Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3792/2024 27.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: O, Cavabdeh ilə Bakı şəhərində «Çay evi» adlanan iaşə müəssisəsində birlikdə işləyərkən tanış olmuşdur. Hər ikisi Sabirabadlı olduğundan yaxşı münasibətləri yaranmışdır. Cavabdeh ona qarşı olan yaxşı münasibətindən istifadə edərək, ondan borc pul istəməyə başlamış, o da imkan daxilində Cavabdeh hissə-hissə borc verməyə başlamışdır. Beləliklə 2023-cü ilin aprel ayından 2023-cü ilin dekabr ayına qədər Cavabdeh hissə-hissə, yəni 500 manat, 300 manat, 200 manat, 300 manat, 65 manat, 35 manat, 150 manat, 40 manat, 10 manat, 400 manat, 300 manat, 200 manat, 300 manat, 100 manat və 100 manat, cəmi olaraq 3000 manat borc pul vermişdir. Cavabdeh ondan borc aldığı 3000 manat pulu cəm şəkildə 2023-cü ilin dekabr ayında qaytarmalı idi. Lakin o, 2023-cü ilin dekabr ayında işdən çıxmış və pulu qaytarmamışdır. Cavabdeh hazırda ona 3000 manat borcu qalmışdır. Onunla dəfələrlə üzbəüz, telefonla danışaraq pulunu geri istəmişdir. Borclu olmağı barədə ifadələrini telefonda qeydə almışdır. İddiaçının tələbi: Cavabdeh 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 50 manat alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh onun iş yoldaşı olmuşdur. Cavabdeh ondan atasının müalicə xərcləri ilə bağlı ayrı-ayrı vaxtlarda fərqli məbləğlərdə olmaqla ümumilikdə 3000 manat borc almışdır. Aldığı pulları geri qaytarmamışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: CD diskdə olan səs yazmalardan müəyyən edilir ki, Cavabdeh İddiaçı borcu olmasını etiraf etmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, işin hallarından və iş materiallarından görünür ki, İddiaçı ilə cavabdeh X2 arasında faktiki olaraq borc münasibətləri yaranmışdır. Müqavilə üzrə ayrıayrı vaxtlarda hissə-hissə, yəni 500 manat, 300 manat, 200 manat, 300 manat, 65 manat, 35 manat, 150 manat, 40 manat, 10 manat, 400 manat, 300 manat, 200 manat, 300 manat, 100 manat və 100 manat, cəmi olaraq 3000 manat borc pul vermişdir. Bu hal iş materiallarına əlavə edilmiş səs yazılarla da sübuta yetirilir. Səs yazılarda X1 Gülnarə Adil qızına borclu olduğunu etiraf etməklə yanaşı borcunu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, borc məbləği 3000 manatdan yuxarı olmadığından müqavilənin yazılı bağlanmaması mülki qanunvericiliyin tələblərinə zidd deyil və müqavilənin etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada şifahi borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı cavabdehə borca pul vermiş, cavabdeh borcu qaytarmamaqla müqavilə öhdəliklərini pozmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı 3000 (üç min) manat alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumuna görə ödənilmiş 50 (əlli) manat alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3792/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3792/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver