Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3614/2023 21.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3220 manat pulun və ödədiyi 52,20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi İddiaçı1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi oğlu İddiaçı2 məxsus “Nissan Pathfinder” markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomaşının mühərrikində nasazlıq olduğu üçün təmir etmək məqsədi ilə Masallı rayonu, Sərçuvar kəndində yerləşən Cavabdeh1 adlı şəxsin avtoservisinə aparmış, Cavabdeh1 bildirdirmişdir ki, avtomaşının mühərriki normadan artıq yağ istifadə edir və ətrafa tüstü verir. Həmin vaxt Zabil ilə Məhərrəm ona 3 gün ərzində 300 manat pul müqabilində avtomaşında olan nasazlığı aradan qaldıracağlarını bildirmişlər. Həmin vaxt onlar ilkin olaraq ondan avtomobilin mühərrikini təmir etmək üçün 250 manat pul almışlar. O, 3 gündən sonra Zabilə zəng edərək avtomaşını aparmağa gəlmək istədiyini dedikdə Zabil ona avtomaşının mühərrikini sökdüyünü, əlavə xərclərə ehtiyac olduğunu bildirmişdir. O, növbəti gün Masallı rayonu, Sərçuvar kəndində yerləşən Zabilin avtoservisinə getmiş, Zabildən mühərrikdə hansı ehtiyat hissələrin yarasız olmasını soruşmuş, ona mühərrikin bir neçə ehtiyat hissələrinin təmirə ehtyacı olmasını bildirmişdir. O da Zabilə avtomaşının nasazlığını 250 manat pul müqabilində 3 gün müddətində təmir edib aradan qaldıracağına söz verdiyini xatırladaraq bu barədə iradını bildirmişdir. Buna baxmayaraq Zabil avtomaşının mühərrikinin təmir adı ilə ondan müxtəlif vaxtlarda ümumilikdə 1275 pul almış və xərclətdirmişdir. Belə ki, Zabilin özünə zəhmət haqqı və ehtiyyat hissələri üçün 596 manat, mühərrikin valının yonulması üçün usta və taksiyə 250 manat, prokladka üçün 107 manat, akumulyator üçün 120 manat, evakuator üçün 120 manat, qapının dəstəyi üçün 60 manat və taksiyə 20 manat pul xərcləmişdir. Avtomobil uzun müddət təmir olunmadığı üçün Zabil və Məhərrəm barəsində şikayət etmiş, sonra Masallı RPŞ-nin polis sahə rəisi Mirxas Təhməzovun köməkliyi ilə 2023-cü ilin aprel ayında avtomaşını Masallı rayonu, Sərçuvar kəndində yerləşən Cavabdeh1 avtoservisindən götürməyə gəlmişdir. Zabildən avtomaşı götürərkən işlək olub-olmamasını soruşmuş, Zabil avtomaşını idarə edərkən nasazlıqların aradan qalxacağını bildirmişdir. Zabilin yanında olan Məhərrəm adlı usta isə bildirmişdir ki, bu avtomaşın nasaz olmasına görə Şirvan şəhərinə gedib çıxmayacaqdır. O, avtomaşını Ələt-Atara yolu ilə idarə edib Şirvan şəhərinə gedərkən avtomaşının mühərriki həmin yolun Biləsuvar rayonunda keçən hissəsində dayanmışdır. Zabilə zəng edib yolda qaldığını dedikdə, sonuncu ondan avtomaşını yenidən servisə gətirməyini istəmişdir. O, Zabillə razılaşmayıb ondan Şirvan şəhərinə yaşadığı ünvana gəlib avtomaşının mühərrikini təmir etməsini, əlavə olaraq 100 manat yol xərci verəcəyini bildirmiş, lakin Zabil onunla razılaşmamışdır. Sonra telefon zənglərinə cavab verməmişdir. Həmin vaxt evakuatorla avtomaşını 120 manat pul müqabilində Şirvan şəhərinə aparmışdır. Daha sonara avtomaşını Şirvan şəhərində yerləşən “Avtomotoservisə” aparmış, servisdə avtomaşının mühərrikini sökəndə müəyyən olunmuşdur ki, Zabil və Məhərrəm mühərriki yığarkən mühərrikin üzərinə başqa markadan olan avtomobilin mühərrik hissələrini qoymuşlar. Bu səbəbdən mühərrik yığıldıqdan sonra mühərrikdə düzgün yağlama getmədiyindən mühərrik nasaz vəziyyətə düşmüş, yenidən mühərrikin yığılıb işlək vəziyyətə gətirilməsi üçün isə 1945 manat vəsait tələb olunur. Qeyd etdiyi kimi cavabdehlərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində ona ümumilikdə 3220 manat məbləğində ziyan dəymişdir. Hazırda avtomobil nasaz vəziyyətdədir və işləmir. Cavabdehlərdən dəfələrlə pulunu istəsə də, pulu verməkdən imtina etmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclas zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun Masallı rayonu, Sərçuvar kəndində özünə məxsus avtoservisi vardır. O, 20 ildən artıqdır ki, müxtəlif markalı avtomaşınların mühərriklərinin təmiri ilə məşğul olur. İddiaçı1 əvvəllər tanımamışdır. İddiaçı1 servisə gəlməmişdən əvvəl bir neçə dəfə ona zəng edib “Nissan Pathfinder” markalı, avtomaşının mühərrikində nasazlıq olmasını və ondan həmin avtomaşının mühərrikini təmir etməsini istəmişdir. O, Hikmətə telefonda həmin avtomaşının mühərrikinin ehtiyat hissələrinin tapılmaması və vaxtı olmamasını bildirmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə İddiaçı1 “Nissan Pathfinder” markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomaşını idarə edərək servisə gəlmişdir. Onlar Hikmətlə avtomaşının mühərrikinin təmirini 250 manata razılaşmışlar. O, avtomaşının üst hissəsini yanında işləyən Məhərrəm adlı şəxslə sökmüş, avtomaşının mühərrikinin bərbad olmasını görüb Hikmətə bildirmişdir ki, mühərrik sökülməli, ehtiyat hissələri təmirə getməlidir. Hikmət də ona bildirmişdir ki, göndərin. O, mühərrikinin ehtiyat hissəsini Bakı şəhərində işləyən Nəriman adlı şəxsin yanına təmir üçün göndərmişdir. Sonra Hikmətə bildirmişdir ki, təmir üçün Nəriman 250 manat pul istəyir. Hikmət onunla Nərimanın pulu çox istəməsinə görə telefonda mübahisə etmiş və ondan Nərimanın mobil telefon nömrəsini istəmiş, o da Nərimanın mobil nömrəsini vermişdir. Onlar öz aralarında razılaşmışlar. Buna baxmayaraq həmin ehtiyat hissəsini gətirən taksinin pulunu özü vermişdir. Lakin, mühərrikin digər ehtiyat hissələri tapılmamamışdır. O, ehtiyat hissələri tapıb gətirməsini, mühərriki təmir edib avtomaşını ona təhvil verəcəyini bildirmişdir. Hikmət lazımı ehtiyat hissələrini tam tapa bilməmiş, özü həmin ehtiyat hissələrini taparaq Hikmətə demiş, Hikmət də ona 140 manat pulu kart vasitəsi ilə ödəmişdir. Bundan sonra Hikmət ona mühərrikdə olan su yollarının üzərində olan düymələri dəyişmək üçün 70 manat pulu kart vaistəsi ilə ödəmişdir. O, avtomaşını işlək vəziyyətə gətirmiş və Hikmət avtomaşını idarə edib yoxlayaraq avtomaşının saz vəziyyətdə olması deyib servisdən getmişdir. Lakin, bir neçə saatdan sonra Hikmət ona zəng edib avtomaşının mühərrikinin qızdırmasını demiş, ondan avtomaşını evakuatorla yanına gətirməsini istəmişdir. Lakin, Hikmət onunla razılaşmamış, ondan avtomaşını evində təmir etməsini istəmişdir. O, isə Hikmətə demişdir ki, onun orada heç bir texniki imkanları yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı digər Cavabdeh2 iddianı qəbul etməyib Cavabdeh1 ilə eyni məzmunlu ifadə verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan BD 396445 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** DM *** dövlət qeydiyyat nişanlı, “Nissan Pathfinder” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçı2dur. İş materiallarında olan Şirvan Avtomservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli rəy aktından görünür ki, İddiaçı2 məxsus “Nissan Pathfinder” markalı ** DM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mühərrikinin yığılıb işlək vəziyyətə gətirilməsi üçün 1945 manat xərc tələb olunur. İş materiallarında olan “Cəliloğlu” avto ehtiyyat hissələrinin verdiyi qəbzdən görünür ki, arxa salnik, proklatka və qabaq salnik üçün cəmi 107 manat pul ödənilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-məddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1 və 762.2-ci maddələrinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının mülkiyyətində olan “Nissan Pathfinder” markalı ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı şifahi razılaşma olmuşdur. Təmir üçün tələb olunan materialları tərəflər birlikdə almış, materialların pulları və təmir bərpa işlərinin qiyməti iddiaçı tərəfindən ödənilmiş, nəqliyyat vasitəsi təmir olunaraq iddiaçıya təhvil verilmişdir. Lakin iddiaçı görülmüş işlərin qüsurlu həyata keçirildiyini, cavabdehlər isə öhdəliklərini lazımı qaydada icra edərək işlərinin nəticəsinin qüsursuz olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehlər tərəfindən görülmüş işlərin qusurlu həyata keçirildiyini və bunun nəticəsində ona maddi ziyan dəyməsini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, iş materiallarından və araşdırmalardan görünür ki, “Nissan Pathfinder” markalı ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qüsurlu təmir edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı təfindən cavabdehlərə zəhmət haqqı və ehtiyyat hissələri üçün 596 manat, mühərrikin valının yonulması üçün usta və taksiyə 250 manat, prokladka üçün 107 manat, evakuator üçün 120 manat, qapının dəstəyi üçün 60 manat və taksiyə 20 manat pul xərclənməsini cavabdehlər özləri də etiraf etmişlər. Məhz bu səbdən də məhkəmə mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının işin faktiki hallarına tətbiqi baxımından cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirir və bunun nəticəsində iddiaçıya 1153 manat məbləğində zərərin dəyməsini müəyyən edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumunun əvəzi olaraq 31,53 manat cavabdehlərə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş ziyana görə 1153 manat və ödənilmiş dövlət rüsumuna görə 31,53 manat, cəmi 1184 (bir min yüz səksən dörd) manat 53 qəpik pul tutularaq İddiaçı2 verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 vurulmuş ziyana görə 1153 manat və ödənilmiş dövlət rüsumuna görə 31,53 manat, cəmi 1184 (bir min yüz səksən dörd) manat 53 qəpik pul tutularaq İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-3614/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3614/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver