Məhkəmə qərarları › İş №2(050)-3811/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3811/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3811/2025 18.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 20987 manat məbləğində pulun, 152.96 manat ödədiyi dövlət rüsumunun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Cavabdehi əvvəldən tanıyırdı, münasibətləri normal olmuşdur. 2025-ci ilin avqust ayında cavabdeh ona zəng vuraraq ondan 5000 manat borc pul istəmişdir. Biznesnən məşğul olduğunu, qazancdan ona da pul verəcəyini bildirdi. Ona 5000 manatının olmadığını, 2700 manat pulunun olduğu və 1 aylıq borca verə biləcəyini bildirmişdir. Onunla razılaşıb 2700 manat pulu götürdü. Borcunu qaytarmamış xx.xx.2025ci il tarixdə ondan yenidən 20000 manat borca pul istədi, qazancdan artıqlaması ilə qaytaracağına söz verdi. Həmçinin 2025-ci ilin oktyabr ayının 25-nə kimi ona olan bütün borclarını qazancla birlikdə qaytaracağına söz verdi. Ona pulunun olmadığını, qazancın normal olacağı halda Kapital bankın Masallı filialından kredit götürə biləcəyini bildirdi. Onunla razılaşdı və o da bankdan 12300 manat kredit götürərək cavabdehə vermişdir. Banka aylıq ödənişi 692.80 manat, fazilə birlikdə ümumi borcu isə 16627 manat təşkil edir. Cavabdeh etiraz etmədiyni 16627 manat və 2700 manatı tam şəkildə qaytaracağına öhdəlik götürdü. Həmçinin aralarında olan borc münasibətinin cavabdehin valideyinlərinin və qardaşının bilməməsini xahiş etdi. 2025-ci ilin oktyabr ayının əvvəllərində cavabdeh ondan yenidən pul istədi, qızıllarını Masallı rayonunda yerləşən Grand Kredit təşkilatında girov qoyaraq 1660 manat pul götürüb cavabdehə vermişdir. Cavabdehə ümumilikdə 2700+12300+1660=16660 manat borca pul vermişdir. Həmçinin 12300 manat götürdüyü kreditin faizi olan 4327 manat puluda cavabdeh öz üzərinə götürmüşdür. Cavabdehin ümumilikdə borcu 20987 manat təşkil edir. Dəfələrlə borcunu istəsədə heç bir nəticəsi olmamışdır. Borclu olması barədə ailəsinə deyəcəyini ona bildirmişdir. İstifadə etdiyi avtomobili həyətinə gətirib pulun əvəzində girov qoydu. Avtomobilin yanında qalaraq ona olan borcundan 15300 manatını tam şəkildə etiraf etmişdir. Ona görə 15300 manatını etiraf etdi ki, həmin görüntüləri valideyinlərinə birdən təqdim edərəm. Səhəri gün gələrək avtomobilinə müştəri çıxdığını, təcili dəyərindən aşağı qiymətə sataraq ona olan borcunu tam şəkildə ödəyəcəyinə söz verdi. Avtomobili götürdükdən sonra yenə onu aldadaraq pulunu qaytarmadı. Sonradan atası zəng vuraraq hədə qorxular gəldi. Votçap yazışmalarında isə ona olan 21000 manat borcunu təsdiqləmişdir. Onun barəsində Masallı Rayon Polis şöbəsinə şikayət etmiş, qeyri-obyektiv araşdırma nəticəsində cinayət işinin başlanılması rədd edilmişdir. Dəfələrlə cavabdehdən ona borclu olduğu 20987 manat pulunu tələb etsə də nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, ona olan borc tam şəkildə ödənilsin. Maşını olmuş və taksi fəaliyyəti ilə məşğul olurmuş. Borca görə maşınınıda satmışdır. 16660 manat pulun və bankın faizini cavabdehdən tələb edir. Məhkəmə iclaısnda iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək bildirdi ki, köməklik istəyir. Oğlu borca görə maşınında satmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirdi ki, işin yenidən araşdırılmasını xahiş edir. 2-3 ildir ki, bunların ədavəti varimiş. Borca görə atasının maşını və evdəki qızıllar satılmışdır. Video çəkiləndə Əmrah deməyib ki, “heç bir etirazım yoxdur və təzyiq altında video çəkmirəm”. Həmçinin videoda pulun verilməsi görünmür. Yenidən araşdırılsın, hətta qardaşının əməlində belə cinayət tərkibi olarsa, cinayət məsuliyyətinə cəlb edilsin. Videonun araşdırılmasını xahiş edir. 15 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçının dediyi heç bir sözlə razılaşmır. Onun heç kimə borcu yoxdur. İddiaçı onun həmkəndlisidir. Ondan faizə pul götürüb, 10-15 günə qaytarırmış. Videoçəkiliş hədə-qorxu ilə çəkilib. Hazırda ona borcu yoxdur. 2000 manat, 3000 manat, 4000 manat almış və artıqlaması ilə qaytarmışdır. Üst-üstə faizsiz 6000-7000 manat almışdır. Heç bir yerdə işləmir. Ona niyə pul verirdi? Maşın dostunun olub. Qabağını iddiaçı kəsib ki, maşını apardı həyətinə ki, pulunu versin. 07 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. İddia ilə razılaşmır. Bankdan pul götürüb ona verməsi ilə razılaşmır. İddiaçıdan faizə pul götürmüş və artıqlaması ilə qaytarmışdır. Polisdə də qeyd etmişdir ki, pulu qaytamışdır. Aralarında rəsmi müqavilə yoxdur. Maşın lizinq maşını olub. Hədə-qorxu ilə maşını aparıb həyətinə. Video göndərilsin ekspertizaya, görək orda hədəqorxu olub ya yox. 04 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Onların dediyi ona aid deyil. Bir adam niyə ona pul versin ki. Heç yerdə imzası yoxdur. Bir adam niyə lombarda qızıl qoyub ona pul versinki. Şər böhtandır. İddiaçı ona sələmə pul vermişdir, qaytarmışdır. İddiaçıya borcu yoxdur. O, ilk dəfə 1000 manat alıb, 1300 manat qaytarmışdır. Aldığını artıqlaması ilə qaytarmışdır. 2000 manat almış, bir ay sonra 2400 manat qaytarmışdır. 1000 manat alıb, 1500 manat qaytarmışdır. 3000 manat alıb, qaytamışdır. Pul almağını etiraf edir. Pulun qaytarılması ilə bağlı sübutu yoxdur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Masallı Rayon PŞ-nin TB-nin 27 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, Masallı rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayr. Masallı rayonu İsi kənd sakini İddiaçı əvvəllər tanımış onun İddiaçı ilə aralarında ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü il tarixdə ayını xatırlamadığı vaxtda Bakı şəhərinə getmək üçün taksi kimi fəaliyyət göstərən İddiaçı ilə telefon əlaqəsi saxlayaraq Bakı şəhərinə getmək istədiyini Amilə bildirmişdir. Həmin vaxt o, Masallı rayonu ərazisində yarləşən Kapital Bankdan kartından pul çıxarmaq istəməsini İddiaçı bildirmişdir. Həmin vaxt o, Kapital Bankın yaxınlığında İddiaçı avtomobilindən düşərək, bankamata yaxınlaşıb kartı bankamata taxaraq bankamatdan pul çıxarmaq istədikdə özünə məxsus olan bank kartında pulun olmadığını aşkar etmişdir. Həmin vaxt o, İddiaçı məxsus olan avtomobilə əyləşərək, onun kartına pulun hələ köçmədiyini İddiaçı bildirmişdir. Həmin vaxt İddiaçı ona 1000 manat pul təklif edərək, 1000 manata 300 manat əlavə faizini verəcəyini ona bildirmişdir. Həmin vaxt o, İddiaçı ilə aralarında razılaşaraq 1000 manat pulu Amildən faizə götürmüşdür. 15 gün sonra o, Amildən faizə götürdüyü 1000 manat pulu və 300 manat faizi ümumilikdə 1300 manat pulu X5 rayonu ərazisində vermişdir. Həmin vaxt 3 gün sonra İddiaçı 4000 manat pulu faizə götürərək, 10 gündən sonra əlavə olaraq 400 manat üzərində faiz pulu ilə birlikdə 4400 manat qaytarcağına söz verərək, pulu İddiaçı almışdır. Təxminən 10 gün sonra o, Amilin ona faizə verdiyi 4400 manat pulu X5 rayonu Qəriblər kəndi ərazisində qaytarmışdır. 2024cü il tarixdə aylarını xatırlamadığı vaxtda İddiaçı ona 5000 manat pul lazım olmasını ona bildirir. Həmin vaxt İddiaçı ona 15 günlük verdiyi 5000 manat pulun üzərində əlavə olaraq faiz pulu 1000 manat pul verəcəyini ona bildirmişdir. Həmin vaxt o, İddiaçı ilə aralarında razılşmış və İddiaçı pulu qəbul etmişdir. 15 gün sonra İddiaçı faizə götürdüyü 5000 pulun faizini yəni 1000 manatını İddiaçı qaytarmışdır. Təxminən 4 gün sonra o, İddiaçı əlavə olaraq 3000 matat pulu alaraq 600 manat 15 günlük 3600 manat qaytarmaq şərti ilə İddiaçı pul almış və İddiaçı 8000 manat pul borcu olmuşdur. Ümumi 8000 manat pulun faizi hər 15 gündən bir 1600 manat İddiaçı vermiş, əsas borc 8000 manat yerində qalmaq şərtilə. 2024-cü il tarixdə qış aylarında yağışlı havada o, Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində İddiaçı 3600 manat pulu vermişdir. Onun İddiaçı 5000 borcu qalmışdır. 2025-ci il tarixdə mart ayında əlavə olaraq İddiaçı 4000 manat pulu 1 günlük faizə götürərək, 2 gün sonra 1200 manat pul faiz borcunu verərək, 4000 üstə gəl 5000 ümumilikdə İddiaçı 9000 ümumilkdə borcu qalmışdır. Hər 15 gündən bir 5000 manat pulun faizi olaraq 1000 manat faiz pulunu İddiaçı vermişdir. 4000 manat pulun faizi 800 manat olduğundan 700 manata İddiaçı ilə razılaşaraq 700 manatdan hər ay İddiaçı ödəniş etmişdir. O, verdiyi pulların hər hansı bir kağız və yaxud sənəd üzərində qeydiyyatını aparmamışdır. Onun hal-hazırda İddiaçı əsas borcu ümumilkdə 9000 manat olduğundan 4000 manat pulu 2025-ci il tarixdə qış aylarında verərək, 5000 manat borcu qalmışdır. Sonra yenidən əlavə olaraq təxminən 5 gün sonra əlavə olaraq 3000 manat pul götürərək hər ay 600 manat ödəniş etmişdir. Hal-halzırda onun İddiaçı 8000 manat pul borcu əsas borc qalmışdır. İddiaçı ona faizə verdiyi pulları qaytara bilmədiyi üçün İddiaçı dostuna məxsus olan lizinq avtomobili BMW markalı **-VB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili o, idarə etdiyi vaxt İddiaçı pulu verə bilmədiyi üçün onun idarə etdiyi avtomobilini Masallı rayonu Qəriblər kəndi ərazisində Oba marketin qarşısında idarə etdiyi avtomobilə əyləşərək, faiz pulu verə bilmədiyi üçün avtomobilə əyləşərək avtomobilini yaşadığı evinin həyətinə sürdürüb avtomobilini girov götürərək pulu 2 günə qaytardıqdan sonra verəcəyini ona bildirmişdir. Həmin vaxt İddiaçı telefon vasitəsi ilə onun çıxışlarını telefona çəkərək, onun özünü təqdim edərək, faizlə birlikdə 15300 manat pul borcunun olmasını onu öyrədərək, ondan məcbur olaraq video çəklişdə çıxış etmişdir. Həmin vaxt o, avtomobili İddiaçı yaşadığı evin həyətində saxlayaraq gedib 2300 manat pul gətirib İddiaçı verərək, həmin vaxt onun idarə etdiyi avtomobili İddiaçı məxsus olan yaşadığı evin həyətindən götürüb getmişdir. Hal hazırda onun İddiaçı heç bir məbləğdə borcu qalmayıbdır. Onu videoya çəkərək, məcbur çıxış etdirmişdir. Onun hal hazırda İddiaçı borcu qalmamışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cd diskdə olan “Whattsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərilmiş mesajlardan görünür ki, Cavabdeh iddiaçıdan dəfələrlə ona borc verməsini xahiş etmişdir. Həmçinin iddiaçının sualına: “Sən demisən Amilə borcum var 21000 manat?” Cavabdeh cavab vermişdir. Cd diskdə olan videogörüntüdən görünür ki, Cavabdeh İddiaçı 15300 manat borcunun olmasını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda iş qurmaq niyyəti ilə pul vermişdir. Cavabdeh isə pul məbləğlərinin ayrı-ayrı vaxtda qəbul etməsinə etiraz etmir və aldığı pulun qaytarıldığını bildirir. Hazırda iddiaçı cavabdehə verdiyi 2700 manat, 12300 manat və 1660 manat pulu, həmçinin cavabdehə pul verməsi üçün bankdan götürdüyü 12300 manat kreditin faizi olan 4327 manat tələb edir. Cavabdeh polis şöbəsində izahatında iddiaçıdan ayrı-ayrı vaxtlarda 1000 manat, 4000 manat, 5000 manat, 3000 manat, 4000 manat və 3000 manat, ümumillikdə 20000 manat pul almasını etiraf etmişdir. Lakin işin faktiki hallarına əsasən cavabdehin iddiaçıya 16660 manat ödənilməli pul öhdəliyinin olması müəyyən olunmuşdur və məhkəmə həmin hissədə iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yekun olaraq 16660 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsi və cavabdeh tərəfindən həmin pul məbləğinin alması müəyyən və sübut olunmuş, hazırki vəziyyətdə mübahisə verilmiş pulun məbləği ilə bağlı olmuşdur. Belə ki, cavabdehin Whattsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərilmiş mesajlarda 21000 manat və Masallı Rayon Polis şöbəsində 20000 manat pul alınmasını etiraf etməsini, həmçinin videogörüntüdə 15300 manat borcunun olmasını bildirməsini, həmin görüntünün təzyiq altında etməsini bildirməsinə qiymət verərək hesab edir ki, iddiaçının tələbi 16660 manat hissədə əsaslı hesab edilir. Hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun tam şəkildə geri qaytarılmış olmasını sübut etmək vəzifəsini cavabdeh daşıyır. Lakin cavabdeh iddiaçıdan aldığı pulun qaytarıldığını bildirsədə, qaytarılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia 16660 manat hissəsində təmin edilməlidir. İddiaçının cavabdehə pul verməsi üçün bankdan götürdüyü kreditin faizinə görə 4327 manat tələb hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, belə bir razılaşmanın yəni 4327 manat bank faizinin cavabdeh tərəfindən ödənilməsi barədə razılaşma olması sübuta yetmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 152.96 manat məbləğində dövlət rüsumunun, 139.98 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16660 manat və 139.98 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar