Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3739/2025 19.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 20000 (iyirmi min) manat məbləğində maddi ziyanın, habelə çəkilmiş mənəvi ziyanın əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 2018-ci ildə Gəncə şəhəri, Atatürk prospektində, 236 və 238ci binaların aralıq hissəsində yerləşən boş torpaq sahəsində icra hakimiyyəti tərəfindən qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 2019-cu ildə Cavabdeh ilə təsadüfən tanış olmuşdur. Cavabdeh özünü Gəncə şəhərində tikinti işləri ilə məşğul olan prorab və iş icraçısı kimi təqdim etmiş, guya tikdiyi bir neçə fərdi yaşayış evinin şəkillərini və yerləşdiyi ünvanları ona göstərmişdir. Bundan əlavə, cavabdeh Gəncə şəhərində evli olduğunu, orada yaşadığını, şəhərin müxtəlif yerlərində ona məxsus qadın salonu və “Zoo” mağazasının fəaliyyət göstərdiyini bildirmiş, həmin obyektlərin ünvanlarını da, ona göstərmişdir. Cavabdehin bu məlumatları nəticəsində ona tam etibar etmiş və həyat yoldaşına ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasını cavabdehə həvalə etmişdir. Tikinti işlərinin aparılması üçün həyat yoldaşı ilə birlikdə cavabdehə 20000 (iyirmi min) manat pul vəsaiti vermişdir. Tikinti işlərinə başlandıqdan bir müddət sonra cavabdehin onu aldatdığını, tikinti işlərinin keyfiyyətsiz aparıldığını, verilmiş pul vəsaitinin müqabilində faktiki olaraq iş görülmədiyini müəyyən etmişdir. Bu səbəbdən cavabdehə iradını bildirmiş, tikinti işlərinin dayandırılmasını tapşırmış, yol verilmiş nöqsanların aradan qaldırılmasını və ya verilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh bu tələbləri yerinə yetirməkdən imtina etmiş və gizlənmişdir. Daha sonra cavabdehin dələduzluq əməlləri törətdiyini, bir çox şəxsləri aldadaraq pul vəsaitlərini mənimsədiyini öyrənmişdir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində cavabdehin cinayət əməli sübuta yetirilmiş və iş məhkəməyə göndərilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmü ilə Cavabdeh 3 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh hal-hazırda cəzasını çəkərək azadlığa buraxılsa da, ona vurulmuş maddi və mənəvi ziyan bu günədək ödənilməmişdir.
Tərəflərin izahatları:
3. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, 19 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işinin çoxluğu və yolun uzaqlığını nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
5. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə baxışı iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı işlərin görülməsi üçün oğlu Cavabdeh 18000 manat pul vermiş və həmin puldan əslində 5700 manat borc qalmışdır. Oğlu bir ilə yaxındır ki, həbsdən çıxmışdır və hökm üzrə müəyyən olunmuş 12186 manat məbləğində puldan heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilərək 5700 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir.
İş materialları:
7. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-12/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
8. 09 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 150 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
9. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh aldatma və etibardan suiistifadə etmə yolu ilə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 12186 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-12/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinərək ona CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hal-hazırda Cavabdeh cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Göründüyü kimi, cavabdeh törətdiyi cinayət əməli nəticəsində iddiaçıya maddi ziyan yetirmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi ziyana görə 20000 manat və mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tələb edir.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarı: Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
12. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı: delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
14. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmənin mövqeyi:
16. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 20000 (iyirmi min) manat məbləğində maddi ziyanın, habelə çəkilmiş mənəvi ziyanın əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
18. Mülki iş materialları ilə müəyyən olunur ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-12/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli hökmü ilə Cavabdeh iddiaçıya qarşı dələduzluq əməli törətməsi faktı sübuta yetirilmiş və bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edilmişdir.
19. Məhkəmə qeyd edir ki, 08 sentyabr 2021-ci il tarixli hökmdən görünür ki, İddiaçı arvadı X2 məxsus Gəncə şəhəri, Atatürk prospekti 236 və 238 ünvanları arasında yerləşən 100 kv.m torpaq sahəsində iki mərtəbəli obyekt tikdirəcəyi, habelə həmin tikinti üçün layihə və bələdiyyə sənədlərini düzəldəcəyi barədə bilərəkdən yalan vədlər verməklə inandırmış, etibardan sui-istifadə və aldatma yolu ilə 2019-cu ilin iyul ayının sonlarından 2019-cu ilin oktyabr ayının sonlarınadək Gəncə şəhəri ərazisində müxtəlif tarixlərdə hissəhissə 10786 manat, sonuncu dəfə isə ünvan ünvanın yaxınlığında 1400 manat olmaqla, ümumilikdə vahid niyyətlə 12186 manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş və Cavabdeh 12186 (on iki min bir yüz səksən altı) manat həcmində ittiham irəli sürülmüşdür.
20. Eyni zamanda, iş üzrə məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 05 iyul 2021-ci il tarixli, 10/1513 saylı rəyinə əsasən cavabdeh tərəfindən zərərçəkmiş şəxsin arvadına məxsus torpaq sahəsində aparılmış tikinti işlərinin 2019-cu ilin orta bazar qiymətləri ilə ümumi dəyərinin təqribən 7814 manat olduğu müəyyən edilmişdir. Məhkəmə həmin ekspertiza rəyini iş üzrə daha mötəbər sübut kimi qiymətləndirmişdir.
21. Beləliklə, iddiaçı tərəfindən cavabdehə verilmiş ümumi 20000 manat məbləğindən tikinti işlərinə faktiki olaraq sərf edilmiş 7814 manat çıxıldıqda, cavabdeh tərəfindən iddiaçıya vurulmuş real maddi zərərin məbləği 12186 (on iki min bir yüz səksən altı) manat təşkil edir.
22. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçının maddi ziyanın 20000 manat məbləğində tutulması barədə tələbi faktiki və hüquqi əsaslarla təsdiqini tapmır və maddi zərər yalnız faktiki olaraq sübuta yetirilmiş 12186 manat məbləğində müəyyən edilməlidir.
23. Məhkəmə göstərilən maddi normaların ümumi şərtlərini hazırkı mübahisə ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, yaranmış mübahisənin hüquqi əsası mülki hüquq pozuntusudur. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunvericiliyin tələbinə görə zərərin mövcud olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, vurulmuş maddi zərərlə törətdiyi cinayət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri, işin halları və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 08 sentyabr 2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir. Ona görə də, cavabdeh yaranmış ziyanı ödəməlidir.
24. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh faktiki olaraq vurulmuş maddi zərərin əvəzi kimi 12186 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
25. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə 20000 manat pul məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu tələbini sübut edə bilməmişdir.
26. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsi üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir.
27. Məhkəmə qeyd edir ki, İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, ona mənəvi ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia bu hissədə təmin edilə bilməz.
Məhkəmə baxışının hədləri:
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü bəndinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir.
30. Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 150 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 12186 manat tutulduğundan ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,56 (bir yüz iyirmi altı manat əlli altı qəpik) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 23,44 (iyirmi üç manat qırx dörd qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
31. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12186 manat məbləğində pul vəsaiti və 126,56 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissələrdə təmin edilməməlidir.
32. uxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12186 (on iki min yüz səksən altı) manat məbləğində pul və 126,56 (bir yüz iyirmi altı manat əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Məhkəmə xərcləri 23,44 (iyirmi üç manat qırx dörd qəpik) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov