Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-393/2024 23.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-477/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmuş və nikahlarını xx.xx.2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-477/2017 qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar onun yanında saxlanılmış və uşaqların saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh işləyir və onun qazancının 1/3 hissəsi cəmi bir uşaq üçün 80 manat, cəmi 160 manat təşkil edir. Həmin məbləğdə aliment uşaqların saxlanılması üçün çox az məbləğdir. Belə vəziyyətdə həmin alimentlə uşaqların saxlanılması mümkün deyildir. Hazırda uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Bu səbəbdən də uşaqların saxlanılması üçün aliment miqdarının artırılaraq bir uşaq üçün 220 manat, cəmi 440 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh iddiaya qarşı yazılı etirazda göstərmişdir ki, o, müəllim işləməklə 381 manat əmək haqqı alır. İddiaçı özü də müəllim işləyir, onun əmək haqqısı isə 722 manat təşkil edir. Hesab edir ki, iddia əsassızdır. Belə ki, onun maddi gəlirlərində dəyişiklik olmuş, əvvəl 600 manat əmək haqqı alsa da, hazırda 381 manat əmək haqqı alır. Bu da onu göstərir ki, onun maddi vəziyyətində hər hansı bir artım olmamışdır. İddiaçı ondan iki dəfə artıq əmək haqqı alır. Onun əmək haqqından 160 manat alimet tutulur. Bundan başqa, onun ikinci evliliyindən də bir uşağı vardır. Hər bir uşaq üçün 100 manat, cəmi 200 manat alimet ödəyə bilər. 381 manat əmək haqqından 200 manat iki uşağa alimet verərsə, qalan 181 manatla da digər uşağının və ailəsinin xərclərini qarşılamalıdır. İddiaçının maddi imkanı yaxşıdır. Atası evində qalır, yaşamağa başqa yeri yoxdur. İddiaçının isə Bakı şəhərində mənzili və Masallı rayonu, Mollaoba kəndində fərdi yaşayış evi vardır. İddiaçı iki il ərzində iki dəfə hər birində 10000 manat olmaqla, 20000 manat xərcləyərək Həcc ziyarətində olmuşdur. Bu da onun maddi imkanının yaxşı olmasını göstərir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, sonuncu dəfə 2 uşağa görə 115 manat aliment ödənilmişdir. Əvvəlki aylarda 2 uşağa görə 150-160 manat aliment ödənilmişdir. Cavabdehin aliment borcu yoxdur. Uşaqlardan böyük qız 10-cu, kiçik qız isə 5-ci sinifdə oxuyur. Uşaqlarının hər ikisi dərsləri ilə bağlı əlavə hazırlıqlara gedir və bunun üçün də əlavə vəsait tələb olunur. İşləyir və əmək haqqısı 635 manatdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək, iddiaya qarşı etirazda göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, məktəbdə həftənin 1, 2 və 3-cü günləri dərs deyir. Həftədə 10 saat dərsi var. İşləməsinə mane olcaq hər hansı bir xəstəliyi yoxdur. Seçki ilə bağlı məntəqə üzvüdür və bununla bağlı müəyyən işlər görməli olur. Hər uşağa görə 100 manat, cəmi 200 manat aliment ödəyə bilər. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-477/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, uşaqlar xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanılmış və uşaqların saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Nikahın haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 nikahlarını 20 noyabr 2019-cu ildə Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 825 saylı qeydlə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvada) Novruzov (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 atası Cavabdeh, anası X2r. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ümumi təhsil məktəbində müəllim işləyir. Onun aylıq əmək haqqı 381.11 manatdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı ümumi təhsil məktəbində müəllim işləyir. Onun aylıq əmək haqqı 791.23 manatdır. Məhkəmə aliment tələbi ilə bağlı aşağıdakıları bildirir: Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (mad. 75.1, 75.2, 75.3, 75.4). Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: 1) könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); 2) məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Həmçinin, eyni qanunvericilikdə məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: 1) aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; 2) sabit pul məbləğində. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Başqa sözlə, məhkəmə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll edə bilməz. Yuxarıda qeyd edildiyi kimi Ailə Məcəlləsinə görə aliment 2 formada tutula bilər. Bundan əvvəlki məhkəmə qətnaməsi ilə qət edilmişdir ki, aliment qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulsun. Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunub ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. O cümlədən Mülki-Prosessual Məcəllənin 233.4-cü maddəsində qeyd olunub ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Göründüyü kimi, bu maddələr alimentin miqdarını dəyişmək səlahiyyəti verir. Həmin maddələrin tələbi baxımından alimentin tutulması formasının da dəyişdirilməsi mümkündür, çünki formanın dəyişdirilməsi nəticə etibarilə miqdarın dəyişməsinə səbəb olur. Alimentin tutulması formasının dəyişdirilməsi (qazancın müəyyən hissəsi əvəzinə sabit pul məbləğində tutulması) Ailə Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu halda mümkündür. Həmin maddədən görünür ki, bu əsasların sırasına “alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozması” da aiddir. Alimentin qazancın müəyyən hissəsi kimi tutulması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Qanunvericiliyə əsasən alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-477/2017 saylı qətnaməsinin qəbul edilməsindən uzun bir müddət keçir, həmin dövr üçün aliment məbləğinin qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında tutulması iddiaçının marağına uyğun olsada, hazırki, vəziyyətdə bu onun hüququnu pozur. Belə bir vəziyyətdə alimentin tutulma forması dəyişdirilməli, aliment sabit pul məbləği kimi tutulmalıdır. Cavabdeh hər uşağa görə 100 manat, cəmi 200 manat aliment ödəməyə razıdır. Cavabdehin başqa nikahdan uşağının olması, aylıq əmək haqqısının 381 manat olması, seçki ilə bağlı məntəqə üzvü olması və bununla bağlı müəyyən işlər görməli olması səbəbindən əlavə işdə işləyə bilməməsi barədə mövqeyinə münasibətdə məhkəmə bildirir ki, şəxsin başqa nikahdan övladının olması digər uşaqlara görə ödənilməli olan aliment məbləğinin artırılmamasının mütləq əsası ola bilməz. Cavabdehin izahatından görünür ki, onun 1, 2 və 3-cü günlər olmaqla həftəlik cəmi 10 saat dərsi olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinin 3-cü bəndinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bu göstərici cavabdehə münasibətdə ¼ edir. Cavabdehin bildirməsinə görə işləməsinə mane olacaq hər hansı bir xəstəliyi yoxdur, yetər ki, onun üçün övladlarının mənafeyi ön planda olsun. Cavabdeh seçki ilə bağlı məntəqə üzvü olması və bununla bağlı müəyyən işlər görməli olması səbəbindən əlavə işdə işləyə bilməməsi barədə mövqe nümayiş etdirsədə, birincisi bununla bağlı o, məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir, məhkəmə sübutlar əsasında işə baxır, ikincisi, hətta bu belə olmuş olsaydı belə bu hal aliment məbləğinə təsir edəcək hal deyil. Belə ki, ölkədə neçə ildən bir seçki keçirilir. Cavabadehin hər iki valideynin uşaqları saxlamağa borclu olması barədə mövqeyinə münasibətdə isə məhkəmə bildirir ki, bu təbii ki, belədir. Lakin nəzərə almaq lazımdır ki, uşaqların saxlanılması yalnız aliment pulundan ibarət deyil. Uşaqlar analarının yanındadır və onların saxlanılması ilə bağlı digər məsələlər onsuz da ananın üzərindədir və ata fakitiki olaraq onları yerinə yetirmir. Cavabdehin iddiaçının Bakı şəhərində mənzili və Masallı rayonu, Mollaoba kəndində fərdi yaşayış evinin olması, iki il ərzində iki dəfə hər birində 10000 manat olmaqla, 20000 manat xərcləyərək Həcc ziyarətində olması barədə mövqeyinə münasibətdə məhkəmə bildirir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindəki məlumatdan İddiaçı adına hər hansı bir əmlakın olması müəyyən edilməmişdir. Hətta, müəyyən edilmiş olsaydı belə bu hal alimentin məbləğinə birmənalı təsir edəcək hal olmazdı. Belə ki, həmin əmakın həqiqətən də iddiaçı tərəfindən alınıb-alınmaması və s. hallar qiymətləndirilmə tələb edərdi. Şəxsin Həcc ziyarətində olması da onun övladları üçün alimentin məbləğinə birmənalı təsir edəcək hal deyil. Nəzərə alınmalıdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)- 477/2017 saylı qətnaməsinin qəbulundan 6 ilə yaxın bir müddət keçmişdir. Həmin vaxt uşaqlardan yalnız biri məktəbli olmuş, hazırda hər ikisi məktəblidir. Onlardan böyük qız 10-cu, kiçik qız 5-ci sinifdə oxuyur. Təbii ki, uşaqlar böyüdükcə onlara görə hər bir mənada valideynlərin maddi ehtiyacları da artır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Lakin yaşayış minimumu Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərclərin mövcudluğunu, o cümlədən uşaqların saxılanılmasında cavabdeh ilə yanaşı iddiaçının da borclu olmasını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-477/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma forması dəyişdirilsin. Cavabdeh Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-477/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub uşaqlar yetkinlik yaşına çatanadək İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş 55 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-393/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-393/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver