Məhkəmə qərarları › İş №2(050)-3469/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3469/2025

17.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3469/2025 17.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçı Nəzərova (əvvəl Babayeva) Nərmin Faiq qızının, Cavabdeh iştirakları ilə iddiaçı Nəzərova (əvvəl Babayeva) Nərmin Faiq qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Nəzərova (əvvəl Babayeva) Nərmin Faiq qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh övladı 12 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(050)-236/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aylıq 100 (yüz) manat alimentin məbləğinin artırılaraq hər ay 1000 (bir min) manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan 12 noyabr 2019-cu il təvəllüdlü X5 adlı bir övladları dünyaya gəlmişdir. Ailə münasibətləri pozulduğuna görə 2020-ci ildə ayrılmış, məhkəmənin 2(050)-236/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, azyaşlı övlad onun himayəsində saxlanılmış və uşağın təminatı üçün cavabdehdən aylıq 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Artıq uşağın 7 yaşı vardır və onun gündəlik tələbatları əhəmiyyətli dərəcədə artmışdır. Övladının təlim-tərbiyəsi və təhsili ilə məşğul olduğundan işləyə bilmir və bu səbəbdən uşağın bütün xərclərini təkbaşına qarşılaması mümkün olmur. Cavabdeh isə müəyyən edilmiş alimentdən başqa heç bir maddi yardım göstərmir. Cavabdeh Meşə İdarəsində işləyərək təqribən 500 manat əmək haqqı alır, əlavə olaraq Xanalion kəndində ona məxsus müasir tələblərə cavab verən bərbər salonunda bərbərlik fəaliyyəti ilə yüksək gəlir əldə edir. İri buynuzlu heyvanların saxlanılması ilə məşğul olmaqla ferma təsərrüfatı idarə edir. Ferma təsərrüfatının orta bazar dəyəri 100.000 (yüz min) manatdan çoxdur. Bu fəaliyyətlərin ümumi aylıq gəliri təqribən 3000–5000 manat təşkil edir. Mediasiya prosesi zamanı və ondan kənar bir neçə dəfə alimentin artırılması barədə cavabdehə müraciət etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. 2020-ci ildə müəyyən edilmiş alimentdən bu günə kimi təxminən 5 ilə yaxın müddət keçmiş, bu müddətdə dəfələrlə inflyasiya baş vermiş və qiymətlər 3-4 dəfə artmışdır. 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat təşkil edir. Qeyd olunanları nəzərə aldıqda, cavabdehin ödədiyi 100 manat aliment övladın cəmi 10 günlük tələbatını ödəyir. Tərəflərin razılıq əsasında məhkəmədən kənar alimentin artırılmasına nail olmaq mümkün olmadığından məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İndeksasiya tələbi ilə məhkəməyə müraciət etmədiyini bildirir, çünki indeksasiya tətbiq olunduğu halda alimentin məbləği təqribən 160 manat olacaq və bu məbləğ övladın dolanışığı üçün yetərli deyil.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iddiaçı Nəzərova (əvvəl Babayeva) Nərmin Faiq qızı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, ikinci nikahdan 3 və 4 yaşında 2 uşağı vardır. İşdə olan şəkildə bərbər işlədiyi görsənsə də, o, 6 il əvvəl bərbər işləmiş və şəkil həmin vaxt çəkilmişdir. Heyvanları isə valideynləri saxlayır. Artıq 1 ildir ki, meşə idarəsində işləyir və hər gün işdə olur. Aylıq isə 500 manat əmək haqqı alır, başqa gəlir yeri yoxdur. Bir uşaq üçün aylıq 100 manat alimentin az olduğunu başa düşür, alimentin 130-140 manatadək artırılması halında bunu ödəyə biləcəkdir. Qeyd olunanlara əsasən iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları:

5. Masallı Rayon Məhkəməsinin 2(050)-236/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh və X8 arasında bağlanmış 08 noyabr 2018-ci il tarixli, 635 nömrəli nikah akt qeydinin ləğv olunması; 12 noyabr 2019-cu ildə anadan olmuş X2 anası X3 yanında və himayəsində saxlanılması; 12 noyabr 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X4 ödənilməsi; alimentin tutulmasının 19 mart 2020-ci il tarixdən hesablanması qət edilmişdir.

6. AZ-İV seriyalı 344330 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 noyabr 2019-cu il tarixdə Masallı şəhərində doğulmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında X8 qeyd olunmuşdur.

7. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 29 sentyabr 2025-ci il tarixli MŞM/MT036/2025-00952 saylı arayışdan görünür ki, hər iki tərəf İddiaçı və Cavabdeh 06 may 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin ikinci tərəf Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.

8. Mygov sistem çıxarışından görünür ki, İddiaçı hal hazırda işsizdir.

9. “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X7 Mərkəzində Meşə gözətçisi vəizfəsində işləyir və əmək haqqı 612 manat təşkil edir.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaql ailə qurmuşlar və bu nikahdan 12 noyabr 2019-cu il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Tərəflərin nikahı Masallı Rayon Məhkəməsinin 2(050)-236/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşağın saxlanması üçün 100 (bir yüz) manat məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı həmin məbləğdə alimentlə uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən iddiaçı Masallı Rayon Məhkəməsinin 2(050)- 236/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 1000 manat sabit pul məbləğində alimentin təyin edilməsini xahiş edir. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. Uşaq Hüquqları haqqında Qanun: Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1 -ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

16. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamə: Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. "Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

18. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı: 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.

19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı: "8.4-3-cü bəndə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. 1.2.3-cü bəndə əsasən 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

21. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır.

24. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır.

26. Belə ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, lakin uşağın saxlanması üçün müəyyən edilmiş alimentin minimum dolanacaq xərclərindən xeyli az olmasını, eyni zamanda cavabdehin ikinci nikahdan olan uşaqlarının da, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 12 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan Masallı Rayon Məhkəməsinin 2(050)-236/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh 12 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nəzərova (əvvəl Babayeva) Nərmin Faiq qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

27. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən miqdarı artırılmış alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi 01 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır.

28. Məhkəmə xərcləri: Hazırki halda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Cavabdeh tutulmuş (400x0,5=200) alimentin bir illik məcmusu 2400 manat təşkil edir təşkil edir ki, ona görə 44 manat dövlət rüsumu ödənilməlidir. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 44 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən az olduğundan, cavabdeh ödəməli olduğu dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etmədiyindən mediasiya üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmə baxışının hədləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Nəticə:

30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)- 236/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, 01 oktyabr 2025-ci il tarixdən başlayaraq Cavabdeh 12 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Nəzərova (əvvəl Babayeva) Nərmin Faiq qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin artırılmasına dair qətnamə MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilmədiyindən dərhal icra edilməməlidir.

31. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-236/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və 01 oktyabr 2025-ci il tarixdən başlayaraq Cavabdeh 12 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Nəzərova (əvvəl Babayeva) Nərmin Faiq qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçı Nəzərova (əvvəl Babayeva) Nərmin Faiq qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar