Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3389/2024 07.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı Cavabdeh1 Sübhan qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Sübhan qızı və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və həyat yoldaşı Cavabdeh2 müştərək qaydada ona borclu olduqları 1660 manat, onlara görə lambarddan götürmüş olduğu pulun faizi olan 1320 manat, məhkəmə rüsumu kimi ödənilmiş 42 manat, cəmi 3022 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində balası ilə birlikdə satdığı inəyə görə 1660 manat pul tələb etmişdir. Həmin məbləğin 1010 manatı cavabdeh tərəfindən ödənilmişdir. Onların hazırda 650 manat borcu qalmışdır. Odur ki, 650 manat pulun və eyni zamanda lombarddan götürdüyü pulun faizi olaraq 1320 manat və dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Yardımlı rayon Horavar kəndində qeydiyyatda olmasına baxmayaraq, həmkəndlisi digər Cavabdeh1 Sübhan qızı ilə evli olmaqla Masallı rayon, Musaküçə kəndində yaşayırlar. 17 aprel 2024-cü il tarixində cavabdehlər onun yaşadığı evə gələrək ona balası ilə birlikdə inək satdığını eşitdiklərini bildirmişlər. Qiyməti razılaşdırdıqdan sonra onun pulunu ot biçimində otlaq sahəsinin otunu biçib satıb verəcəklərini bildirmişlər. O, Ramazanı kənddə ailə qurmuş olduğu həmkəndlisi Höküməyə görə tanımağına görə onlarla razılaşmış, balası ilə birlikdə saxladığı heyvanı 1660 manata razılaşıb satmışdır. Sonra ot biçimi zamanında həmin ilin may ayında cavabdehə satmış olduğu balalı heyvanın pulunu istəmiş, ona narahat olmamağını, uzağı 1 həftə ərzində onun pulunu verəcəklərini bildirmişlər. Aldadıldığını başa düşdükdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, ehtiyacı üçün heyvanı satmışdır. Məcbur qalaraq ehtiyacına görə 29 may 2024-cü il tarixində lambarddan qızıl-zinət əşyalarını 38 %-lə Bokt Fineks Kredit ASC-yə girov qoyub 1530 pul götürmüş və sonradan əlavə ehtiyac olması ilə bağlı, 04 iyul 2024-cü il tarixində 38 %-lə Bokt Fineks Kredit ASCyə qızıllarını girov qoyub 1960 manat əlavə olaraq məcbur qalıb lombardlara girib pul götürüb faizləri də ödəyir. Onların ucbatından qızıl-zinət əşyalarının sahibliyini itirmişdir. Eyni zamanda cavabdehlər onu 1320 manat faizə pul götürmək məcburiyyətində qoymuşlar. Cavabdehlər müştərək qaydada həm də ona faizi borcunu da ödəməlidirlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlər borclarından 1010 manat qaytarmışlar. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Sübhan qızı məhkəmə iclasında iddianı qəbul edərək, bildirdi ki, iddiaçıdan 1660 manata balası ilə birlikdə heyvan almışlar. Həmin puldan 1010 manat qaytarmışlar, qalan 650 manat borcunu isə maddi imkanı olmadığından və xəstə olduğundan qaytara bilməmişdir. Borcunu tam olaraq qaytara bilmir, növbəti ayda əmək haqqı alarkən borcu qaytaracağını bildirir. Sonda H.S.Şahverdiyev göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Masallı rayonu Musaküçə kənd sakini polisə müraciət edərək, Ramiz adlı tanışına 1 baş iribuynuzlu heyvanı balası ilə birlikdə satdığını, Ramizin onu aldadaraq pulunu mənimsəməsini və pulunu istəyərkən onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. Şikayət üzrə araşdırma aparılmış, iş üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Qiymətləndirmə aktı və ödəniş cədvəllərindən görünür ki, İddiaçı Bokt Fineks Kredit ASC-dən qızıl-zinət əşyalarını girov qoymaqla 29 may 2024-cü il tarixdə 1383 manat, 04 iyul 2024-cü il tarixdə isə 1960 manat kredit götürmüşdür. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 42 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsinə məhkəmədə baxılarkən alınmış izahatlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 Sübhan qızı və Cavabdeh2 şifahi nisyə alqı-satqı müqaviləsi bağlayaraq, İddiaçı 1660 manata balası ilə birlikdə 1 baş heyvan (inək) almışdır. Həmin məbləğdən 1010 manat qaytarılmış, qalan 650 manat pul isə qaytarılmamışdır. Cavabdeh də iddianı qəbul edərək, iddiaçının heyvanın alınması ilə bağlı borcu etiraf etmiş, lakin pulun vaxtında qaytarılmaması səbəbindən iddiaçının kredit faizləri ilə bağlı yaranmış ziyanın ona ödənilməsi tələbini qəbul etməmişdir. Məhkəmə qeyd edilən mübahisənin hüquqi əsası kimi şifahi nisyə alqı-satqı müqaviləsinin müvafiq normaları tətbiq edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin vaxtında icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, şifahi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini razılaşdırılmış vaxtadək tam şəkildə ödənilməsini təmin etməmişdir. Məhkəmə iddiaçının pulun vaxtında ona qaytarılmaması səbəbindən pula ehtiyacı olduğundan lambarddan götürdüyü kreditin faizi kimi 1320 manatın ona ödənilməsi tələbi ilə bağlı bildirir ki, iddiaçı lobarddan kredit götürməsini məhz ona inəyin pulunun ona vaxtında verilməməsi ilə bağlı olduğunu sübut edə bilməmişdir. Yəni, inəyin pulunun vaxtında ona veriləcəyi halda, kredit üçün müraciət etməyəcəyi fikrinə gəlinməsi üçün tutarlı əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, nisyə alqı-satqı müqaviləsinin məzmunu alınmış əşyanın dəyərinin müqavilə bağlanması anında deyil, gələcəkdə ödənilməsi şərti ilə bağlanmasını ehtiva edir. Satıcı bir növ qeyd edilən əşyanı nisyə verməklə verdiyi əşyanın gələcəkdə ona ödənilməsinə razı olduğunu iradə ifadəsi ilə bildirir və bir növ həmin pulun qaytarılmayacağı halda, yaranmış risqləri də qəbul etmiş olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə bağladığı müqavilə əsasında verdiyi heyvanın dəyərinin ona vaxtında ödənilmədiyi üçün məcbur qalaraq kredit götürməsi halını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən ziyan tələbi təmin edilməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, satılmış heyvanın qiymətindən qalan 650 manat məbləğində pul vəsaiti, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehlər Cavabdeh1 Sübhan qızından və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 42 manat məbləğində pul vəsaitinin 30 manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 Sübhan qızından və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Satılmış heyvana (inəyə) görə ödənilməmiş 650 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 Sübhan qızından və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul cavabdehlər Cavabdeh1 Sübhan qızı və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3389/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3389/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver