Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3909/2023 14.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3550 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək, bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs cavabdehə onun avtomobili ilə Cəlilabad rayonundan Rusiya Federasiyasına yük aparılması üçün 1000 ABŞ dolları, 35000 rus rubulu vermişdir. Həmçinin, avtomobilə 1080 manat məbləğində yanacaq doldurulmuşdur. Lakin cavabdeh razılaşmanı yerinə yetirməmişdir. Pulu aldıqdan bir neçə gün sonra avtomobil Bakı şəhərində olan dayanacaqların birində yanacaqsız tapılmışdır. Vəkil aidiyyət məsələsi ilə bağlı bildirdi ki, hesab edir ki, işə Masallı Rayon Məhkəməsində baxılmalıdır. Cavabdeh bildirdi ki, o, Sadiq ilə ona məxsus avtomobil ilə Cəlilabad rayonundan Rusiya Federasiyasına yük aparılması ilə bağlı razılaşmışlar. Sadiqin dediyi kimi, o, Bakı şəhərində avtomobili Masallı rayonuna gətirmiş və Masallı rayonunun ərazisində olan yanacaqdoldurma məntəqəsində nisyə 1080 manat məbləğində yanacaq doldurmuşdur. Sonradan Cəlilabad rayonuna yükü götürməyə getmişdir. Yükü 2 gün gözləmiş və Sadiq ona zəng etmişdir ki, Cəlilabadda yük yoxdur, gəlsin Bakı şəhərinə oradan Rusiya Federasiyasına pomidor aparmaq lazımdır. Sadiqin dediyi kimi avtomobili Bakı şəhərinə aparmış və orada dayanacaqların birinə qoymuşdur. Həmin vaxt ona evdən zəng etmişlər ki, onu polislər axtarır. Polis şöbəsinə getmiş orada ona bildirmişlər ki, Masallı Rayon İcra və Probasiya şöbəsində olan icra işi ilə bağlı axtarışdadır. Onu Masallı rayonuna gətirmişlər və icra tədbirlərindən sonra buraxmışlar. Bu zaman Sadiq ona zəng edib təhqir etmiş və ona belə sürücü lazım olmadığını bildirmişdir. Yükün aparılması ilə bağlı Sadiq ona 1000 ABŞ dolları və 35000 rus rubulu vermiş, həmçinin o, Bakı şəhərində dayanacaqda avtomaşını qoyarkən onun çəni dolu olmuş, həmin hissədə iddianı qəbul etmir. Yük aparıldıqdan sonra Sadiq ona zəhmət haqqı kimi 600 ABŞ dolları verməli idi. O, Sadiqin işçisi olmamışdır. Cavabdeh işə mahiyyəti üzrə Masallı Rayon Məhkəməsində baxılmasını xahiş etdi. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı fiziki şəxs kimi ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi xx.xx.2008-cı il tarixdə qeydiyyata alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh fiziki şəxs kimi ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62ci maddəsinə görə məhkəmə aidiyyətin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır, iddiaçının sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırması onun statusunu dəyişmir. Göstərilən səbəblərdən mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 263, 264, 267-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-3909/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3909/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver