Məhkəmə qərarları › İş №2(050)-3386/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3386/2023

23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Cavabdeh: Əliyev Elmar Bəxtiyar oğlu. Ünvan: Masallı rayonu Qızılağac kəndi. Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3386/2023 23.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, iddiaçı X7, onun nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə İddiaçı X7 Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyun 2016-cı ildə anadan olmuş X8 və 26 dekabr 2017-ci ildə anadan olmuş X2 barələrində təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, aliment miqdarının artırılmasını müəyyənləşdirən müvafıq məhkəmə qətnaməsini çıxarıb hər bir uşaq üçün hər ay ödənilməsi şərti ilə sabit pul məbləğində 250 manat, cəmi hər ay 500 manat məbləğində aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə evlənib ailə həyatı qurduqdan sonra birgə nigahda 2 övladları dünyaya gəlmişdir. Belə ki, övladları 06 iyun 2016-cı ildə X8 və 26 dekabr 2017-ci ildə X6 anadan olmuşlar. Ailə münasibətlərində kobud rəftar, təhqir, xəsarət halları törətdiyindən və qeyri normal həyat tərzi keçirtdiyinə görə Masallı rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(050)-2373/2021 nömrəli qətnaməsi əsasında nikahları pozulmuşdur. Ayrı-ayrı ünvanlarda yaşayırlar. O, atası evində, yəni ünvan 1inə gəlib valideyinlərinin yanında məskunlaşmışdır. İki azyaşlı uşaqlar da onun himayəsində olmaqla onun tərbiyəsi altında yaşamaqla kənd məktəbində təhsillərini davam etdirirlər. O, hazırda ata soyadına qayıtmışdır. O, heç bir yerdə işləmir. Olduqca çətin maddi şəraitdə dolanır, gecikdirilməklə aldığı aliment pulu uşaqlarının dolanışığına, yaşam tərzinə, məktəb (bir uşağa məktəbli geyimi 100 manata başa gəlir) və sağlamlıq (oğlu Amilin ciddi nitq qüsurları vardır) xərclərinə yetmir. Göstərilən səbəblərə və son dövrdə malların, işlərin, xidmətlərin ümumi qiymət artımlarına əsaslanıb məhkəmə qaydasında alimentin artırılmasını məqbul hesab edərək, Masallı rayon Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Bununla bağlı Mediasiya təşkilatına da müraciət edib müvafıq rəsmi sənəd əldə etmişdir. Bu gün respublikada uşaqların yaşaması və normal qidalanması üçün yaşayış minimumu belə 193 manatı ötmüşdür. Bu gün maddi çətinliklərinin mövcudluğuna ciddi diqqət yetirməklə, 2 azyaşlı övladının da sıxıntıları nəzərə alaraq, alimentin miqdarının artırılmasını və sabit pul məbləğində hər bir uşaq üçün 250 manat aliment pulu ödənişinin məhkəmə qaydasında müəyyən edilməsinə ciddi ehtiyacı var. ünvan 2 ünvanına göndərilən məktublar Yeddioymaq Şıxlarına yönəldilmişdir. Nəticədə qeyd olunan ünvanda yaşamır kimi poçtdan məhkəmələrə geri qaytarılmışdır. Bu məqamların da diqqətdə saxlanılması vacibdir. İddiaçı X13 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlə birgə nikahlarından olan böyük uşağı xəstədir. Uşağı Loqapedə aparır və bunun üçün pul tələb olunur. Hazırda heç yerdə işləmir və bu səbəbdən hazırda uşaqlar üçün tutulan aliment məbləğinin artırılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hazırda heç bir yerdə işləmir. İkinci dəfə qeyri-rəsmi nikaha girmişdir. Hazırda yoldaşı hamilədir. Meyxana ilə məşğul olur. Hər ay uşaqların saxlanılması üçün cəmi 300 manat vermək iqtidarındadır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2373/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh 06 iyun 2016-cı ildə anadan olmuş X4 və 26 dekabr 2017-ci ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat miqdarında aliment tutularaq X14 ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının başlanğıcı 03 noyabr 2021-ci il tarixdən hesablanması, Cavabdeh ilə İddiaçı arasında 2 saylı Bakı "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 01 oktyabr 2015-cı il tarixdə 2407 nömrə ilə qeydə alınmış nikah pozulması, 06 iyun 2016-cı ildə anadan olmuş X8 və 26 dekabr 2017-ci ildə anadan olmuş X6 anaları X11 yanında və himayəsində saxlanması qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 194 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 06 iyun 2016-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 26 dekabr 2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Əmək və ƏSMN Dayanıqlı və Operativ STA 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-7/2-T-40407/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə əsasən xx.xx.2023-cü il tarixindən işsiz kimi qeydiyyatdadır və "Əmək və Məşğulluq” altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. İşdən görünür ki, Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)- 2373/2021 saylı qətnaməsi ilə Cavabdeh 06 iyun 2016-cı ildə anadan olmuş X4 və 26 dekabr 2017-ci ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat miqdarında aliment tutularaq X14 ödənilməsi təmin edilmişdir. Hazırki alimentin miqdarının artırılması barədə iddia ərizəsi 13 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur, tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olması müəyyən olunmaqla alimentin miqdarının artırılması tərəflərdən iddiaçının diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarı hər bir uşağa görə 180 manat müəyyən edilməsini məhkəmə qanuna uyğun hesab etmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər bir uşağa görə hər ay 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin miqdarının tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 06 iyun 2016-cı il təvəllüdlü X4 və 26 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 180 manat olmaqla, iki uşağa görə 360 (üç yüz altmış) manat müəyyən edilərək iddiaçı X10 verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılmış miqdarının tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar