Məhkəmə qərarları › İş №2(050)-3651/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3651/2025

01.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3651/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “torpağın ölçü işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu, İ Səmidxan kəndində yerləşməklə sovxoz tərəfindən ona ayrılmış 0.08 ha torpaq sahəsinin qeydiyyatından ötrü ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, 1995-ci ilin əvvəllərində sovxoz tərəfindən ona həmin vaxt yaşadığı Masallı rayonu İ Səmidxan kəndində 0.08 hektar torpaq sahəsi ayrılmışdır. 1999-cu ildə Masallı rayonu Ərkivan qəsəbə sakini İltizam Nəzərov ilə el adəti üzrə toy edərək ailə həyatı qurub onun ata evinə gəlin köçmüş və həmin vaxtdan etibarən Ərkivan qəsəbəsində yaşamışdır. Qızlıq soyadı Əkbərova olmuş, nikah qeydiyyatından sonra Nəzərova soyadını qəbul etmişdir. Son vaxtlar yuxarıda göstərilən torpaq sahəsinə dair hüquqlarını qeydiyyata almaq istədikdə məlum olmuşdur ki, təsərrüfatbaşına kitabda ona torpaq ayrılması barədə məlumatların mövcud olmasına və Masallı rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə torpaqların mülkiyyətə verilməsinə dair adlı siyahıda adının qeyd edilməsinə, habelə JN-212 KOD 80526028 saylı Şəhadətnamənin göstərilməsinə baxmayaraq, həmin şəhadətnamə faktiki olaraq tərtib edilməmişdir. Bu torpaq sahəsinə dair hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, eləcə də, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarənin əməkdaşları tərəfindən ərazidə ölçü işləri aparılarkən cavabdeh tərəfindən maneçilik törədilmiş, ölçü işlərinin aparılmasına imkan verilməmişdir. Halbuki qeyd olunan torpaq sahəsinə dair hüquqların qeydiyyatı üçün mütəxəssislər tərəfindən ölçmə işlərinin aparılması və ərazinin koordinatlarının dəqiqləşdirilməsi zəruridir. Cavabdehin ərazidə aparılan ölçü işlərinə maneçilik törətməsi səbəbindən mütəxəssislər işlərini tamamlaya bilməmiş və nəticədə torpaq sahəsinə dair onun hüquqlarının dövlət qeydiyyatı mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İddia ərizəsinə cavabdehin etirazı:

3. Cavabdeh etirazı оnunlа əsаslаndırmışdır ki, o, 1990-cı ildən 1995-ci ilə qədər ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşamışdır. 1994-cü ilin iyun ayında Rusiya Federasiyasına işləməyə getmiş, ailəsi isə Bakı şəhərində qalmışdır. 1995-ci ilin fevral ayında arvadı Elnarə ona zəng edərək bildirmişdir ki, Bakı şəhərində qala bilmirlər və azyaşlı övladları ilə birlikdə kəndə - atasının evinə gedir. Bir müddət sonra məlum olmuşdur ki, onların Bakı şəhərində yaşadıqları yataqxana otağında Ağdam rayonundan olan Kinyaz adlı şəxs ailəsi ilə birlikdə məskunlaşmışdır. Bu xəbəri eşidən kimi o, Azərbaycana qayıdaraq məsələ ilə əlaqədar bir neçə yerə müraciət etmiş, lakin onlara məxsus yataqxana otağını boşaltdıra bilməmişdir. Bu səbəbdən Masallı rayonu, Səmidxan kəndində özünə torpaq sahəsi alıb yaşayış evi tikmək qərarına gəlmişdir. 1995-ci ildə Səmidxanlı kolxozuna ev yeri kimi torpaq sahəsi verilməsi barədə etdiyi müraciət zamanı ona bildirilib ki, qeydiyyatı Bakı şəhərində olduğuna görə onun adına torpaq sahəsi verilə bilməz. O isə bu barədə mərhum atası Sultanla məsləhətləşmiş, atası ona demişdir ki, qardaşı İsfəndiyara tapşıracaq, həmin kolxozdan onun adına torpaq sahəsi alınsın və o, da həmin yerdə özünə ev tikərək yaşasın. 1995-ci ilin noyabr ayının əvvəlində qardaşı İsfəndiyar “Səmidxanlı” kolxozuna yaşayış evi tikmək üçün torpaq sahəsi verilməsi barədə rəsmi müraciət etmişdir. Müraciət əsasında ona Səmidxan kəndindən “Səmidxanlı” kolxozu tərəfindən 0,8 ha torpaq sahəsi rəsmi qaydada verilmiş, İsfəndiyar isə öz adına verilmiş bu torpaq sahəsini təmənnasız olaraq ona vermiş və orada ev tikməsinə razılıq vermişdir. O, həmin ilin dekabr ayının əvvəlində qardaşı İsfəndiyarın adına verilmiş 0,8 ha torpaq sahəsində özünə yaşayış evi tikməyə başlamış, ilk olaraq beton təməlini tökmüş, iki ay ərzində iki mərtəbəli, 140-150 kv.m sahəsi olan yaşayış evini tikmiş və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Qardaşı İsfəndiyar bir müddət sonra Rusiya Federasiyasına işləməyə getmiş və bu günədək ailəsi ilə birlikdə orada yaşamışdır. Özünə tikdiyi ev İsfəndiyar Aslanovun adına verilmiş torpaq sahəsində inşa edilib. Torpaq ona təqdim olunarkən kolxoz rəhbərliyi həmin torpaq sahəsinin sərhədlərini ona izah etmişdir. 1995-ci ildən 2020-ci ilin may ayına qədər İddiaçı bir dəfə də, olsun gəlib deməmişdir ki, bu yaşadığı evin yeri ona məxsusdur. Lakin 2020-ci ilin may ayının əvvəlində Fərqiyyə həyat yoldaşı İltizamla birlikdə onun yanına gələrək bildirmişdir ki, yaşadığı evin yeri ona məxsusdur, həmin torpaq sahəsini 1996-cı ildə kolxozdan almışdır və onun oradan çıxması tələb olunur. O isə cavabında bildirmişdir ki, yerin qardaşı İsfəndiyarın adına olması barədə sənədləri vardır və Fərqiyyənin başqa yerdə öz torpağını araşdırması daha düzgün olardı. Üstəlik bu illər ərzində dəfələrlə qarşılaşmalarına baxmayaraq Fərqiyyə bu barədə heç vaxt ona heçnə deməmişdir. Fərqiyyənin ərinin ona qarşı kobud şəkildə “ya yeri tərk etməlisən, ya 4000 manat pul verməlisən, ya da yaşadıqları Ərkivan qəsəbəsində onlara 0,4 ha torpaq sahəsi alıb verməlisən” ki, ondan əl çəksinlər. Əks halda polisə müraciət edəcəkləri ilə hədələmişlər. O isə cavab vermişdir ki, istəyirlərsə istənilən orqana müraciət edə bilərlər, çünki o, qanunsuz heçnə etməmişdir. Onun əlində torpaq sahəsinin qardaşı İsfəndiyarın adına olması barədə sənədlər vardır və qarşı tərəfin əlində heç bir sənəd yoxdur. X8 “Səmidxanlı” kolxozu tərəfindən 0,8 ha torpaq sahəsinin ayrılması 17 noyabr 1995-ci il tarixli, 6 nəfərdən ibarət komissiyanın iştirakı ilə tərtib edilmiş Aktla təsdiqlənmişdir. Həmçinin “Səmidxanlı” kolxozunun həmin torpaq sahəsinin sənədlərinin Masallı rayon X12 göndərilməsi barədə 21 noyabr 1995-ci il tarixli məktubu da, mövcuddur. İddiaçı 30 ildən sonra məhkəməyə iddia ilə müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, “təsərrüfat başına kitabda ona torpaq sahəsi ayrılması barədə məlumatın olması və Masallı rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə torpaqların mülkiyyətə verilməsi üçün tərtib edilən adlı siyahıda adının qeyd edilməsinə baxmayaraq ona müvafiq Şəhadətnamə verilməmişdir”. Bu isə göstərir ki, yalnız nümayəndəlikdə məlumat mövcuddur, lakin onun faktiki torpaq sahəsinin ayrılması sual altındadır. Masallı RPŞ-nin TB-nin 20 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında İddiaçı verdiyi izahatda bildirilmişdir ki, “1996-cı ildə vəfat etmiş anası X7 onu öz təsərrüfatından ayırmaq və ona ev yeri kimi torpaq sahəsinin verilməsi üçün Masallı rayonu Şərəfə kəndi İƏDÜ-nün nümayəndəliyinə müraciət etmişdir.” Bu isə o deməkdir ki, Fərqiyyənin təsərrüfatdan ayrılması belə onun torpaq sahəsi alıb ev tikməsindən sonra baş vermişdir. Torpağın verilməsi isə ümumiyyətlə şübhə altındadır. Bundan əlavə, iddiaçının torpağının onun torpağı ilə üst-üstə düşməsi barədə heç bir əsas yoxdur. İddiaçı nəyə əsaslanaraq onun torpağının guya həmin torpaq sahəsinin üzərində olduğunu iddia edir - bu tamamilə qeyri-müəyyəndir və sübut olunmamışdır. İddiaçı iddiası əsassız və qanunsuz olduğundan iddia tələbin rədd edilməsini xahiş etmişdir.

4. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

5. Belə olan halda, məhkəmə iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tərəflərin izahatları:

6. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, torpaq sahəsi ilə bağlı arxivdən çıxarış mövcuddur, lakin torpaq sahəsinin ayrılması barədə başqa heç bir sənəd yoxdur. Torpaq sahəsi 1995-ci ildə ayrılmış və yer olaraq cavabdehin hazırda istifadəsində olan sahəni göstərmişlər. Həmin vaxt boş sahə olmuş və orada heç bir iş görülməmişdir. O, 1999-cu ildə ailə quraraq kənddən köçmüşdür. Həmin vaxt cavabdeh tərəfindən kənddə ev tikilməmişdir. Yalnız 2020-ci ildə müəyyən etmişdir ki, həmin torpaq sahəsində hasar çəkilmiş və ev tikilmişdir. Bununla əlaqədar polisə şikayət edilmiş, lakin polisin qərarından sonra heç bir digər orqana müraciət olunmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı arvadının əmisi qızıdır. Həmçinin arvadının ata evi ilə iddiaçının ailəsinin evi qonşudur. İsfəndiyar onun qardaşıdır və torpaq sahəsi məhz onun adına ayrılmışdır. Torpaq sahəsi 1995-ci ildə ayrıldıqdan sonra qardaşı Rusiya Federasiyasına getmişdir. Həmin torpaq sahəsi 1995-ci ildən etibarən onun istifadəsindədir və o, 1995-ci ildə orada yaşayış evi tikərək bu günədək həmin evdə yaşayır. Evə dair kommunal xərclər də, onun adınadır. İddiaçı 1999-cu ilədək kənddə yaşamış, 1999-cu ildə isə evlənərək kənddən köçmüşdür. Kənd balaca olduğuna görə 1995-ci ildə ev tikilərkən iddiaçı kənddə yaşayıb və evin tikilməsindən xəbərdar olmuşdur. Eyni zamanda iddiaçı 1999-cu ildə ərə getsə də, mütəmadi olaraq kənddə valideynlərinin evinə gəlib-getmişdir. Əgər torpaq sahəsi iddiaçıya məxsus olsaydı, o zaman hər hansı narazılığını bildirərdi. Həmçinin qardaşı 2025-ci ilin yanvar ayında vəfat etmişdir. Qardaşının həyat yoldaşı və bir oğlu Rusiya Federasiyasının vətəndaşlarıdır və hazırda Rusiyada yaşayırlar. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İş materialları:

8. AZ-İ seriyalı 302313 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X3 nikahı 08 yanvar 2007-ci il tarixdə Masallı RİHB-nın Ərkivan ərazi nümayəndəliyində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Nəzərova” soyadını qəbul etmişdir.

9. Masallı RİHB-nın İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq İ Səmidxan kəndində yaşayır.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14 iyul 2025-ci il tarixli məktubdan görünür ki, 11 iyun 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Masallı rayonu, Səmidxanlı kəndində yerləşən torpaq sahəsinə çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin əldə edilməsi barədə edilmiş müraciətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Təqdim olunan sənədlərə əsasən qeydiyyata alınması istənilən torpaq sahəsinin üzərində çöl ölçmə işlərinin aparılması üçün ərazi idarəsinin mütəxəssislərinə şərait yaradılmamışdır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir.

11. Azərbaycan Respublikasının Dövlət Arxivin 165-ci fondunda mühafizə olunan, Masallı Rayon İcra Hakimiyyəri Başçısının Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus (sabiq Şərəfə kənd XDS (ZDS) İK), 1991-1995-ci illlərə aid, 20 saylı təsərrüfatbaşına kitabın, 1758-ci təsərrüfatından, 79-80-cı səhifələrindən ibarət arxiv çıxarışından görünür ki, X4 istifadəsində 1995-ci ildə 0.08 ha torpaq sahəsinin olması qeyd edilmişdir.

12. 17 noyabr 1995-ci il tarixli aktın surətindən görünür ki, Səmidxan kənd sakini X5 ayrı təsərrüfat olmaqla hesabında torpaq sahəsi yoxdur. Ona görə də, Səmidxanlı kolxozunun üzvləri “Səmidxanlı” kolxozu tərəfindən 0.08 ha həyətyanı torpaq sahəsinin ölçülüb verilməsini məsləhət bilmişlər. Həmin torpaq sahəsi şimaldan ictimai torpaq sahəsi, cənubdan yol, şərqdən yol, qərbdən Aslanova Kifayətin torpağı ilə həmsərhəddir.

13. Əhalin vergilərin qəbulu üçün olan 39767 nömrəli qəbzin surətindən görünür ki, ödəyici X6 2000-2002-ci illər ödəniş dövrü üçün 89630 manat torpaq vergisi ödəmişdir.

14. Tədiyə bildirişinin surətindən görünür ki, Masallı rayonu, İ Səmidxanlı kəndində yaşayan vergi ödəyicisi Cavabdeh 2025-ci il üçün 15,5 manat əmlak vergisi, 1,5 manat torpaq vergisi hesablanmışdır. 15 avqust 2025-ci il tarixinədək 8,5 manat, 15 noyabr 2025ci il tarixinədək – 8,5 manat, ötən dövrlər üzrə vergi borcu 34 manat, faiz məbləği 9.81 manat, ödəniləcək məbləğ 60,81 manat təşkil edir.

15. Masallı RİHB-nın İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 noyabr 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri Xətai rayonunda qeydiyyatdadır. Masallı rayonu İ Səmidxan kəndində ona məxsus olan fərdi yaşyı evində ailə üzvləri ilə birlikdə yaşayır.

16. "xxxx" ASC-nin Bildiriş xəbərdarlığından görünür ki, Masallı rayonu, İ Səmidxan kəndində **********00014 nömrəli abonent kodunun sahibi Cavabdehdur.

17. "xxxx" ASC-nin Bildiriş xəbərdarlığından görünür ki, Masallı rayonu, İ Səmidxan kəndində **********02580 nömrəli abonent kodunun sahibi Cavabdehdur.

18. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 may 2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməklə qəbul edilmiş qərardan narazı olduqları halda prokurora, yuxarı prokurora və məhkəməyə şikayət ekmək hüququnun olması izah edilmiş, tərəflərin arasında gələcəkdə baş verə biləcək xoşagəlməz halların, hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədi ilə onlara profilaktiki söhbətlər aparılması üçün qəbul edilmiş qərarın surəti Masallı rayon Polis şöbəsinin X2 göndərilmişdir.

19. 27 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

20. Bеləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Masallı Rayon İcra Hakimiyyəri Başçısının Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus (sabiq Şərəfə kənd XDS (ZDS) İK), 1991-1995-ci illlərə aid, 20 saylı təsərrüfatbaşına kitabın, 1758-ci təsərrüfatından, 79-80-cı səhifələrindən ibarət arxiv çıxarışa əsasən X4 istifadəsində 1995-ci ildə 0.08 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Səmidxan kənd sakini olmuş, cavabdehin mərhum qardaşı X1 17 noyabr 1995-ci il tarixli akta əsasən “Səmidxanlı” kolxozu tərəfindən 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmış və torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur, lakin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Evdə kommual xərclərdən istifadə edən abonent kimi cavabdeh qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehin istifadəsində olan 0.08 ha torpaq sahəsinin ona məxsus olduğunu bildirərək torpaq sahəsinin qeydiyyata alınması üçün ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun: 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır”.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki: “Əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

25. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki: 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar.

26. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarı: Qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Məhkəmənin mövqeyi:

30. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

32. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

33. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

35. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı adı torpaqların mülkiyyətə verilməsinə dair adlı siyahıda qeyd edilsə də, ona torpaq sahəsinin ayrılmasını təsdiq edən sənəd yoxdur.

36. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur.

37. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.

38. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

39. Belə ki, mübahisə predmeti olan, iddiaçının hazırda istifadəyə dair maneələrin aradan qaldırılmasını istədiyi Masallı rayonu İ Səmidxan kəndində yerləşən 0.08 hektar torpaq sahəsi 17 noyabr 1995-ci il tarixli akta əsasən cavabdehin qardaşı X1 ayrılmışdır. Odur ki, hazırki cavabdehin yararlanaraq həmin torpaqda yerləşən və onun tərəfindən inşa olunmuş evdə ailə üzvləri ilə birlikdə yaşadıqları halda, həmin torpaqda yerləşən evdə yaşayan mülkiyyətçinin həmin torpaq sahəsindən istifadə tələbinin təmin edilməməsi qanunvericiliyin tələbinə və ədalət prinsipinə uyğun olmazdı.

40. Bu səbəbdən də, məhkəmə ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir.

41. Hazırkı mübahisəyə də, yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir.

42. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur.

43. Məhkəmə qeyd edir ki, əvvəla mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcud olmaqla cavabdehin sahiblik və istifadəsindədir. Bunu tərəflərin heç biri mübahisələndirmir. Torpaq sahəsində yerləşən ev isə özbaşına tikili olmaqla, cavabdeh tərəfindən inşa edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi cavabdehin qardaşına məxsus olsa da, faktiki cavabdeh tərəfindən idarə olunduğundan həmin torpaqda yeləşən mübahisəli tikiliyə cavabdeh gözlənilən hüququ vardır.

44. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Zamanzaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi rejimdə olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

45. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

46. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. İddiaçı Masallı rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə torpaqların mülkiyyətə verilməsinə dair adlı siyahıda adının qeyd edilməsi, habelə JN-212 KOD 80526028 saylı Şəhadətnamənin göstərilməsinə baxmayaraq həmin şəhadətnamənin faktiki olaraq tərtib edilməməsi ilə bağlı ilk növbədə məhkəmə onu qeyd edir ki, adlı siyahıda iddiaçının adında 0.08 ha torpaq sahəsi qeyd olunsa da, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənəd, torpaq sahəsinin sərhədləri, yerləşmə yeri, ən əsası həmin torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmiş və hər hansı halı sübuta yetirməmişdir.

Məhkəmə baxışının hədləri:

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

49. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

50. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “torpağın ölçü işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması” barədə iddia tələbi rədd edilməlidir.

51. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “torpağın ölçü işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması” barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar