Məhkəmə qərarları › İş №2(050)-341/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-341/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-341/2024 13.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5000 manat məbləğində pulun və 70 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 16 sentyabtr 2022-ci ildə Masallı regional “ASAN xidmət” mərkəzinin Notariat ofisində müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ondan 5000 manat borc pul almışdır. Cavabdeh aldığı borc pulu 16 sentyabr 2023-cü il tarixədək qaytarmalı idi. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh aldığı 5000 manat pulu geri qaytarmamışdır. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1 və 743-cü maddələrinə istinad etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmunun uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı ilə yaxın münasibətləri olmuşdur. Belə ki, iddiaçı ilə spirtli içkilərin satışı ilə bağlı ticarət əlaqələri olmuşdur. İddiaçı Saatlı rayonundan ona spirtli içkiləri Masallı rayonuna göndərmiş, o, da həmin içkilərin satışını həyata keçirmişdir. Onunla işləyərkən əmək müqaviləsi bağlanmamış, maaş almamışdır. Əslində işlədiyi üçün maaş almalı idi. Kredit müqaviləsi formal olaraq işin bəzi ziyanların olacağı təqdirdə onun ödənilməsi üçün zəmanət kimi bağlanmışdır. 16 sentyabtr 2022-ci il tarixli müqavilədəki və müqaviləyə əsasən "xxxx" ASC-nin Cənub filialından pulun götürülməsi barədə sənədlərdəki imza ona məxsusdur. Müqavilə bağlanan vaxt iddiaçı ilə aralarında etibar olduğundan bunu mübahisələndirməmişdir. Maddi imkanı yoxdur. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və cavabdehi dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3M-151 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 5000 manat məbləğində notariusun depozit hesabı ilə borc pul vermək, cavabdeh isə aldığı borc məbləğini xx.xx.2023-cü il tarixədək borc verənə notariusun bankda olan depozit hesabı ilə qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 17 noyabr 2023-cü il tarixli pretenziyadan görünür ki, sonuncu xx.xx.2022-ci il tarixli müqavilə üzrə alınmış 5000 manat borcun 10 gün müddətində tam şəkildə qaytarılmadığı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 70 manat pul ödəmişdir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (739.2). Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (427.3). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında şərtləri notarial qaydada təsdiqlənmiş müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə ki, cavabdeh almış olduğu pulun qaytarılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Sübutların bölgüsü baxımından cavabdeh aldığı pulun qaytarmasını sübut etməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin uydurma əqd olmasını bildirsədə həmin hal təsdiqini tapmamışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Cavabdeh müqavilənin iddiaçı ilə işləri ilə əlaqədar ziyanları olacağı təqdirdə onun ödənilməsi üçün zəmanət kimi bağlanıldığını iddia etsədə, işin araşdırılması zamanı müqavilənin etibarsızlığına əsas ola biləcək hal müəyyən edilməmiş, nədə ki, iddiaçı bunu sübut edə bilmişdir. Bundan başqa, əgər müaqvilə uydurma əqd idisə, cavabdeh hansı səbəbdən gələcəkdə baş verib-verməməsi məlum olmayan hala görə borc müqaviləsini bağlamasını əsaslandıra bilməmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, müqavilə üzrə 5000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5000 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 70 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar