Məhkəmə qərarları › İş №2(050)-3458/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3458/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3458/2023 31.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində alimentin və mediasiyaya ödədiyi 50 (əlli) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(050)-2967/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin, cavabdehdən tutulan hər ay 120 manat sabit pul məbləği uşağın ehtiyacını qarşılamır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment belə həmin vaxtdan nəzərdə tutulmuş məbləğdə ödənilməmişdir. Uşağın təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələblərini ödəmək tək qadın olaraq ona çox çətindir. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Masallı ayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 28 iyun 2019-cu ildə X5 adlı bir uşaqları anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(050)-1294/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 və Cavabdeh arasında Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış 24 avqust 2018-ci il tarixli, 95 saylı nikah akt qeydinin pozulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikaha 14 fevral 2020-ci il tarixdə xitam verilmişdir. Masallı Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(050)-2967/2019 saylı qətnaməsinin surətindən görünür ki, 28 iyun 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi onun saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. X1 tərəfindən təsdiqlənmiş 11 sentyabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02037 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini dinləyib, mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 28 iyun 2019-cu il təvəllüdlü X4 adlı bir nəfər uşaqları anadan olmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş və ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(050)-1294/2019 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş, daha sonra isə məhkəmənin 12 dekabr 2019-cu il tarixli, 2(050)-2967/2019 saylı qətnaməsi ilə 28 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehin azyaşlı Uğurun saxlanılması üçün ödəməli olduğu aliment uşağın tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, uşaqları saxlamaq, qayğısına qalmaq, onların maddi və mənəvi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Məhz bu səbəbdən də uşağın saxlanılmasında o da iştirak etməli və hazırki tələbatına uyğun aliment ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı alimentin artırılması tələbinə dair iddiasına təxminən 4 il bundan əvvəl baxılaraq 120 manat aliment müəyyən olunduğundan, həmin vaxtdan hazırki dövrədək uşağın tələbatı artdığından, Masallı Rayon Məhkəməsinin Məhkəməsinin 12 dekabr 2019cu il tarixli, 2(050)-2967/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və 28 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq dövlət büdcəsinə və mediyasiya xərci olaraq 50 (əlli) manat tutularaq iddiaçiya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(050)-2967/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və 28 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Artırılmış alimentin tutulmasına Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2 (050)-3458/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq dövlət büdcəsinə və mediyasiya xərci olaraq 50 (əlli) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar