Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3587/2025 11.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7900 manat məbləğində pulun, o cümlədən 98 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh həyat yoldaşı Əkbərov Arif Yavər oğlu ilə xeyli zaman öncə tanış olmuş və dostluq münasibəti qurmuşdur. Cavabdehin əri ehtiyacları üçün bankdan kredit götürərkən ondan zamin durmağı xahiş etmiş və o, dostluqlarına xatir buna razılıq vermişdir. xx.xx.2014-cü il tarixdə “Kredit verən” "xxxx" ASC-nin Əhmədli filialı ilə “Kredit alan” Əkbərov Arif Yavər oğlu arasında “Zamin” qismində o, İddiaçı çıxış etməklə MK/42791/44/18 nömrəli Kredit sazişi bağlanmış və 24 ay müddətinə, illik 29 faiz dərəcəsi olmaqla 15000 ABŞ dolları məbləğində vəsait “Kredit alan”a verilmişdir. Kredit sazişinin 5-ci bəndinə əsasən sığorta girovu qismində 3519001MK4279118İ44C saylı hesabda 500 ABŞ dolları çıxış edir. Kredit müqaviləsinə 1 saylı əlavədə hər ay ödənilməli olan əsas borc məbləğləri və faiziərin həcmi cədvəl üzrə öz əksini tapmış, ümumilikdə əsas borc məbləği 15000 ABŞ dolları və faizlər 4947.57 ABŞ dolları olmaqla, cəmi 19947.57 ABŞ dolları müəyyənləşdirilmişdir. xx.xx.2014-cü il tarixli, BS-DK9994518-14 nömrəli Baş sazişin 2.4-cü bəndində “Bank”ın “Müştəri”yə müəyyən edilmiş xidmətlər göstərməyi, “Müştəri”nin isə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını, kreditlər üçün nəzərdə tutulmuş faizləri və digər ödənişləri icra etməyi öhdəsinə götürməsi təsbit olunmuşdur. xx.xx.2014-cü il tarixli, BALBM4407518/14 nömrəli Plastik kartı üzrə kredit xətti müqaviləsinin 3.1-ci bəndinə əsasən “Bank” kreditin istifadəsi və ödənilməsi üçün “Kredit alan”ın adına 3801000BM4407518 saylı cari hesab açılmışdır. Lakin “Kredit alan” Əkbərov Arif Yavər oğlu xx.xx.2014-cü il tarixli, MK/42791/44/18 nömrəli Kredit sazişinin şərtlərinə əməl etməyərək, 24 aylıq müddət ərzində borc və faiz məbləğlərini vaxtı-vaxtında və tam həcmdə ödəməkdən yayınmışdır. Kredit müqaviləsi üzrə bank qarşısında “Kredit alanla eyni həcmdə məsuliyyət daşıdığından kredit öhdəlikləri onun tərəfindən icra olunmuş və 4666 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC-nin hesabına mədaxil edilmişdir. Bu faktı xx.xx.2023-cü il tarixli, 2001 saylı və ödəniş rekvizitlərini əks etdirən qəbz sübut edir. "xxxx" ASC qarşısında öhdəliklər onun tərəfindən icra edildiyindən qüvvədə olan qanunvericiliyin və tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin müddəalarına əsasən Əkbərov Arif Yavər oğlundan ödədiyi əvəzlərin miqdarını geri tələb etmək qərarına gəlmişdir. X1 Yavər oğlu vəfat etdiyindən obyektiv olaraq reqres qaydada ona qarşı məhkəmədə tələb irəli sürməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışa görə Masallı rayonu, İsgəndərli yaşayış massivindəki 0.04 ha ölçülü torpaq sahəsi xx.xx.2017-ci il tarixdə Əkbərov Arif Yavər oğlunun adına tam payda qeydiyyata alınmışdır. Həmin orqan tərəfindən 2021-ci il üzrə təqdim olunmuş arayış və cavab məktublarından göründüyü kimi torpaq sahəsi onun mülkiyyətində qalmaqda davam etmişdir. Sonradan ona məlum olmuşdur ki, adıçəkilən əmlak mərhumun vərəsəsi həyat yoldaşı (cavabdeh) Cavabdeh tərəfindən tam həcmdə miras kimi qəbul edilmişdir və onun istifadəsindədir. Bu səbəbdən vərəsə kimi Cavabdeh payına düşən əmlakın qiymətində mərhumun öhdəliklərinə görə məsuliyyət daşıyır. Cavabdehdən ödədiyi məbləği dəfələrlə tələb etsə də, onun tələblərinə məhəl qoyulmamış və heç bir nəticə əldə edilməmişdir. Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin Əhmədli filialı ilə borcalan Əkbərov Arif Yavər oğlu və zamin qismində İddiaçı arasında MK/42791/44/18 nömrəli kredit sazişindən görünür ki, Əkbərov Arif Yavər oğluna 24 ay müddətinə, 29 faiz dərəcəsi olmaqla 15000 ABŞ dolları məbləğində vəsait verilmişdir. Kredit sazişinin 5-ci bəndinə əsasən sığorta girovu qismində 3519001MK4279118İ44C saylı hesabda 500 ABŞ dolları çıxış edir. 21 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı müştəri Əkbərov Arif Yavər oğlunun əvəzinə 4666 ABŞ dolları məbləğində vəsaiti mədaxil etmişdir. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Əkbərov Arif Yavər oğlunun mülkiyyətində olan Masallı rayonu, İsgəndərli yaşayış massivində 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi vardır. Qanun üzrə vərəsəlik hüququ haqqında 20 noyabr 2023-cü il tarixli şəhadətnamədən görünür ki, 18 iyul 2020-ci il tarixdə vəfat etmiş Əkbərov Arif Yavər oğlunun vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak 03 oktyabr 2017-ci il tarixdə Əkbərov Arif Yavər oğluna verilmiş ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Masallı rayonu, İsgəndərli yaşayış massivində yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsindən ibarətdir Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsi ilə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 453.1-ci maddəsinə əsasən kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. 453.2-ci maddəsinə əsasən əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. 453.3-cü maddəsinə əsasən əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz. 453.4-cü maddəsinə əsasən subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1306.4-cü maddəsinə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin Əhmədli filialı ilə borcalan Əkbərov Arif Yavər oğlu arasında MK/42791/44/18 nömrəli kredit sazişi bağlanarkən İddiaçı öhdəliklərinin icrasını təmin etmək ona zamin durmuşdur. Əkbərov Arif Yavər oğlu "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, borc bank tərəfindən İddiaçı tələb edilmişdir. İddiaçı 21 dekabr 2023-cü il tarixdə 4666 ABŞ dolları məbləğində vəsaiti Əkbərov Arif Yavər oğlunun kredit öhdəliyi üzrə bankın hesabında mədaxil etmişdir. Əkbərov Arif Yavər oğlu 18 iyul 2020-ci il tarixdə vəfat etmiş və ondan qalmış miras əmlak olan Masallı rayon, İsgəndərli yaşayış massivində yerləşən 0.04 ha torpaq sahəsini Cavabdeh qəbul etmişdir. Hazırda iddiaçı vərəsəyə qarşı zamin olaraq ödənilmiş pulu tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı zamin kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməklə cavabdehə qarşı tələb hüququ əldə etdiyindən, maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hazırkı tələbi əsaslı olmaqla iddia təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli, MK/42791/44/18 nömrəli kredit sazişinə əsasən zamin tərəfindən ödənilmiş 7900 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödədiyi 98 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, MK/42791/44/18 nömrəli kredit sazişinə əsasən zamin tərəfindən ödənilmiş 7900 manat və 98 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3587/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3587/2025
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver