Məhkəmə qərarları › İş №2(050)-3395/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3395/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3395/2024 28.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay uşaq üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(050)-827/2018 saylı qətnaməsi ilə kəsilmiş 100 manat alimentin miqdarı artırılaraq 500 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahlarını rəsmişəldirməmişlər. Faktiki nikahlarından bir övladları olmuşdur. Övladı xx.xx.2017-ci il təvəllüdlü X2r. Münasibətləri pozulduğundan 2018-cü ildən faktiki ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan övladı onun himayəsində yaşayır. Rəsmi nikahları olmadığından uşağının atalığı müəyən edilməmişdir. Cavabdehdə qəsdən qeydiyyat şöbəsinə ərizə verməkdən boyun qaçırmışdır. Atalığın müəyyən edilməsi və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(050)-827/2018 saylı qətnaməsi ilə uşağının atalığı müəyyən edilmiş və uşağının saxlnılması üçün cavabdehdən 100 manat alimentin tutulması qət edilmişdir. Kəsilmiş alimentlə uşağının tələbatını ödəyə bilmir. Uşağının təlimtərbiyyəsi və təhsili ilə özü maraqlanır. Heç bir yerdən başqa gəliri yoxdur. Cavabdeh fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə edir. Cavabdehin Azərbaycanda və Rusiya Federasiyasında biznesləri vardır. Yüksək səviyyədə pul qazanmağına baxmayaraq övladına heç bir maddi yardım göstərmir. Cavabdehdən dəfələrlə alimentin miqdarının artırmasını xahiş etsə də heç bir nəticəsi olmamışdır. Odur ki, yenidən məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini, qanuna müvafiq aliment təyin edilməsini cavabdehdən 500 manat məbləğində aliment tutulmasını xahiş edi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək bildirdi ki, təmsil etdiyi şəxs oğludur. Oğlu yenidən ailə həyatı qurmuşdur və yaxınlarda övladı olacaq. Alimenti özü 100 manatı pensiyası ilə ödəyir. Oğlu Rusiya Federasiyasında bacısı evində qalır. O, əlindən xəsarət alıb və işləyə bilmir. Alimentin 50 manat məbləğdə artırılmasına etiraz etmir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, 02 yanvar 2014-cü il təvəllüdlü X1 atası X3, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-827/2018 saylı qətnaməsindən görünür ki, 02 yanvar 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 yanvar 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 18 oktyabr 2024-cü il tarixli, 3-17-5/2-B-74035 saylı məktubundan görünür ki, Cavabdeh adına “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsi daxil edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-827/2018 saylı qətnaməsinin qəbulundan 6 ildən artıq bir müddətin keçməsini və bu müddət ərzində uşağın böyüdükcə artan tələbatlarını, dünyada baş verən hadisələrlə bağlı ölkədə də baş vermiş müəyyən qiymət artımını, diqqətəlayiq digər halları, eləcə də uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, yaşayış minimumu ilə müəyyən edilmiş məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini nəzərə alaraq ödənilməli olan alimentin miqdarının 200 manat sabit pul məbləğində müəyyən olunmasını uşağın hüquq və mənafelərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay sabit pul məbləği ilə 500 manat aliment tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-827/2018 saylı qətnaməsi ilə 02 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar