Məhkəmə qərarları › İş №2(050)-3743/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3743/2023

26.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3743/2023 26.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (üçüncü şəxs - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) evin qeydiyyatı ilə bağlı müayinə-ölçü işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu, Birinci Yeddioymaq kəndində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B, Kod 80510018 saylı şəhadətnaməyə əsasən mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı müayinəölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri X17 ilə X11 nikahlarından onlarla yanaşı Vurğun adlı qardaşları doğulmuşdur. X24 01 mart 2011-ci il tarixdə, ataları Cahangir Əliyev isə 24 may 2021-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfat edənədək Masallı rayonu, Yeddioymaq kəndində yaşamaqla həmin kənddə yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B, Kod 80510018 saylı şəhadətnaməyə əsasən mülkiyyətlərində olan 0.09 ha həyətyanı torpaq sahəsinin 2/5-i, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat, **********57 reyestr nömrəli, seriya RX № ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0.77 ha payıbəlli torpaq sahəsinin 2/5-i onlara məxsus olmuşdur. Qardaşları Vurğun vəfat etsə də, onun arvadı Cavabdeh iki azyaşlı uşağı ilə valideynldərindən qalan evdə yaşayırlar. Valideynlərinin ölümü ilə bağı onlardan miras qalmış evə mərhum atalarının mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı müraciətləri əsasında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları evdə müayinə və ölçü işlərini aparmaq istəyərkən cavabdeh onlara maneçilik törətmiş, bu səbəbdən də onlar işlərini tamamlaya bilməmiş və nəticədə qeyd olunan evə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. Cavabdehə dəfələrlə bildirsələr də, nəticəsi olmamışdır. Qanunvericiliyin tələbinə əsasən mərhum atalarından miras qalmış ev mülkiyyətdə olan torpaqda yerləşməklə həmin evə dair hüquqların qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrində aparılmalıdır. Bundan ötrü isə evdə müayinə-ölçü işlərinin aparılması zəruridir. Lakin cavabdeh qeydiyyatın aparılmasından ötrü müayinə-ölçü işlərinin aparılmasına maneçilik törədir. Nəticədə miras evə dair qeydiyyat aparılmadığından həmin mirasda olan paylarının sənədləşdirilməsi mümkün olmur və bununla bağlı hüquqları pozulmuş olur. Halbuki, evin yerləşdiyi torpağın mülkiyyətçiləridirlər. Cavabdeh iddiaya yazılı etiraz ilə müraciət edərək, göstərmişdir ki, Əliyev X9 regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək, ona catası miras paydan imtina etmişdir. Ona görə də onun miras əmlakdan pay tələb etmək hüququ yoxdur. İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olarq bildirdi ki, miras əmlakdan imtina etməmiş, sadəcə Abşeron rayon 1 saylı notariat ofisində ərizə verərək "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa etdiyi bina 5, mərtəbə 2, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m olan 8 nömrəli mənzildəki pay hüququnun "xxxx" MMC-yə geri qaytarılmasına və digər şəxsin adına sənədləşməsinə, adına sənədləşdirilməsinə, rəsmiləşdirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bunun isə atalarından miras qalmış əmlaka heç bir aidiyəti yoxdur. Sonda İddiaçı1 iddianın təmin edilməsini xahiş etdi. Digər iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, bildirdi ki, mübahisəli fərdi yaşayış evi X12 məxsusdur. Mübahisəli ev “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 285B, Kod 80510018 saylı şəhadətnamədə göstərilmiş 0.09 ha həyətyanı torpaq sahəsində yerləşir. X17 mərhum kürəkəni X3 atası olmuşdur. Hesab edir ki, mübahisəli ev mərhum kürəkəni X3 uşaqlarının və qızı Çinarənin olmalıdır. Fərdi yaşayış evinə aid kommunal xidmətlər də qızı Çinarənin adına rəsmiləşdirilmişdir. İddiaçıların evə ehtiyacları yoxdur. Ataları onlar üçün ev tikmişdir. X1 fikri mübahisəli evi mərhum kürəkəni Vurğuna vermək olmuşdur. Lakin buna vaxt çatdıra bilməmiş, vəfat etmişdir. Əliyev X10 rayon 1 saylı notariat ofisində ərizə verərək, mirasdan imtina etmişdir. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, yaşayış yeri yoxdur. Mərhum qaynatası X17 deyərdi ki, ev Vurğunundur. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasınını vaxtı və yeri barədə üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B, Kod 80510018 saylı şəhadətnamədən göürünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarına əsasən X18, X14, X15, İddiaçı1 və X4 mülkiyyətinə Masallı rayonu, İ Yeddioymaq kəndində 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Nikah haqqında arayışdan görünür ki, X17 ilə X14 arasında Masallı rayon Yeddioymaq kənd ərazi nümayəndəliyində 04 noyabr 1977-ci ildə, 31 saylı nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, xx xxxx 1980-ci il təvəllüdlü İddiaçı2, xx xxxxx 1982-ci il təvəllüdlü İddiaçı1 və 24 noyabr 1985-ci il təvəllüdlü X3 atası X17, anası X7r. Ölüm haqqında arayışlardan görünür ki, X20 01 mart 2011-ci ildə X17 24 may 2021ci ildə, ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 02 yanvar 2021-ci ildə ölmüşdür. Masallı RİHB-nın Masallı rayon Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 iyul 2023-cü il tarixli, 726 nömrəli arayışında göstərilir ki, 24 may 2021-ci ildə vəfat etmiş X12 aid 200 saylı təsərrüfatda (təsərrüfatbaşına kitab № 03, səhifə 40) Masallı rayonu, Birinci Yeddioymaq kəndinin ərazisində 0.09 ha hətyanı torpaq sahəsi, ümumi sahəsi 120 kv.m olan yaşayış binası, sanitar qovşağı və touq damı olmuşdur. Masallı RİHB-nın Masallı rayon Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 sentyabr 2023-cü il tarixli, 1001 nömrəli arayışında göstərilir ki, İddiaçı1 atası X17 24 may 2021-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu, Birinci Yeddioymaq kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda Masallı rayonu, Birinci Yeddioymaq kəndində yaşayan ailə üzvləri X13 (vəfat edibxx.xx.2021), X19, X16 qalmışdır. X1 övladlarından İddiaçı1 və İddiaçı2 qeydiyyatdan çıxıb getmişlər. Mərhumun başqa vərəsləri yoxdur. Masallı RİHB-nın Masallı rayon Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 noyabr 2023-cü il tarixli arayışda göstərilir ki, X6 təsərrüfatında ölənə qədər mərhum oğlu X2 başqa heç kim qeydiyyatda olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 13 sentyabr 2023-cü il tarixli məktubda göstərilir ki, 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxış aktı tərtib olunan zaman məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evi üzərində kəskin mübahisə mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən çatışmazlıqlara görə fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilmişdir. Abşeron rayon 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş İddiaçı1 Cahandir oğlunun ərizəsində göstərilir ki, AAAF-İnşaat” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa etdiyi bina 5, mərtəbə 2, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m olan 8 nömrəli mənzildəki pay hüququnun "xxxx" MMC-yə geri qaytarılmasına və digər şəxsin adına sənədləşməsinə, adına sənədləşdirilməsinə, rəsmiləşdirilməsinə heç bir etirazım yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı hər hansı maddi iradı və tələbinin olmayacağını bildirərək, onu payçılıqdan azad edilməsini xahiş etmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X31 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, “ASAN xidmət” mərkəzində notariat ofisinin informasiya sistemində baxış keçirildiyi zaman İddiaçı1 Cahandir oğlunun adına mirasdan imtina ərizəsi aşkar edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(106)-478/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzaldılması tələbinə dair iddiasının təmin edilməsi, mərhum X8 və mərhum X5 miras qalmış Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətlərində olan 0.09 ha pay torpağının 2/5-dən, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0.77 ha torpaq sahəsinin 2/5-dən ibarət mirasın qəbul edilməsi üçün müddət üzürlü hesab olunaraq uzadılması qət edilmişdir. Həmin qatnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3399/2023 qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarına əsasən X18, X14, X15, İddiaçı1 və X4 mülkiyyətinə Masallı rayonu, İ Yeddioymaq kəndində 0.09 hektar həyətyanı torpaq sahəsi verilmiş, bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B, Kod 80510018 saylı şəhadətnamə tərtib edilmişdir. Torpaq sahəsi ümumi mülkiyyətdədir. İddiaçıların anası X20 01 mart 2011-ci ildə, qardaşı X13 02 yanvar 2021-ci ildə, atası X17 24 may 2021-ci ildə ölmüşdür. İddiaçı ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış verilməsi üçün müvafiq dövlət orqanına müraciət etmişdir. Bununla bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinin mütəxəssisləri tərəfindən müayinə aparılması üçün mübahisəli ərazidə olmuşlar, cavabdehin hərəkətləri nəticəsinə müayinə aparmaq mümükün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (maddə 159.1, 159.1.1). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (maddə 1256). Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B, Kod 80510018 saylı şəhadətnamədə göstərilən 0.09 ha torpaq sahəsinə münasibətdə mülkiyyətçilərdəndir, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(106)-478/2023 saylı qətnaməsi ilə İddiaçı1 mərhum X8 və mərhum X5 miras qalmış Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətlərində olan 0.09 ha pay torpağının 2/5-dən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0.77 ha torpaq sahəsinin 2/5-dən ibarət mirasın qəbul edilməsi üçün müddət üzürlü hesab olunaraq uzadılmışdır. İddiaçıların mülkiyyətlərində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə münasibətdə vərəsə kimi gözlənilən mülkiyyət hüquqları var. Abşeron rayon 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş İddiaçı1 Cahandir oğlunun ərizəsi mirasın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Mübahisəli fərdi yaşayış evinə aid kommunal xidmətin göstərilməsi ilə bağlı sənədin cavabdehin adına sənədləşdirilməsi, cavabdehin tərəfin fərdi yaşayış evində X2 başqa heç kimin qeydiyyatda olmaması barədə təqdim etdiyi arayış vərəsəlik hüquq münasibətlərinə təsir edən məsələlər deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Masallı rayonu, Birinci Yeddioymaq kəndində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B, Kod 80510018 saylı şəhadətnaməyə əsasən mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı müayinə-ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən olan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı rayonu, Birinci Yeddioymaq kəndində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B, Kod 80510018 saylı şəhadətnaməyə əsasən mülkiyyətdə olan 0.09 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı müayinə-ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən olan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar