Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3741/2025 04.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 dekabr 2020-ci il təvəllüdlü X7 və 29 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 246 manat (minimum əmək haqqının 0.615 misli miqdarında) məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Masallı rayonu Çaxırlı kənd sakini Cavabdeh ilə 2018-ci ilin may ayında el adəti üzrə toy edərək taktiki ailə həyatı qurmuşlar. Nikahlarını isə 2018-ci ilin iyun ayının 21-də rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 13 dekabr 2020-ci il təvəllüdlü X7 və 29 iyun 2022-ci il təvəllüdlü X1 ibarət iki uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmalı olmuşlar. Nikahları Masallı Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Masallı Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 2(050)- 4508/2023 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Sonradan Masallı Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli 8(050)-381/2025 saylı qərardadı ilə Məhkəmənin 29 dekabr 2023-cü il tarixli 2(050)- 4508/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq Cavabdeh 13 dekabr 2020-ci il təvəllüdlü X7 və 29 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,289 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Alimentin qeyd olunan məbləği hazırda 115,60 manat təşkil edir ki, həmin məbləğ isə hazırda uşaqların saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə fərdi işlərlə, həmçinin şəxsi maşını ilə yük daşıması ilə məşğul olmasına baxmayaraq, onlara lazımi köməklik etmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi və indeksasiya ilə müəyyən edilmiş alimentin miqdarı uşaqların normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Odur ki, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, uşaqlar məktəblidirlər, böyüdükcə onların xərcləri də artır. Cavabdeh gəlirinin az olmasını, heç yerdə işləməməsini bildirsə də o, şəxsi maşını ilə işləyərək yaxşı qazanc əldə edir. Həmçinin, uşaqlardan Aylin Qurbanovanın ürək xəstəliyi vardır. Onu müalicə üçün xəstəxanalara aparır. Cavabdeh isə uşağın xəstə olmasına baxmayaraq, ona əlavə köməklik etmir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin mövqeyi: Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıdan ayrıldıqdan sonra ailə qurmamışdır. Həmçinin, iddiaçı özü ondan ayrılıb getmişdir. Hər ay iki uşağa görə 230 manat aliment ödəyir. Özü üçüncü qrup əlildir, 180 manat pensiya alır. İddiaçı uşaqları ona göstərmir. Uşağı xəstəxanaya aparanda ona köməklik etməyə etiraz etmir. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: Nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X3 arasında Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 21 iyun 2018-ci il tarixdə bağlanmış nikah 337 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Qurbanov (a) soyadı verilmişdir. Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixdə 400 nömrə ilə qeydiyyat aparılmışdır. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 13 dekabr 2020-ci il təvəllüdlü X4 və 29 iyun 2022-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin 8(050)-381/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 2(050)-4508/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq Cavabdeh 13 dekabr 2020-ci il təvəllüdlü X7 və 29 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,289 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. “TƏBİB” PHŞ “Respublika Pediatriya Mərkəz” PHŞ-nin xx.xx.2025-ci il tarixli epikrizindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X5 “Kəskin nefritik sindrom. Q21.0 Mədəcikarası çəpərin qüsuru” diaqnozu qoyulmuşdur. Əsaslandırıcı hissə: Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin arasında 2018-ci il tarixdə bağlanmış nikah Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş 13 dekabr 2020-ci il təvəllüdlü X7 və 29 iyun 2022-ci il təvəllüdlü X6 iddiaçının yanında saxlanılmış, hər bir uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(050)-381/2025 saylı qərardadı ilə qətnamə ilə müəyyən edilən aliment məbləği indeksasiya edilmiş, hər bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,289 misli həddində sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda iddiaçı uşaqların birinin xəstə olmasını, təyin edilmiş aliment məbləğinin həddən artıq az olduğunu əsas götürərək alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, üçüncü qrup əlil olduğunu, 180 manat pensiya aldığını, əlavə gəlirinin olmadığını qeyd edərək onun maddi vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının alimentin artırılması tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 8(050)-381/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş alimentin miqdarının indiki minimum əmək haqqına nisbətdə real olmadığını və uşaqlardan böyüdükcə artan tələbatlarını, qiymət qalxımını və diqqətəlayiq digər halları nəzərə alaraq ödənilməli olan alimentin miqdarının bir uşaq üçün minumum əmək haqqının 0,38 misli həddindən müəyyən olunmasını uşaqların hüquq və mənafelərinə uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Ali Məhkəməsi Plenum qərarının “8.4-1ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə tərəfindən hazırda müəyyən edilən alimentin miqdarı 2025-ci il ölkə üzrə müəyyən edilən minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. 2025-ci ildə minumum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, məhkəmənin hazırda hər bir uşaq üçün müəyyən etdiyi minumum əmək haqqının 0,38 misli 152 manat təşkil edir. (400:0,38%=152 manat). Qeyd edilənlərə əsasən, uşaqlar yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qazancının yüksək olmasını iddia edərək hər uşağa görə 246 manat məbləğində aliment tələb etsə də, hazırda cavabdehin müvafiq olaraq qazancının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə mötəbər sübutlar olmadığınan alimentin miqdarının iddiaçının qeyd etdiyi məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilən plenum qərarının 8.11-1-ci maddəsinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulmasına iddiaçının alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etdiyi 28 oktyabr 2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 28 oktyabr 2025-ci il tarixdən başlayaraq Masallı Rayon Məhkəməsinin 8(050)- 381/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə 13 dekabr 2020-ci il təvəllüdlü X7 və 29 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3741/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3741/2025
04.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver