Məhkəmə qərarları › İş №2(050)-3858/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3858/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3858/2025 22.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alğı-satqı nəticəsində vurmuş olduğu ziyana görə 650 manat və dövlət rüsumuna görə 30 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2025-ci ilin iyul ayında Cəlilabad rayonunda yerləşən maşın bazarında Cavabdeh “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili 2000 manata almışdır və ona etibarnamə verilmişdir. Daha sonra həmin avtomobili ustaya aparmış və bu zaman aydın oİmuşdur ki, avtomobilin mühərrikinin nömrəsi dəyişdirilmişdir. Həmçinin, avtomobilin 500 manat cəriməsi olmuş və əlavə avtomobilə 150 manat xərc çəkmişdir. Daha sonra cavabdehə və atası Sənana zəng edərək avtomobili qaytarmaq istədiyini bildirmişdir. Onlar da, avtomobili gəlib aparmışlar və ona 1500 manat pul vermişlər, qalan 650 manatı, yəni 500 manat avtomobilin pulundan və 150 manat çəkiİmiş xərci də, ödəyəcəklərini biİdirmişİər. Cavabdeh hazırda alqı-satqı nəticəsində ona 650 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh qüsurlu avtomobil satdığı üçün onu qaytarmış və alarkən qüsur ona məlum oİmamışdır, 150 manat ehtiyyat hissələrinə pul xərcləmiş, 500 manat da, aİqı-satqı pulundan ona qaytarılmamış qalmışdır. Lakin cavabdeh dəymiş ziyanı ödəmək istəmir. Cavabdeh ondan maşını atası Sənan Əbülhəsənovla birgə almışdır və bütün proseslərdə atası Sənan da, iştirak etmişdir. Avtomobilin ona satılmasını təsdiq edən etibarnamə mövcuddur. Avtomobil ona satılmazdan əvvəl qüsurlu olmuşdur və buna görə cavabdeh məsuliyyət daşıyır. Bununla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılmış və 11 oktyabr 2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.

İddiaya qarşı etiraz:

3. İddia tələbinə qarşı cavabdehin etirazı daxil olmamışdır.

Tərəflərin izahatları:

4. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehdən avtomobili 2000 manata almağı ilə bağlı sənəd yoxdur. Cavabdeh 2 ay 28 gün müddətinə etibarnaməni vermişdir ki, o, gedib maşını adına keçirtsin. Sonradan maşını cavabdehə qaytardığı üçün cavabdeh 2000 manat puldan ona 1500 manat qaytarmışdır, qalan 500 manat pulu və çəkilmiş 150 manat xərci isə verəcəyinə söz vermişdir. Lakin hal-hazıradək cavabdeh həmin pulu qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Elektron qaydada verilmiş etibarnamədən görünür ki, Cavabdeh X1 mülkiyyətində olan “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı səlahiyyətləri – sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, qeydiyyatdan çıxarmaq, sərəncam vermək və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə iki ay müddətinə verilmiş və 17 oktyabr 2025-ci ilədək qüvvəvə olmuşdur.

9. Cəlilabad rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Akif Abasovun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı müraciət mülki xarakterlidir, toplanmış materialda cinayət hadisəsi yoxdur. Ona görə də, cinayət işinin başlanması rədd edilmiş və ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

10. 05 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

11. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 500 manat pulu və çəkdiyi 150 manat ziyanı tələb edir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

16. Yuxarıda göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

17. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. İddiaçı Cavabdeh “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili 2000 manata aldığını və 150 manat əlavə xərc çəkdiyini, daha sonra avtomobili qaytardığını, cavabdehin həmin puldan ona 1500 manat verdiyini, qalan 500 manat avtomobilin pulundan və 150 manat çəkiİmiş xərci qaytarmadığını bildirsə də, bunu təsdiq edən hər hansı halı sübuta yetirməmiş, burada sübutetmə yükü üzərlərinə düşməsinə baxmayaraq, bununla bağlı hər hansı sübutu təqdim etməmişdir.

19. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır.

20. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

Məhkəmə baxışının hədləri:

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

22. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.

24. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar