmədən cavabdeh Ceyhun Qədiməliyevə borc verilmiş pulun geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Şahid ifadəsi: X2 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, o, iddiaçının sürücüsü olmuşdur. Cavabdehi tanımır və onunla heç vaxt şəxsi tanışlığı olmamışdır. İddiaçı ona 700 manat pul vermiş və həmin pulu cavabdehin kart hesabına köçürməyini xahiş etmişdir. Bundan başqa iddiaçının mobil tətbiq vasitəsilə də cavabdehə pul köçürməsi etməsinə köməklik etmişdir. Onların arasında əvvəllər də borc münasibətlərinin olub-olmaması barədə məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2025-ci il tarixli, saat 16:50 qeyd edilmiş qəbzdən görünür ki, 16,05 manat komissiya tutulmaqla 1100 manat, xx.xx.2025-ci il tarixli saat 13:54 qeyd edilən qəbzdən görünür ki, 9,95 manat komissiya tutulmaqla 2000 manat, xx.xx.2025-ci il tarixli saat 22:51 qeyd edilən qəbzdən görünür ki, 700 manat köçürmə edilmişdir. Vəsaiti qəbul edən şəxs Ceyhun Q***** qeyd edilmişdir. İş materillarındakı bir ədəd DVD diskdə olan səs yazıdan müəyyən olunur ki, tərəflər arasında borc münasibətləri olmuşdur. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 71 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İşin hallarından və iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında faktiki olaraq borc münasibətləri yaranmış, iddiaçı tərəfindən Cavabdeh kart hesabına 3800 manat pul vəsaiti göndərilmişdir. Qeyd edilən pul vəsaitlərinin cavabdehin kart hesabına göndərilməsi iş materiallarına əlavə edilmiş qəbzlər və şahid ifadəsi ilə təsdiq edilir. İşin hallarına əsasən cavabdeh borcunu hal-hazıradək qaytarmamışdır. Tərəflər arasında bağlanılmış borc müqavilələrinin predmeti 3800 manat təşkil edir və və qeyd edilən müqaviləyə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbləri pozulmuş, müqavilə yazılı formada bağlanılmalı olduğu halda, şifahi formada bağlanılmışdır. Belə olan halda isə hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlərə MM-nin 337.5-ci maddəsi tətbiq edilməli, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Yəni cavabdeh tərəfindən 3800 manat pul iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə pul məbləğinin 700, 1100 və 2000 manat olmaqla hissə-hissə göndərilməsinə münasibətdə qeyd edir ki, həmin məbləğlər 18 və 19 yanvar 2025-ci il tarixlərdə ayrı-ayrı zaman kəsimlərində göndərilsə də, vahid niyyətlə atıldığından tərəflər arasındakı hazırki münasibətlərin pul məbləğlərinə müvafiq olaraq ayrı-ayrı borc müqavilələri kimi qiymətləndirilməsi mülki qanunvericiliyin normalarına uyğun hesab edilmir. Göründüyü kimi, hazırda cavabdeh iddiaçıya məxsus pul vəsaitini özündə heç bir qanuni əsas olmadan saxlamaqla əsassız olaraq varlanmışdır. Odur ki, məhkəmə 3800 manat pul tələbi hissəsində iddia tələbini əsaslı hesab edir. Bundan əlavə iş materialarında olan qəbzlərdə iddiaçıdan 1100 manat pulun köçürülməsinə görə 16,05 manat, 700 manat pul vəsaitinin köçürülməsinə görə 9,95 manat komissiya pulu tutulduğu müəyyən edilmişdir. Məhkəmə komissiya pulu üçün hesablanmış 25 manat pula münasibətdə də iddia tələbini əsaslı hesab etməklə Cavabdeh 3825 manat pulun İddiaçı xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə tələb edilən 150 manat dövlət rüsumundan iddiaçı tərəfindən ödənilməsi xx.xx.2025-ci il tarixli qəbzlə təsdiq edilmiş 71 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə dövlət rüsumunun ödənilməsi sübuta yetmir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3825 manat, dövlət rüsumuna görə ödənilmiş 71 manat alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3384/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3384/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver